Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-933/2022 20.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2-1(120)-933/2022 nömrəli qərardadı Cəlilabad rayon Mərkəzi Xəstəxanasının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci ildən Cəlilabad rayonu Mərkəzi Xəstəxanasının poliklinikasında bronxiyal astma infeksiyon allergik formada xəstəliyinə görə tibbi kartoçka açılmışdır. Həmin ildən ona 2-ci qrup əlillik verilmişdir. Dövlət və özəl sahədə fəaliyyət göstərən klinikalarda mütəmadi olaraq müalicə almış və hazırda da alır. Hesab edir ki, ona təyin olunan əlillik dərəcəsinin ləğvi və bu əsasla pensiya məbləğinin kəsilməsi qanunsuzdur. 2021-ci ilin dekabr ayından pensiya ödənişləri tam dayanmışdır. xx.xx.2021-ci il tarixdə cavabdehə məxsus internet saytına daxil olduqda müəyyən etmişdir ki, cavabı mənfi olmuşdur. Belə ki, həmin cavabda Əlillik və sağlamlıq mərkəzi “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur” kimi qeyd olunub. Eyni zamanda oda göstərilmişdir ki, köməkçi diaqnostiq müayinələr tam aparılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspertiza Komisiyyası tərəfindən verilmiş göndərişdə onun daimi olaraq müalicə alması öz əksini tapmışdır. XTB 10 koduda xəstəliyin j96 olmasıda göstərilmişdir. Hazıda onda olan xəstəliyin müalicə olunaraq sağalması mümkün deyildir, cavabdehin elektron ünvanında ona aid olan bölmədə bu kimi imtina cavabında qeyd olunması əsassızdır. Belə ki heç bir araşdırma aparılmadan belə bir cavab verilmişdir. Buna baxmayaraq dəfələrlə əlillik dərəcəsinin bərpa olunması üçün müraciət etmişdir. Mübahisənin məhkəmədən kənar həll olunmayacağını əsas gətirib məhkəməyə müraciət etmək qərarına gəlmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarında da xəstəliyim qeyd olunub (J96). Belə ki, Həmin əsasnamənin 2.2-ci maddəsinə əsasən İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir həmin əsasnamənin 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fıbrokavemoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15- A16.9,J96-J96.9) mənim xəstəliyimə əsasdır. Bundan əlavə hesab edir ki, Əsasnamənin 2.2.3 maddəsində göstərilən xəstəlik ona aiddir. Bu hal öz əksini Tibbi Sosial Ekspert komisiyasının bildiriş məktubunda da göstərilmişdir. Qeyd olunanlara əsasən iddiaçı ona təyin edilmiş İİ dərəcə əlillik qrupunun bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X3 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X5, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs Cəlilabad rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs Cəlilabad rayon Mərkəzi Xəstəxanasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmçinin AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “ AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərarına əsasən Əlilliyin müəyyən olunması meyarları göstərilmiş və həmin müddəallarda qeyd edilən meyarların əlilliyin qiymətləndirilməsi üçün əsas göstərici olduğu, məqsədlərinin funksionallığın təkmilləşdirilməsi, fərdin asılılığının aradan qaldırılmasa, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılması və ya qarşısının alınması kimi qeyd edilmişdir. Qanunun 3-cü hissəsinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Qeyd olunmalıdır ki, məhkəmənin 19 may 2022-ci il tarixli, 2-1(120)-933/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsə həvalə olunmuşdur: İddiaçı xx.xx.1966-cı ildə Cəlilabad rayonunda anadan olmuş və Cəlilabad rayonu Gülməmmədli kəndində qeydiyyatda olan İddiaçı (ş/v seriyası AZE ********, FİN kodu xxxxxxx) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə; - Şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı və yaxud diaqnozun müəyyən edilməsi üçün aparılmış müayinələrin nəticələri kifayət edirmi? - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət varmı? - xx.xx.1966-cı ildə Cəlilabad rayonunda anadan olmuş və Cəlilabad rayonu Gülməmmədli kəndində qeydiyyatda olan İddiaçı (ş/v seriyası AZE ********, FİN kodu xxxxxxx) üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hansı bəndinə uyğundur? Məhkəmənin 19 may 2022-ci il tarixli, 2-1(120)-933/2022 nömrəli qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin 15 avqust 2022-ci il tarixli məktubu ilə həmin qurumun T 296/2022 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə göstərilmişdir ki, 1966-cı il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.4. Vətəndaş N.M. Süleymanovun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən “allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma infeksion allergik forma qarışıq tipli, orta ağır gedişli, tez-tez tutmaları ilə” diaqnozu şəxsin stasionarlarda müayinə və müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərin tam müalicəsi mümkün deyildir, lakin kəskinləşdikdə müvafiq ixtisas sahəsi üzrə həkimlərdə müalicə olunurlar. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon sakini İddiaçı əlillik vəziyyəti barədə 25 yanvar 2022-ci il tarixli 2-1(120)-933/2022 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci ildə “ümumi xəstəlik” səbəbindən təyin edilmiş ikinci dərəcə əlillik (Diaqnoz: Bronxial astma, infeksion-allergik forma, tez-tez boğulma tutmaları ilə) sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının 0340003AAZCE nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirilmiş və köməkçi diaqnostik müayinələr tam aparılmadığından “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. Nəzərə almağınızı xahiş edirik. İşdə olan Cəlilabad Rayon Mərkəzi X7 Şəxsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 466 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonu, Gülməmmədli kənd sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı “Bronxial astma infeksion allergik forma, tez-tez boğulma tutmaları ilə TÇ ll-dərəcə, sinir sisteminin digər rubrikalarda təsnif olunmayan başqa pozğunluqları somatogen mənşəli asteno-nevrotik vəziyyət” diaqnozu ilə Cəlilabad RMX-nın Həkim Məsləhət Komissiyasına müraciət etmiş və onun sənədləri xx.xx.2021-ci il tarixdə 0340003AAZCY №-li bildirişlə ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən imtina: Həkimin rəyi: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır qərarı verilmişdir. Xəstə xx.xx.2019-xx.xx.2019-ci il tarixlərdə Cəlilabad RMX-da stasionar müalicə, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Elmi X4 İnstitutunda müalicə almışdır. İşdə olan Cəlilabad Rayon Mərkəzi X7 Şəxsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 466 nömrəli məktubuna əlavə olunmuş forma 8-in elektron variantından görünür ki, Cəlilabad rayonu, Gülməmmədli kənd sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2015ci il tarixindən Cəlilabad Rayon Mərkəzi X7 Şəxsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2015, xəstəliyə görə son 6 ay ərzində müraciətləri: XBT 10 kodu J45.0, xəstəliyin adı allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, müraciət tarixi xx.xx.2021-ci il, XBT10 kodu J45.0, xəstəliyin adı allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, müraciət tarixi xx.xx.2021-ci il, stasionar müalicə aldığı müəssisələr; X2 İnstitutu daxil olma tarixi xx.xx.2021, çıxma tarixi xx.xx.2021, klinik diaqnoz J45.0, Cəlilabad Rayon Mərkəzi X7 Şəxsi daxil olma tarixi xx.xx.2019, çıxma tarixi xx.xx.2019, klinik diaqnoz J45.0, müayinələr: Tsek-ə göndərilən zaman xəstənin vəziyyəti: Dəri və dərialtı toxumalar; Dəri və görünən selikli qişada avazıyıb. Dəridə qaşınma izləri görünür. Limfa vəzilər; əllənmir. Sümük-əzələ sistemi; Patologiya yox, tənəffüs sistemi; auskultasiyada sərt tənəffüs fonunda fitverici vızıldayıcı quru xırıltılar eşidilir. əsas diaqnoz; Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma Bronxial astma. İnfeksion allergik forma, qarışıq tipli, orta ağır gedişli, tez-tez boğulma tutmaları ilə. Ağırlaşma; Y42.0 Qlükokortikoidlər və onların sintetik analoqları hormonal asılılıq. J43.8 Digər emfizema ağciyərlərin emfizeması, J96.1 Xroniki respirator çatmamazlıq TÇ İİ dərəcə. Yanaşı xəstəliklər; G98 Sinir sisteminin digər rubrikalarda təsnif olunmayan başqa pozğunluqları somatogen mənşəli asteno-nevrotik vəziyyət. TSEK-ə göndərilməsi üçün əsas; əlillik müddətinin qurtarması-yenidən baxmaq. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (1.5.3) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; (1.5.4) peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; (1.5.5) əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə görə birinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Həmçinin AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “ AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərarına əsasən birinci, ikinci və üçüncü dərəcə əlilliklər müvafiq olaraq orqanizmin funksiyalarının pozulmasının 31-60, 61-80 və 81-100 faizi kimi əvəz edilmişdir. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.6-cı bəndinə görə əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə qeyd edir ki, iddiaçıya əlilliyin təyin (bərpa) edilməsi məsələsinə baxılarkən müvafiq tibb müəssisəsinin göndəriş ünvanlamasına baxmayaraq, qanunvericiliklə əlilliyin təyin edilməsi üçün əsaslara münasibətdə iddiaçının müayinəsi üzrə aşkar olunmuş əlamətlərin yetərli olub-olmaması konkret müəyyənləşdirilməmiş, eləcə də əlilliyin təyin olunmasından birbaşa imtina üçün “Göndərişin natamam doldurulması” nəzərdə tutulmadığı halda, bu əsasla məsələdən imtina olunmuşdur. Məhkəmənin hüquqi mövqeyi belədir ki, iddiaçının ilkin müayinəsinin əvvəlki dövrdə aparılması da nəzərə alınmaqla bu imtina formal mülahəzələrə istinad edilən hal kimi qiymətləndirilməli və iddiaçının sonuncu müayinəsi üzrə müvafiq tibb müəssisəsinin diaqnozları əsasında iddiaçının əlilliyinin qiymətləndirilməsi məsələsinə yenidən baxılmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-933/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-933/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver