Məhkəmə qərarları › İş №2-1(120)-933/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-933/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-933/2023 05.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işəMasallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, ******* saylı əmək kitabçasında qeyd edilən iş stajı nəzərə alınaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyası təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərinin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir.“Əmək pensiyaları haqqında” Qanununa 7ci maddəsinin tələblərinə əsasən yaşa görə əmək pensiyasının təyinatı üçün 25 il sığorta stajı tələb olunur. Onun ******* saylı əmək kitabçasında hərbi xidmət dövrüm əlavə edilməklə xx.xx.1975-ci il tarixdən xx.xx.2001-ci il tarixədək ümumilikdə 26 il 4 ay sığorta stajı vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********3 saylı məktubla 1997-2001-ci illərdə Kolxozlararası Təmir Tikinti müəssisəsinin Biləsuvar rayon Dövlət Arxivində saxlanılan əmək haqqı kitablarında işçilərin və onun adına qeyd edilən əmək haqqı faktları möhürlə təsdiq edilmədiyi üçün, 1997-ci ilin mart-avqust aylarında qaralama olduğu üçün ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. 08 oktyabr 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qayda”larının 3.1.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı (FİN: 3FEFSEX) hazırki qanunvericiliyin tələblərinə cavab verdiyi halda yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixdə yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasınınvətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir.İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında iddiaçıya məxsus olan: xx.xx.1974-cü il tarixli ******* nömrəli əmək kitabçasının; xx.xx.2022-ci il tarixli 361 nömrəli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin arayışının surətinə əsasən İddiaçı ümumilikdə mübahisəsiz sosial sığorta stajı 22 il təşkil edir İddiaçı əmək kitabçasında xx.xx.1997xx.xx.2001-ci il tarixlərdə Biləsuvar rayon Kolxozlararası Təmir Tikinti İdarəsində sürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. İnzibati icraat zamanı Biləsuvar rayon Dövlət Arxivində yoxlama keçirilmiş, xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Akta əsasən əmək haqqı kitablarında İddiaçı adına qeyd olunmuş əmək haqqı barədə məlumatlar imza və möhürlə təsdiq olunmamış, eyni zamanda 1997-ci ilin mart, aprel, may, iyun, iyul aylarında iddiaçının adma olan məlumatlarda qaralamalar olduğu müəyyən edilmişdir. Nəticədə, İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1997-xx.xx.2001-ci il tarixlərdə Biləsuvar rayon Kolxozlararası Təmir Tikinti İdarəsində işlədiyi dövr (04 il 03 ay 26 gün) mübahisələndirilir. Eyni zamanda, iddiaçının adına xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Biləsuvar şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 08481864 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə doğulmuş Mirzəyev X9 rayonu, Nəsimi kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 361 saylı arayışına əsasən, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci il tarixə kimi Sovet Ordusu Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. - Biləsuvar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 139 və 139 A saylı arayışlarına əsasən, İddiaçı 1983-1988-ci illər; 1990-1993-cı illərdə Biləsuvar rayon Nəsimi adına kolxozda, 1997-2001-ci illərdə Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsində əmək haqqı almışdır. - ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-ci il tarixdən xx.xx.1975-cı i! tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 Mirzə İsa oğluna təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinəəsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görəəmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görəəmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərəalınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər dədaxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim olunmuş sənədlərin surətlərinəəsasən ümumi sığorta stajı (xx.xx.1975ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 22 il təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Biləsuvar rayon Kolxozlararası Təmir Tikinti İdarəsinin xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək haqqı kitablarında adına qeyd edilmiş əmək haqqı barədə məlumatların möhür və imza ilə təsdiqlənmədiyi müəyyən edilmişdir. Eyni zamanda 1997-ci ilin mart, aprel, may, iyun, iyul, avqust aylarında adına olan məlumatlarda qaralamalar olduğu aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görəəmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinəəsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən adında aktiv VÖEN (**********) olduğu üçün məşğul şəxs hesab edildiyindən iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Biləsuvar Rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 318 nömrəli məktubunda göstərilmişdir ki, Biləsuvar rayon Dövlət Arxivində mühafizə olunan Kolxozlararası tikinti idarəsinin arxiv sənədləri əsasında Biləsuvar rayonu Nəsimi kəndində yaşayan İddiaçı Arayışın verilməsinə səbəb olan 1997 - 2001 -ci illərə aid Kolxozlararası tikinti idarəsinin əmək haqqı cədvəllərində İddiaçı aid olan hissələrin sürətləri çıxardılaraq,Arxiv möhürü ilə cəsdiq edilib məktuba əlavə olunur. Məlumat üçün bildirilir ki, Kolxozlarası tikin i idarəsinin İnzibati binasında məcburi köçkünlər yaşamış, idarənin fəaliyyətinə dair əmr kitabları məcburi köçkünlər tərəfindən şayiələrə əsasən yandırılmışdır. Vətəndaş haqqında yalnız aldığı əmək haqqı barədə məlumat vermək mümkün olmuşdur. X11 Kolxozlararası tikinti idarəsinin mərhum mühasibi Mehman Şahbazov tərəfindən təhvil verilmişdir. - Biləsuvar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 312 saylı arxiv arayışına əsasən, İddiaçı 1989-cu il tarixdə Biləsuvar rayon Nəsimi adına kolxozda əmək haqqı almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin 2 saylı X1 Rayon Qəbul Şöbəsinin xx.xx.2022-ci il tarixli aktının surətindən görünür ki, Mirzəyev X10 Nəqliyyat ASC-nin əmrlər kitabını yoxlayarkən İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci ilədək işləməsi faktı Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsinin 1997-2001-ci illərə aid əmək haqq kitablarına əsasən yoxlanıldı. Yoxlama zamanı əmək haqqı kitablarında vətəndaşların, o cümlədən İddiaçı adına qeyd edilmiş əmək haqları barədə məlumatların imza və möhürlə təsdiq olunmadığı müəyyən edildi. 1997-ci ilin mart, aprel, may, iyun, iyul aylarında İddiaçı adına olan məlumatlarda qaralamaların olduğu müəyyən edildi. - Məhkəmə iclasında şahid qismində ifadə verən Biləsuvar Rayon Dövlət Arxivinin müdiri X5 məhkəməyə İddiaçı məxsus olan əmək haqqına dair arxiv arayışları və nümunə olaraq iddiaçı ilə birgə çalışmış digər şəxslərə məxsus əmək haqqı kitabından çıxarışlar təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsində sürücü vəzifəsində işləməsi barədə əmək haqqlarına dair siyahının arxivdə mövcud olmuşdur, həm iddiaçı və onunla birgə digər çalışan şəxslərin əmək haqqı kitabında qeyd edilən siyahılarda qeyd olunan məlumatların möhür və imza qeyd edilməsə də sənədlər düzgün tərtib olunmuşdur, xx.xx.2022-ci il tarixli yoxlama aktında qeyd edilmiş 1997-ci ilin mart, aprel, may, iyun, iyul aylarında İddiaçı adına olan məlumatlarda qaralamalar mövcud deyildir. Məhkəmə tərəfindən qeyd edilir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-ci il tarixdən xx.xx.1975-cı i! tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərdə işlədiyi illər cavabdeh orqan tərəfindən mübahisə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsində sürücü işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsində sürücü işləmişdir. Hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsinin xx.xx.1997-xx.xx.2001-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsində sürücü işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin tikinti idarəsində işləməsi və əmək haqqı alması, o cümlədən idarənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçı xx.xx.1997ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsində sürücü işləmiş və əmək haqqı almış, sadəcə olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsinin arxivə təhvil verilmiş əmək haqqı kitabından çıxarışa əsasən İddiaçı əmək haqqı siyahılarında imza və möhür vurulmamışdır. Məhkəmə tərəfindən həmçinin yoxlama aktında göstərilmiş 1997-ci ilin mart, aprel, may, iyun, iyul aylarında İddiaçı adına olan məlumatlarda qaralamaların mövcud olmadığı müəyyən edilmişdir. Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsinin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsi mövcud olmuş, iddiaçı həmin Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsinə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq idarənin sənədləri tam şəkildə arxivə təhvil verilmiş, sənədlər təhvil verilmiş və iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsinidə işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsində sürücü işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsində sürücü işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrə aid əmək haqqı cədvəllərində imza və möhürun mövcud olmadığı üçün iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair arxivə təhvil verilmiş əmək haqqı kitabından çıxarışa əsasən İddiaçı əmək haqqı siyahılarında imza və möhür vurulmaması idarədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar rayon kolxozlar arası Tikinti İdarəsində sürücü işləməsinə dair Tikinti İdarəsinin əmək haqqı arayışını) təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2022-ci il tarixdən) yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar