Məhkəmə qərarları › İş №2-1(120)-937/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-937/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-937/2021 29.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Səmədova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı Zeynalabdın qızının iştirakı ilə, İddiaçı Zeynalabdın qızının cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinə qarşı «təkrar doğum haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 29 iyul 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Zeynalabdın qızı cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun doğum haqqında şəhadətnaməsi itirilmişdir. Buna görə də o digər müvafiq sənədlərini ala bilmir. O, ərizə ilə Saatlı rayon qeydiyyat şöbəsinə müraciət edərək, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin Sabirabad rayon qeydiyyat şöbəsindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi, Saatlı rayon qeydiyyat şöbəsi təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir ki, bu imtina da onun məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə və İPM-in 2.2.2-ci maddəsinə əsaslanaraq, ona (iddiaçıya) doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı Zeynalabdın qızı gəmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı Zeynalabdın qızı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Saatlı rayon qeydiyyat şöbəsi iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin olmaması cavabdeh Saatlı rayon qeydiyyat qeydiyyat şöbəsi tərəfindən təkzib olunmadığından, həmin akt qeydinin mövcudluğu işin mübahisə olunmayan hallarına aid edilir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının doğumu barədə Saatlı rayon Bayramovka kənd sovetliyində tərtib olunmuş 88 nömrəli 10.11.1960-cı il tarixli akt qeydinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Zeynalabdın qızının doğumu haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Zeynalabdın qızının doğumu haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar