Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-937/2024 22.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət icbari şəxsi sığorta ödənişinin verilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 2-1(120)-937/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərardadı ilə, iddiaçının ərizəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər sırasından çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı dövlət icbari şəxsi sığorta ödənişinin verilməsini istəyir və cavabdeh qismində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunu göstərmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış İmtina məktubundan görünür ki, Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi barədə 04.11,2022-ci il tarixində daxil olmuş müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma. kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Müraciətlə əlaqədar olaraq bildirilir ki, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunu ilə tənzimlənir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanına əsasən qeyd edilən Qanunda nəzərdə tutulmuş “dövlət sığorta orqanlarının səlahiyyətlərini 2022-ci il 1 yanvar tarixinədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (indiki "xxxx" ASC) həyata keçirirdi. Qeyd olunanları və 2004-cü il tarixdə xəsarət alması nəzərə alaraq, sığorta ödənişinin verilməsi məsələsinə baxılması üçün "xxxx" ASC-yə müraciət edilməsi məqsədəuyğundur. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 447, № 12, maddə 1406) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissəyə “səlahiyyətləri” sözündən sonra “(bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
2. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin: “2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir;”.
3. Aşağıdakı məzmunda 2.8-ci bənd və 2-1-ci hissə əlavə edilsin: “2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.”; “2-1. Bu Fərmanın 2.8-ci bəndinə uyğun olaraq, Şirkət sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən 2020-ci il dekabrın 31-dən sonraya aid sənədlər üzrə həyata keçirdiyi sığorta ödənişləri barədə məlumatları (sığortaolunanın soyadı, adı, atasının adı, FİN-i, sığorta ödənişinin məbləği və verildiyi tarix) bir ay müddətində Fonda təqdim etməlidir.”. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 449 saylı qərarına əsasən, BABKM-də 1996-2000-ci illərdə kursant kimi, Dövlət Sərhəd Xidmətində 2000-ci ildən halhazırki tarixədək xidmət edən N saylı hərbi hissənin zabiti polkovnik-leytenant İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli, K/96M nömrəli məktubuna əsasən xidmət zamanı alınmış travmanın səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən (xx.xx.2018-ci il tarixli, 4/10 №-li Travma haqqında arayış, 29.06.04-15.07.04 tarixli xəstəlik tarixindən çıxarış epikrizi) İddiaçı Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində xidmət edərkən hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 097m nömrəli əmrinə əsasən xx.xx.2004-cü il tarixində DSX-Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin “Sadıxlı” sərhəd zastavasmın müvafiq sahəsində “kəşfiyyat axtarış qrupu” sərhəd naryadı tərkibində Dövlət Sərhədini mühafizə edərkən (gizli əməliyyat fəaliyyətində) təxminən gecə saat 03:00 radələrində dövlət sərhədinin pozulması cəhdinin qarşısını alarkən yaralanmışdır. xx.xx.2004-cü il tarixdə İddiaçı səhhəti pisləşdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 230 nömrəli hərbi hospitalına yerləşdirilmiş və xx.xx.2004-cü il tarixədək stasionar müalicədə olmuşdur. Diaqnoz: Qapalı kəllə-beyin travması, zəif kliniki əlamətlərlə təzahür edən baş-beyin silkələnməsi, bədənin müxtəlif nahiyələrinin əzilmiş-sıyrılmış yaraları, sol gözün konyunktivaltı qansızması. "HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi həmin tələbə cavab verməyən inzibati orqana – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəlmişdir. Hansı ki, iddiaçının həmin tələbinə cavab verməli orqan - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti olmalıdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə iddiaçı arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. Hazırki mübahisə inzibati məhkəmə icraatının predmeüti deyildir. Hazırki mübahisə üzrə İddiaçı izah olunmalıdır ki, hazırki tələblə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı aidiyyatı üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə iddiaçıya xx.xx.2023-ci il tarixli 2-1(120)-3370/2023 saylı məktubu ilə yardım edilərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunsa da, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh qismində saxlanılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisə üzrə tələbi iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında,məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq,məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər.
Hakim Amilya Hüseynova