Məhkəmə qərarları › İş №2-1(120)-938/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-938/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-938/2024 08.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2013-cü il tarixli 115 nömrəli sərəncamın ləğv edilməsi və 200 ha torpaq sahəsinin yenidən təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-nin icarəsinə verilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh xx.xx.2013-cü il tarixli 115 nömrəli sərəncamın ləğv edilməsi və 200 ha torpaq sahəsinin yenidən təsisçisi və rəhbəri olduğu "xxxx" MMCnin icarəsinə verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Kürdəmir İcra Hakimiyyətinin sərəncamı əsasında 27 dekabr 1995-ci il tarixli sərəncamı əsasında "xxxx" kəndli fermer təsərrüfatının bazasında yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi varisidir. Bu MMC-nin hüquqi ünvanı Kürdəmir rayonu, Sığırlı kəndidir. Fermer təsərrüfatını idarə etmək üçün 25 noyabr 1999-cu ildə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən ona kənd təsəsrrüfatında istifadə edilməyən 200 ha torpaq sahəsi müvəqqəti istifadəsinə verilmişdir. Bu müddət ərzində "xxxx" MMC-nin idarə edilməsi qaynatası olmuş X1 həvalə edilmiş və səhhətilə bağlı o, təsisçinin 27 oktyabr 2007-ci il tarixli qərarı əsasında rəhbər vəzifəsindən azad edilmişdir. Bu arada xatırlatmaq yerinə düşərdi ki, təsisçisi və rəhbəri olduğu "xxxx" MMC Ağsu rayonunda yeni kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi üçün 2011-ci ildə MMC-ni girov qoyaraq girov müqabilində "xxxx" ASC-dən kredit götürmüşdü. Və hazırda da "xxxx" MMC Bankda yüklü olaraq qalmaqdadır. Bu müddətlər ərzində o, icarəyə götürdüyü 200 ha qış otlaq sahəsi üçün tələb olunan vergini də ilbəil 9 saylı Ərazi Vergilər İdarəsinə ödəmişdir. Xatırladır ki, 24 aprel 2007-ci il tarixində bağlanmış müqavilə əsasında o, "xxxx"-nin tələblərini və hüquqlarını satın almışdır. 2013-cü ilin iyunun 5-də 2007-ci ilə qədər "xxxx"-nin rəhbəri olmuş mərhum X3 Babayev Kürdəmir İcra hakimiyyəti başçısının adına yazdığı saxta və əsassız ərizəsi əsasında onun atasına məxsus olmuş (hansı illər qeyd edilmir) "xxxx"-nin müvəqqəti balansında olan 200 ha qış otlaq sahəsinin onun adına sənədləşdirilməsini istəmişdir. Məsələ Kürdəmir İH-də araşdırılmadan, yuxarı səlahiyyətli orqanlarla heç bir razılaşma əldə edilmədən 5 gündən sonra, yəni 10 iyun 2013-cü il tarixli ,115 saylı sərəncama əsasən 200 ha sahə daha 15 il müddətinə ərizəçinin icarəsinə verilmişdir. Onun isə 2007-ci ildən bu günədək “Məhəmməd KFT" MMC-nin rəhbəri və təsisçisi olmağına baxmayaraq ona heç bir rəsmi məlumat verilməmişdir. O, da hər il torpaq vergisini 2021-ci ilədək ödəmişdir. Yalnız bir neçə ay əvvəl ona məlum olmuşdur ki, sözügedən 200 ha torpaq sahəsi qanunsuz və əsassız olaraq “Məhəmməd KFT“ -nin adından sui-istifadə edən Baba Babayevə verilmişdir. Halbuki, həmin şəxsin ümumiyyətlə bu MMC-yə heç bir aidiyyatı olmamışdır. Təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-nin adından sui-istifadə edən Baba Babayevin xx.xx.2013-cü il tarixli saxta ərizəsi əsasında Kürdəmir İH-nin başçısının 10 iyun 2013-cü il tarixli əsassız Sərncanıının ləğv olunması” barədə 21 noyabr 2021-ci il tarixli rəsmi müraciətinə Cavabdeh başçısının Aparatı tərəfindən 27 dekabr 2021-ci il tarixli, 2\1393-4 saylı cavab məktubunda bildirir: “Kürdəmir rayon İcra Hakimyyəti Başçısının 2013-cü il, 10 iyun tarixli, 115 saylı sərəncamı və RİH-nin Başçısının 2013-cü il 10 iyun tarixli, 38 nömrəli icarə müqaviləsi ilə Kürdəmir rayonun Sığırlı kənd sakini X4 qoyunçuluğun inkişaf etdirilməsi məqsədilə rayonun inzibati ərazisindəki “Sığırlı- Selablıq” adlanan qış otlaq sahəsindən icarəsinə 15 il müddətinə 200 ha torpaq sahəsi verilmişdir. B.B.Babyevə ********** nömrəli vergi şəhadətnaməsi verilmiş və onun əsasında icarəsində olan 200 ha torpaq sahəsinə görə ildə 240 manat olmaqla icarə haqqını ödəyir.” Yəni, cavabdeh bir daha rəsmən illər ərzində onun MMC-sinin icarəsində olan mübahisələndirilən 200 ha torpaq sahəsini onun razılığı olmadan eyni gündə ərizə, sərəncam və icarə müqaviləsini sifariş əssənda tələskənliklə bağlayan zaman aidiyyatı üzrə yuxarı orqanlardan heç bir razılaşma olmadan əsasız olaraq sərəncam vermişlər. Hesab edir ki, cavabdeh tərəfin rəsmi imtina cavabı tam əsassızdır və formal xarakter daşıyır və onları qane etmir. Ona görə də onun bir iş adamı olaraq təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-nin adından sui-istifadə edən Baba Babayevin saxta ərizəsi əsasında Kürdəmir İH-nin başçısının 10 iyun 2013-cü il tarixli əsassız Səmcamının ləğv olunmasını tələb edir və həmin torpaq sahəsinin rəhbəri olduğu MMC-yə yenidən icarəyə verilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı Cavabdeh Başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti, iddia qaldırmaq səlahiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtinə də cavab verməlidir. Qeyd olunamalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Mübahisləndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Başqa sözlə, iddia qaldırmaq səlahiyyəti (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia ərizəsindən müəyyən edilir ki, İddiaçı özünü subyektiv hüququn sahibi kimi qəbul etməsini 25 noyabr 1999-cu il tarixli, JN:0298 KOD 80600001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” ilə əsaslandırır. Belə ki, iş materiallarında olan Kürdəmir rayon Torpaq şöbəsi tərəfındən verilmiş 25 noyabr 1999-cu il tarixli, JN:0298 KOD 80600001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”yə əsasən Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında rayonun ərazisində yerləşən qış otlaq sahəsindən kənd təsərrüfatında istifadə edilməyən 200 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək şərti ilə "xxxx" kəndli fermer təsərrüfatına müvəqqəti istifadəyə verilmişdir. Göründüyü kimi, torpaq sahəsi "xxxx" kəndli fermer təsərrüfatına müvəqqəti istifadəyə verilsə də, hazırkı iddianı "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" kəndli fermer təsərrüfatı bazası əsasında yaradılmışdır) əvəzinə, fiziki şəxs kimi İddiaçı qaldırmışdır. Məhkəmənin qənaətinə görə hazırkı iddianı qaldırmaq səlahiyyəti "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixli 297 nömrəli sərəncamına əsasən "X8 Təsərrüfatı” qeydiyyatdan keçmiş, təsərrüfatın rəhbəri İddiaçı təyin edilmişdir. “X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin təsisçisinin xx.xx.2011-ci il tarixli qərarına əsasən İddiaçı “X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsindən azad edilmiş, cəmiyyətə rəhbər X2 təyin edilmişdir. Cəmiyyətin təsisçisinin xx.xx.2011-ci il tarixli qərarına əsasən İddiaçı yenidən direktor təyin edilmişdir. “X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi, yenidən rəsmi müraciəti əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2123-cü il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin fəaliyyəti dövlət qeydiyyatına alındığı tarixdən xx.xx.2013-cü il tarixə qədər aktiv olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Digər vacib məsələ mübahisləndirmə haqqında iddianın xüsusi mümkünlük şərti ilə bağlıdır. Belə ki, iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunması mübahisləndirmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İş materiallarından müəyyən olunur ki, cavabdehin 2013-cü il tarixli sərəncamı mübahisləndirilir. İddia ərizəsi Şirvan İnzibati Məhkəməsinə göndərilməsi üçün xx.xx.2022ci il tarixdə poçt məntəqəsi tərəfindən qəbul edilmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt (əmr) barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı müxtəlif dövlət orqanlarına elektron poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixdə müraciətlər ünvanlayaraq Kürdəmir İcra Hakimiyyəti Başçısının 10 iyun 2013-cü il tarixli əsassız sərəncamının ləğv olunmasını xahiş etmişdir. Bundan başqa, iş materiallarında olan Cavabdeh Başçısının Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 27 mart 2023-cü il tarixli 5-56- 28/2-20/2023 nömrəli məktubundan müəyyən edilir ki, Sığırlı-Selablıq adlanan qış otlaq sahəsində yerləşən 200 ha torpaq sahəsindən 2013-cü ildən hal-hazırkı vaxta qədər faktiki olaraq X5 istifadə edir. Qeyd etmək lazımdır ki, “iddia müddəti” xüsusi mümkünlük şərti kimi ona görə vacibdir ki, qeyd olunan müddət hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Təsadüfi deyildir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin hüquqi rejimi ilə 2013-cü il tarixdən iddia qaldırdığı tarixədək maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi şifahi və yazılı izahatında da bildirmişdir ki, 2020-ci ilə kimi qaynı X5 ilə aralarında narazılıq olmayıb, iddiaçı direktor olub, qaynı isə torpağı əkib, bütün nəzarəti həyata keçirib, daha sonra münasibətləri korlanmışdır.2019-cu ilin sonuna qədər vergiləri ödəmiş, lakin 2020-ci ildən sonra telefonuna mesaj gəlməmiş, o, vergi idarəsinə müraciət etmiş və idarədən ona bildirmişlər ki, 2013-cü il tarixdən torpaq sahəsi başqa bir adamın adına sənədləşdirilib. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanlara əsasən müəyyən edir ki, İddiaçı Cavabdeh xx.xx.2013-cü il tarixli 115 nömrəli sərəncamından uzun müddətdir ki, məlumatlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 15 yanvar 2024-cü il tarixli, 2-1(120)-938/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, tələblə bağlı iddiaçının subyektiv hüququnun olmaması, iddiaçının düzgün müəyyən edilməsi və mübahisələndirilən inzibati aktla bağlı uzun müddətdir ki, məlumatının olduğu müəyyən edilmiş və qeyd olunan səbəbdən də iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddia müddətinin ötürülüb-ötürülmədiyi, ötürülmüşdürsə qeyd olunan ötürülmənin üzrlü hesab edilmə səbəbləri barədə məhkəməyə sübut əhəmiyyəti daşıyacaq müvafiq məlumat və ya sənədin, o cümlədən müddətin buraxıldığını hesab edirsə buraxılmış müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsi təklif edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2013-cü il tarixli 115 nömrəli sərəncamın ləğv edilməsi və 200 ha torpaq sahəsinin yenidən təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-nin icarəsinə verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar