Məhkəmə qərarları › İş №2-1(120)-939/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-939/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-939/2024 06.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi rayon Rəncbərlər kəndində yerləşən, alqısatqı müqaviləsinə əsasən Ağcabədi rayon Rəncbərlər bələdiyyəsi tərəfindən satılmış 0,07 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılıb xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi rayonu Rəcbərlər kəndində yerləşən, alqısatqı müqaviləsinə əsasən Ağcabədi rayonu Rəcbərlər Bələdiyyəsi tərəfindən satılmış 0.07 ha həyətanı torpaq sahəsini İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Ağcabədi rayon Rəncbərlər kəndində yerləşən, alqı-satqı müqaviləsinə əsasən Ağcabədi rayon Rəncbərlər bələdiyyəsi tərəfindən satılmış 0,07 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılıb xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Rəncbərlər bələdiyyəsi arasında bağlanmış 19 may 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.07 ha. həyətyanı torpaq sahəsi satılmışdır. Ərizəyə əlavə olunan 20 may 2014-cü il tarixli mədaxil qəbzindən görünür ki, həmin torpaq sahəsi 770 manata satılmışdır. Həmin torpaq sahəsi qeyd olunan tarixdən onunvə ailə üzvlərinin istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən 23 aprel 2014-cü il tarixdə torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ərizəyə əlavə edilən 17 dekabr 2013-cü il tarixli Azərbaycan Respublikası Ağcabədi Rayonu İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyindən aydın olunur ki, həmin torpaq sahəsinin ayrılması məqəsdə müvafiqdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsinin 24 dekabr 2013-cü il tarixli rəyindən görünür ki, qeyd olunan torpaq sahəsi satış üçün uyğundur. 17 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, plan-ölçü sənədinin və Reyestrdən çıxarışın verilməsini xahiş etsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi 22 may 2023-cü il tarixli məktubla mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq Ağcabədi rayon Rəncbərlər kəndində yerləşən, alqı-satqı müqaviləsinə əsasən Ağcabədi rayon Rəncbərlər bələdiyyəsi tərəfindən satılmış 0,07 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılıb xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, xx.xx.2013-cü il tarixli 22 saylı qərar əsasında ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələbiərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa sizə satılması müəyyən edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir və həmin Qanunun 9.6-cı maddəsinə əsasən isə bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. (Həmin Qanununun 9.6-cı maddəsinə 23 oktyabr 2007-ci il tarixli 466-111 QD nömrəli dəyişiklik edilmişdir və akt sözü müvafiq olaraq müqavilə ile əvəz edilmişdir.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 146.3 maddəsinin tələblərinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır”. Həmin qanunun 146.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, yuxarıda şərh olunanları və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 2, 8, 9 və 15ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1, 144 , 146 və 394-cü maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6 və 9-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı "Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən, alqı-satqı müqaviləsinə əsasən Ağcabədi rayonu Rəncbərlər Bələdiyyəsi tərəfindən satılmış 0.07 ha həyətyanı torpaq sahəsini İddiaçı mülkiyyət hüquqlarının daşınmaz omlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin cavabdehlikdən çıxarılaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin və Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Ağcabədi rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Ağcabədi rayon Rəncbərlər kəndində yerləşən, alqı-satqı müqaviləsinə əsasən Ağcabədi rayon Rəncbərlər bələdiyyəsi tərəfindən satılmış 0,07 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılıb xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Ağcabədi rayon Rəncbərlər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 22 saylı qərarının surətindən görünür ki, Ağcabədi rayon Rəncbərlər kənd sakini İddiaçı 04 noyabr 2013-cü il tarixli şəxsi ərizəsini, habelə onun Rəncbərlər kəndində daimi yaşadığını, eyni zamanan beş ildən artıq müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğunu, özünə məxsus yaşayış evinin və həyatyani torpaq sahəsinin olmadığı nəzərə alınaraq Rəncbərlər Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin perspektiv inkişaf fonduna aid olan torpaq sahəsindən Rəncbərlər kənd sakini İddiaçı 0,07 ha torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 10-cu bəndinə uyğun olaraq bələdiyyə tərəfindən bilavasitə alqısatqı qaydasında satılmasına razılıq verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Ağcabədi rayonu Rəncbərlər kənd sakini İddiaçı Ağcabədi rayon Rəncbərlər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 22 saylı qərarı ilə 700 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X9 kitabında xx.xx.2014-cü il tarixli, 923 nömrə ilə uçota alınmışdır. İşdə olan Ağcabədi rayon Rəncbərlər bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 07 saylı qərarının surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi satılması barədə Ağcabədi rayon Rəncbərlər kənd sakini İddiaçı 04 noyabr 2013-cü il tarixli şəxsi ərizəsini, eyni zamanda Rəncbərlər bələdiyyəsinin 24 dekabr 2013-cü il tarixli ümumi iclasının həmin torpağın bilavasitə satılmasına razılıq verilməsi barədə 22 savlı qərarı və Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin, DT və XK-si Ağcabədi rayon şöbəsinin rəyləri və digər müvafiq sənədlər nəzərə alınaraq Ağcabədi rayon Rəncbərlər kənd sakini İddiaçı 0,07 ha (700 kv.metr) ərizəsinə uyğun fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin perspektiv inkişaf fonduna aid olan torpaq sahəsindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9-cu maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 10-cu bəndinə uyğun olaraq bələdiyyə tərəfindən bilavasitə ona alqı-satqı qaydasında satılması məqsədə müvafiq hesab edilmişdir. İşdə olan Ağcabədi rayon Rəncbərlər bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 105 nömrəli arayışından görünür ki, Ağcabədi rayon Rəncbərlər kənd sakini İddiaçı Rəncbərlər bələdiyyəsinin mülkiyyəti olub Ağcabədi Ağdam magistral yolunun sağ tərəfində yerləşən kəndin prespektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsindən, Rəncbərlər bələdiyyəsinin 24 dekabr 2013-cü il tarixli 22 saylı qərarı ilə 700 kvm (0.07 ha) 770 manata həyətyanı məqsədi ilə İddiaçı satılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-Q-0097 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixli 22 saylı qərar əsasında ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa sizə satılması müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 9.6-cı maddəsinə 23 oktyabr 2007-ci il tarixli 466- İİİ QD nömrəli dəyişiklik edilmişdir və akt sözü müvafiq olaraq müqavilə ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 146.3 maddəsinin tələblərinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır”. Həmin qanunun 146.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir”. Yuxanda qeyd edilənlərə əsasən 1 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair notariat qaydasında bağlanılmış müqavilə təqdim edilməlidir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsi müraciətinizdə göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaq ayrılması məqsədi ilə Ağcabədi rayon Rəncbərlər bələdiyyəsinə və ya hüquqlarınızın müdafiəsi məqsədilə müvafiq məhkəmə instansiyasına müraciət etməyiniz tövsiyə olunur. İşdə olan Ağcabədi rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 74 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayon Rəncbərlər Bələdiyyəsi 2007-ci ilədək olan sənədləri arxivə mühafizə üçün təhvil vermişdir .Bu səbəbdən Ağcabədi rayon Rəncbərlər Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 22 saylı qərarı, xx.xx.2013-cü il tarixli 286 №-li rəyin,xx.xx.2014cü il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixli 22 saylı ümumi iclas protokolu, xx.xx.2014-cü il tarixli ümumi iclas protokolun 07 saylı qərarı və Ağcabədi RİH-nın Memarlıq və Tikinti şöbəsinin xx.xx.2013-cü il tarixli 446 №-li rəyi haqqında heç bir məlumat vermək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-9/2-37646-3-180/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Rəncbərlər bələdiyyəsinin İddiaçı torpaq sahəsinin satılmasına dair xx.xx.2013-cü il tarixli, 22 nömrəli qərarı X3 qeydiyyatdan keçmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1811 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsin 24 dekabr 2013-cü il tarixli 22 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən 700 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən 700 kv.m torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 497063 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən döngə nöqtələrinin koordinatları naturada müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsin 24 dekabr 2013-cü il tarixli 22 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən 700 kv.m torpaq sahəsi satıldığı vaxt (24 dekabr 2013-cu ildə) bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsinin perspektiv inkişaf fonduna aid torpaq sahəsi olmuşdur. Hal-hazırda yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsin 24 dekabr 2013cü il tarixli 22 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən 700 kv.m torpaq sahəsinin koordinatları keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 kitabında xx.xx.2014-cü il tarixdə 923 nömrə ilə uçota alınan, həmin torpaq sahəsinə dair tərtib edilmiş A 497063 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində və elektron kadastr xəritəsində qeyd edilmişdir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri ilə həmin torpaq sahəsinə dair tərtib edilmiş A 497063 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən ölçülər üst-üstə düşsə də həmin torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Qərardadın dördüncü sualı üzrə: Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsin 24 dekabr 2013-cü il tarixli 22 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən 700 kv.m torpaq sahəsinin faktiki istifadə vəziyyətinə görə koordinatları və həmin torpaq sahəsinə dair tərtib edilmiş A 497063nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Qeyd edilən 700 kv.m torpaq sahəsi faktiki istifadə vəziyyətinə görə İddiaçı tərəfindən təyinatı üzrə istifadə olunur. A 497063 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlarda yerləşən 700 kv.m torpaq sahəsinin 584 kv.m hissəsi İddiaçı, 57 kv.m hissəsi qonşu torpaq mülkiyyətçisi X5 istifadəsindədir. Qeyd edilən torpaq sahəsinin 59 kv.m hissəsi isə kəndarası yolun ərazisi ilə üst-üstə düşür. Qərardadın beşinci sualı üzrə: Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsin 24 dekabr 2013cü il tarixli 22 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən 700 kv.m torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Qərardadın altıncı sualı üzrə: Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsin 24 dekabr 2013-cü il tarixli 22 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən 700 kv.m torpaq sahəsinin üzərində tikili mövcud deyildir. Qərardadın yeddinci sualı üzrə: Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsin 24 dekabr 2013cü il tarixli 22 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən 700 kv.m torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qərardadın səkkizinci sualı üzrə: Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsin 24 dekabr 2013-cü il tarixli 22 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən 700 kv.m torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 497063 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlarında texniki səhv mövcuddur. Həmin səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacaqdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X7rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X8rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair bələdiyyə tərəfindən sənədlərin iddiaçıya natamam təqdim edilməsi, bələdiyyənin mülkiyyət hüququ qeydə alınmadan vətəndaşa satması, sənədlərin natamam tərtib edilməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmiş, eləcə də torpaq sahəsinin alınmasını təsdiq edən müvafiq qəbzin təsdiq edilmiş surətidə məhkəməyə təqdim edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/1811 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert rəyinə əsasən mübahisələndirilən torpaq sahəsinin satıldığı vaxt (24 dekabr 2013-cu ildə) bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsinin perspektiv inkişaf fonduna aid torpaq sahəsi olması, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri ilə həmin torpaq sahəsinə dair tərtib edilmiş A 497063 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən ölçülər üst-üstə düşsə də həmin torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq mövcud olduğu, üzərində tikili olmadığı, üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi, koordinatlarında olan texniki səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacağı müəyyən edilir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Mübahisələndirilən bələdiyyənin qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən Ağcabədi rayon Rəncbərlər bələdiyyəsinin xx.xx.2013-ci il tarixli 22 saylı qərarı iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Ağcabədi rayon Rəncbərlər bələdiyyəsinin xx.xx.2013-ci il tarixli 22 saylı qərarı ilə İddiaçı torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Ağcabədi rayon Rəncbərlər kəndində yerləşən, alqı-satqı müqaviləsinə əsasən Ağcabədi rayon Rəncbərlər bələdiyyəsi tərəfindən satılmış 0,07 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılıb xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının ekspert xərcinin ona aid edilməsinə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçı tərəfə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Ağcabədi rayon Rəncbərlər kəndində yerləşən, alqı-satqı müqaviləsinə əsasən Ağcabədi rayon Rəncbərlər bələdiyyəsi tərəfindən satılmış 0,07 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılıb xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı X6 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar