Məhkəmə qərarları › İş №2-1(120)-942/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-942/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-942/2025 19.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixli, **********8 nömrəli və xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarların ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmaların dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “cavabdeh inzibati orqan tərəfindən mənə məxsus pensiya məbləğindən tutulmaların aparılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilərək, pensiyamdan artıq tutulmuş məbləğin mənə geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan İddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli və xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarların ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən 02 fevral 2015-ci il tarixindən Taun Əleyhinə şöbənin işçisi kimi güzəştli şərtlərlə yaşa görə ona pensiya təyin edilmişdir. Lakin 2022-ci ilin iyul ayından verilən pensiya ona məlum olmayan səbəblərdən dayandırılmış həmin ilin noyabr ayından bərpa olunaraq 269.81 manat təyin olunan pensiya tam məbləğdə ödənilməmişdir. Yəni 4 ay (iyul-oktyabr) ona pensiya verilməmiş, noyabr ayından verilən 269.81 manatdan hər ay 53.96 manat pensiyasından tutularaq büdcəyə bərpa edilir. Ona görə də pensiyanın dayandırılmasını və əskik ödəmələrin səbəbini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına məktubla müraciət etmiş, Mərkəzi Filialın 21 dekabr 2022-ci ilin **********0 nömrəli cavab məktubunda bildirildi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin 1 iyul 2017-ci ili tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xüsusi zərərli sahədə çalışan kişilər 57 yaşına çatdıqda 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayı zərərli sahədə çalışmışlarsa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi vardır. Ona xx.xx.2015ci tarixdə əmək pensiyası təyin olunanda zərərli sahədə işlədiyi xx.xx.2023-xx.xx.2004-cü il və xx.xx.2010-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər ərzində X15 şöbədə işlədiyi qeyd olunub ki, bu da 6 il 2 ay 29 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarına 2 nömrəli əlavənin Əmək şəraiti zərərli və ağır olan işlərdə çalişanlara yaşa qocalığa görə güzəştli şərtlərlə pensiya hüquqi verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XXİV bölməsinin (Səhiyyə və sosial təminat idarələrin) 22600000-1754a şilrəsi ( tauna qarşı idarələrdə məşqul olan işçilər) Taun Əleyhinə şöbəyə şamil olur, yəni əmək stajı 1 il 2 il ölçüdə hesablanır. 2015-ci ildə ona pensiya əmək stajı 2 qat ölçüdə götürərək pensiya təyin olunmıışdur. Əgər düzgün pensiya təyin edilməyibsə bu Dövlət Sosial Fondunun İmişli Filialın əməkdaşlarının səhvidir, qanunsuzluğa onlar tərəfindən verilmişdir. Onun tərəfindən hər hansı bir qanunsuzluğa yol verilməsi aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, iddiaçıya 2 fevral 2015-ci il tarixdə Fondun İmişli rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə X11 departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tibb və sosial təminat müəssisələri bölməsində (19) tauna qarşı idarələrdə məşğul olan işçilər nəzərdə tutulmuşdur. Araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sənədlərdə onun xx.xx.2003-xx.xx.2004-cü il və xx.xx.2010-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə X4 şöbəsində böyük mühasib və kompüter üzrə mütəxəssis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, xx.xx.2015-ci il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 2 ay 29 gün (xx.xx.2003xx.xx.2004-cü il, xx.xx.2010-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. Eyni zamanda, qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajının xx.xx.2021-ci il tarixdə tamamlandığı müəyyən edilmişdir. Buna görə də iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx.xx.2015-ci il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən yaranmışdır. Qeyd olunanlara əsasən, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmadığı xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19292,54 manat artıq pul vəsaitinin ödənildiyi Fondun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq, həmin artıq ödənilmiş pul vəsaiti 2022-ci ilin noyabr ayından etibarən hissə-hissə (hər ay 53,96 manat) əmək pensiyasından tutulmaqla büdcəyə bərpa edilir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2021-ci il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 42793,84 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada pensiya hüququnun yarandığı tarixə (xx.xx.2021-ci il) 260,94 manat (42793,84:164 ay (65 il-63 il 4 ay=20 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, əmək pensiyasının sonrakı illər üzrə artımlar nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4cü maddəsinə əsasən həmin tarixdən 286,47 manat müəyyən edilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən etibarən 328,58 manat təşkil etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2, 64.1, 72 və 82-ci maddələrini rəhbər tutaraq borclu İddiaçı ümumilikdə 396,85 manat iddiaçının bərpa edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutularaq bərpa edilmişdir. Göründüyü kimi Mərkəzi Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı “qərarın ləğv edilməsi və pensiyadan tutulan məbləğinin geri qaytarılması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul etməyi xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X12 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE 07980324 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə İmişli şəhərində anadan olmuş, İmişli şəhəri, R.Əliyev küçəsi, ev 46 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.1976-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə X16 şəxsinin Mil-Muğan regional filialının böyük mütəxəssisi X2, İmişli Regional Xüsusi X3 Mərkəzi PHŞ-nin direktor müavini X6 və kompyuter üzrə operator X7 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək və xx.xx.2010-cu ildən hal-hazıradək İmişli rayon Taun Əleyhinə şöbədə işlədiyi dövr üzrə əmək stajı yerində qarşılıqlı yoxlanılaraq müəyyən edilmişdir ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.2003-cü il tarixdə 07 nömrəli əmri ilə İmişli rayon Taun Əleyhinə şöbəyə (hazırki, AR Səhiyyə Nazirliyi İmişli Regional Xüsusi Təhlükəli İnfeksiyalaraNəzarət Mərkəzi PHŞ-ə) böyük mühasib vəzifəsinə daxil olmuş, xx.xx.2004-cü il tarixdə 20 nömrəli əmr ilə işdən azad olunmuşdur. xx.xx.2010-cu il tarixdə 24 nömrəli əmr ilə şöbənin kompyuter-operator vəzifəsinə təyin edilmiş və xx.xx.2011-ci il tarixdə 39 nömrəli əmr ilə mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.2013-cü il tarixdən 44 nömrəli əmr ilə ştat cədvəlinə uyğun olaraq baş mühasib təyin olunmuşdur və hal-hazıradək həmin vəzifədə çalışmaqdadır. Əmək haqqı kitablarına baxış keçirilərkən məlum olmuşdur ki, müvafiq dövrlərdə vətəndaş əmək haqqı almışdır və şöbənin xx.xx.2003-cü il tarixdən xx.xx.2004cü il tarixədək vətəndaşın adına MDSS ödənilməsi tərəflərindən müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 260,94 manat, xx.xx.2022-ci il tarixdən ömürlük 269,81 qəpik güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, **********2 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 529 manat 18 qəpik güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “İmişli Regional Xüsusi X3 Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 151 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən İmişli rayon Taun Əleyhinə şöbədə xx.xx.2003-xx.xx.2004-cü ildə böyük mühasib, xx.xx.2010-xx.xx.2011-ci illərdə kompüter üzrə mütəxəssis, xx.xx.2011-ci ildən indiyədək baş mühasib vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarına 2 №-li əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüquqi verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin” 2№-li Siyahısının XXİV bölməsinin (Səhiyyə və sosial təminat idarələri) 22600000-1754a şifrəsi (tauna qarşı idarələrdə məşğul olan işçilər) Mərkəzin işçilərinə şamil olunur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-191584/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixindən Fondun İmişli rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı artıq ödənilmiş 7353,41 manat pul vəsaiti 2022-ci ilin noyabr ayından etibarən hissə-hissə (hər ay 53,96 manat) onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Qalıq məbləğ 1 avqust 2024-cü il tarixinə 6220,25 manat təşkil edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sənədlərdə onun xx.xx.2003-xx.xx.2004-cü il və xx.xx.2010-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə X5 Şöbəsində bövük mühasib və kompüter üzrə mütəxəssis vəzifələrində arasındakı dövrlər)) təşkil etmişdir. Eyni zamanda, qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajının xx.xx.2021-ci il tarixində tamamlandığı müəyyən edilmişdir. Ona görə də güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx.xx.2015-ci il tarixindən deyil, xx.xx.2021-ci il tarixindən yaranmışdır. Ona güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmadığı xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19292,54 manat artıq pul vəsaitinin ödənildiyi Fondun Daxili nəzarət departamenıı tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdən təyin edilmiş və xx.xx.2022-ci il tarixli qərarla yenidən hesablanmış pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Departamenti tərəfindən aparılmış araşdırma nəticəsində dayandırılmışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş və xx.xx.2022-ci il tarixli qərarla yenidən hesablanmış pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə pensiyanın dayandırılması barədə qərar qəbul edərək xx.xx.2022-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, inzibati orqan pensiya təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilən zaman qanunvericiliyin tələblərinə riayət etməmişdir. İddiaçı onun pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa edilməsini tələb etməkdə haqlı olduğu üçün onun pensiyası cavabdeh tərəfindən dayandırıldığı tarixdən bərpa edilməlidir. Cavabdeh orqan iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi zamanı yanlışlığa yol verilməsi halına istinad edərək, əmək pensiyası məbləğini yenidən hesablayaraq, iddiaçıya artıq pensiya ödənişlərinin ödənilməsini müəyyən edərək, iddiaçıya ödənilən pensiya məbləğindən tutulmaları həyata keçirir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən bu qənaətə iddiaçı barəsində güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı inzibati icraatı təzələməklə, inzibati icraat aparılmaqla gəlinməmişdir. Halbuki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati aktın dəyişdirilməsi üçün əsaslar müəyyən etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bundan əlavə, artıq ödənilmiş pensiya məbləğinin iddiaçının əmək pensiyası məbləğindən tutulması onun razılığı əsasında həyata keçirilməmiş, bu barədə iddiaçının razılığı olması halı müəyyən edilməmişdir. Bundan əlavə, hazırkı iş üzrə qeyd edilən halla bağlı cavabdeh tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət edilməsi və bu barədə məhkəmə qərarının olması halı da aşkar edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan onun əmək pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulması qanunvericiliyin müvafiq normasının dispozitiv şərtləri ilə uzlaşmamaqla, qanunvericiliyin tələbinə zidd olmuşdur. Nəticə etibarilə indiki halda cavabdehin iddiaçının yaşa görə pensiya hüququnun 2015-ci ildən deyil, 2021-ci il tarixdən yaranmış olması halına istinad edərək, əmək pensiyasını yenidən hesablamaqla, pensiya məbləğini azaltması, artıq ödəmə məbləğini müəyyən etməsi və tutulma aparması qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-895/2023 nömrəli xx.xx.2023-cü il tarixli (üç ulduzlu) qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırlması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Beləliklə, iddia təmin edilməli, İddiaçı tələbi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli və xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarların ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli və xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarların ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar