Məhkəmə qərarları › İş №2-1(120)-943/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-943/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-943/2021 14.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 25.10.2019-cu il tarixli, **********094200 nömrəli, 12.02.2020-ci il tarixli, **********310800 nömrəli və 30.04.2020-ci il tarixli, **********358000 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış vergi borcunun silinməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı hesablanmış verginin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 25.10.2019-cu il tarixli, **********094200 nömrəli, 12.02.2020-ci il tarixli, **********310800 nömrəli və 30.04.2020-ci il tarixli, **********358000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış vergi borcunun silinməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadına əsasən iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı tərəfindən borcun silinməsinə dair iddia tələbi ilə bağlı iddianın predmeti olan borcun yaranmasına səbəb olmuşi 25.10.2019-cu il tarixli **********094200 nömrəli, 12.02.2020-ci il tarixli **********310800 nömrəli və 30.04.2020-ci il tarixli **********358000 nömrəli “Vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarları həmin tarixdə iddiaçının elektron qutusuna göndərilmiş 15.01.2020-ci il, 03.04.2020-ci il və 07.05.2020-ci il tarixlərdə iddiaçı tərəfindən oxunmuşdur. Vergi Məcəlləsinin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Eyni zamanda iddiaçı ilə cavabdeh vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” Müqaviləsinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Göründüyü kimi, iddiaçıya elektron formada göndərilmiş 25.10.2019-cu il tarixli **********094200 nömrəli, 12.02.2020-ci il tarixli **********310800 nömrəli və 30.04.2020-ci il tarixli **********358000 nömrəli “Vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarları onun tərəfindən oxunmuş və həmin sənəd qanunun tələbinə əsasən iddiaçı üçün hüquqi qüvvəyə malikdir. Qanunun tələbinə görə iddiaçı həmin inzibati aktdan narazı qaldığı halda Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən 3 ay müddətində yuxarı vergi orqanına və ya İnzibati Prosessual Məcəllənin 38.1 -ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə müraciət edə bilərdi. Beləliklə, iddiaçı 25.10.2019-cu il tarixli **********094200 nömrəli, 12.02.2020-ci il tarixli **********310800 nömrəli və 30.04.2020-ci il tarixli **********358000 nömrəli “Vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarları əsasnda hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini buraxmış və həmin halın üzürlü olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1 -ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Vergi ödəyicisi 2021-ci ilin aprel ayında (11 aydan çox müddət keçdikdən sonra) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Ona görə də iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan 8 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatından görünür ki, 25.10.2019-cu il tarixli, **********094200 nömrəli qərar elektron üsulla 28.10.2019-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən 15.01.2020-ci il tarixdə oxunmuşdur. İş materialında olan 8 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatından görünür ki, 12.02.2020-ci il tarixli, **********310800 nömrəli qərar elektron üsulla 13.02.2020-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən 03.04.2020-ci il tarixdə oxunmuşdur. İş materialında olan 8 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatından görünür ki, 30.04.2020-ci il tarixli, **********358000 nömrəli qərar elektron üsulla 01.05.2020-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən 07.05.2020-ci il tarixdə oxunmuşdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi hazırda qüvvədə olan qanunvericilik vergi orqanı tərəfindən qəbul edilmiş qərarın elektron üsulla göndərilməsinin mümkünlüyü təsbit edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 25.10.2019-cu il tarixli, **********094200 nömrəli, 12.02.2020-ci il tarixli, **********310800 nömrəli və 30.04.2020-ci il tarixli, **********358000 nömrəli qərarlar 28.10.2019-cü, 13.02.2020-ci və 30.04.2020-ci il tarixlərdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərarlar iddiaçı tərəfindən 15.01.2020-ci, 03.04.2020-ci və 07.05.2020-ci il tarixlərdə oxunmuşdur. Bundan başqa, iddia ərizəsinə iddiaçının qanunverciliklə müəyyən edilmiş müddətdə yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) müraciət etməsinə dair mötəbər sübutlar (poçt qəbzi və s.) əlavə edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının sözügedən qərarları mübahisələndirməyə dair subyektiv hüququ qərar ona təqdim edilən vaxtdan yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Mübahisələndirilən inzibati aktların qəbul edilməsindən 1 (bir) ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 15.01.2020-ci, 03.04.2020-ci və 07.05.2020-ci il tarixlərdən mübahisələndirdiyi qərarlardan məlumatı olmuşdur. İddia ərziəsi isə 14.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə iddia müddəti ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya 21.06.2021-ci il tarixli, 2-1(120)-943/2021 saylı hüquqi yardım məktubu ünvanlanaraq, həmin hüquqi yardım məktubuna münasibət bildirmək təklif olunmuş, lakin iddiaçı hüquqi yardım məktubuna heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 25.10.2019-cu il tarixli, **********094200 nömrəli, 12.02.2020-ci il tarixli, **********310800 nömrəli və 30.04.2020-ci il tarixli, **********358000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış vergi borcunun silinməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar