Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-944/2023 20.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2021-ci il tarixdən təyin olunan ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Mil-Muğan regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən təyin olunan ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, göstərilən ünvanda yaşayır və həmin ünvanda qeydiyyatdadır. Aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi ilə bağlı 01 may 2021-ci il tarixli müraciəti əsasında onun ailəsinə 302,08 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin heç bir hüquqi əsas olmadan ailəsinə təyin olunan ÜDSY xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmışdır. Bununla bağlı aidiyyatı üzrə cavabdehə və onun tabe olduğu orqanlara rəsmi ərizə ilə şikayət etməli olmuşdur. O, İİ qrup əlildir, dövlət orqanı onun əlillik dərəcəsi ilə bağlı aldığı pensiyanı xx.xx.2021-ci il tarixdə kəsmişdir. Həmçinin Azərbaycan Dövləti onların ailəsinə heç bir yardım vermir, uşaq pulu verilmir, sonuncu ümid yeri kimi təyin olunan qanuni ünvanla sosial yardımı da kəsərək taleyin ümidinə buraxır. Müraciəti ilə bağlı aidiyyatı dövlət qurumlarından ona məntiqsiz, əsassız və bir-birinə uyğun olmayan cavablar göndərilmişdir. Nazirliyin rəsmisi ona əlilliklə bağlı MEİS-in «Əlillik» sisteminə müraciət etməməsini səbəb kimi göstərsədə (halbuki, qanunsuz olaraq pensiyasını kəsiblər) cavabdeh orqan ona ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay ərzində kart hesabından pulu götürməmək kimi səbəb göstərmişdir. Yəni cavabdeh və onu təmsil edən orqanlar nə etdiklərini hansı səbəbi göstərmələrini özləri belə müəyyən edə bilmirlər. Nəticə etibarı ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-944/2023 nömrəli qərardadı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Mil-Muğan regional filialının cavabdeh sırasından çıxarılması, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tanınması qərara alınmışdır. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı “ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)- 2477/2022 nömrəli inzibati iş vardır. Hesab edirik ki, icraatınızda olan 2-1(120)-2477/2022 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı 01 may 2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş və ona 302,08 manat ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Lakin iddiaçı 2 aydan artıq müddətə təyin olunmuş sosial yardım məbləğini üzrsüz səbəbdən kart hesabından çıxarmadığına görə VEMTAS tərəfindən ünvanlı dövlət sosial yardım dayandırılmışdır. 11,05.2022-ci il tarixdə iddiaçı cavabdeh orqana müraciət edərək ona ünvanlı dövlət sosial yardımın təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində, cavabdeh orqan xx.xx.2022ci il tarixdə məlumat vermişdir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.5ci maddəsinə əsasən sosial yardım göstərilən ailə tərəfindən ünvanlı dövlət sosial yardımın ardıcıl iki ayının məbləği kart hesabından çıxarılmaması ünvanlı dövlət sosial yardımın dayandırılmasının əsası kimi çıxış edir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Həmin Qanunun 10.1-ci maddəsinə istinadən ailə, sosial yardımın təyin olunmasına və ya məbləğin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə, yəni ailənin tərkibi və gəliri haqqında məlumatlar tam və düzgün olmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, belə məlumatlar sosial yardım alan ailə tərəfindən müvafiq icra hakimiyyət orqanına 15 iş günü müddətində verilməlidir. Qanunun 10.4-cü maddəsindən aydın olur ki, ailə o zaman ünvanlı dövlət sosial yardım almaq hüququnu itirir ki, sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəiiri haqqında) düzgün olmayan və ya natamam məlumat verilsin. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.5-ci maddəsinə əsasən Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır. Belə ki, iddiaçı 2 ay ardıcıl olaraq ünvanlı dövlət sosial yardımın məbləğini kart hesabından çıxarmadığından ona sosial yardım göstərilməsi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Eləcə də, iddiaçı “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun 10.4-cü maddəsinin tələblərini pozmuşdur və öz ailəsinin gəlirləri barədə düzgün məlumat verməmişdir. İddiaçının ailə üzvü X2 ilə əlaqədar hal-hazırda muzdla işləyən olması məlumatı həqiqəti əks etdirməmişdir. Eləcə də onun son 12 ayda muzdlu işdən gəliri olmuşdur seçimi də öz təsdiqini tapmamışdır. Nəticə etibarilə, Nazirlər Kabinetinin Qərarının 4.5-ci və Qanunun 10.4-cü maddələrindəki hallar öz təsdiqini tapdığından iddiaçının aldığı ünvanlı dövlə sosial yardım dayandırılmışdır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)- 2477/2022 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 07554689 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, bank kartının surəti, yaşayış yerindən arayışı, bank hesabı, cavabdehin imtina məktubları, ödəniş kartı üzrə çıxarışın surəti aiddir. Həmçinin cavabdeh inzibati icraat materiallarını məhkəməyə təqdim etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3-ci maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 10.1-ci maddəsinə əsasən sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. 10.3-cü maddəsinə əsasən sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: 4.6-cı bəndinə əsasən ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. 4.7-ci bəndinə əsasən sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. İş materiallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçının 2 ay ardıcıl olaraq ünvanlı dövlət sosial yardımın məbləğini kart hesabından çıxarmadığını əsas gətirərək, ona sosial yardım göstərilməsi xx.xx.2022-ci il tarixdən dayandırmışdır. Eləcə də, iddiaçı “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun 10.4-cü maddəsinin tələblərini pozmuşdur və öz ailəsinin gəlirləri barədə düzgün məlumat verməməsini, iddiaçının ailə üzvü X2 ilə əlaqədar hal-hazırda muzdla işləyən olması məlumatı həqiqəti əks etdirməməsini, eləcə də onun son 12 ayda muzdlu işdən gəliri olmasının da öz təsdiqini tapmaması əsas gətirilərək, ona təyin olunmuş ünvanlı dövlət sosial yardımı dayandırılmışdır. Məhkəmə yuxarıda qeyd olunanlar ilə əlaqədar olaraq bildirir ki, iş materiallarında olan kart hesabından çıxarışdan görünür ki, iddiaçı bank kartına köçürülmüş sosial yardım məbləğini mütəmadi olaraq ay ərzində hissə-hissə çıxarmışdır. Bundan əlavə iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarında olan xx.xx.2022-ci il tarixli, **********459 nömrəli ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatdan görünür ki, ailə tərkibi 4 nəfərdən ibarət olmuş, təmsilçi marketdə satıcı işləməsi qeyd olunmuşdur. İddiaçının həyat yoldaşı X1 isə çörək sexində işləməsi, bundan əlavə isə evdə dərzilik peşəsi ilə məşğul olması, yəni günəmuzd işləməsi və aylıq 100 manat qazancının olması qeyd edilmişdir. Halbuki, məhkəmə iclasında izahatında iddiaçı maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda qeyd olunan X1 “çörək sexində işləmə” barədə məlumatın texniki səhv olaraq qeyd edilməsini, həmçinin blankın qeyd hissəsinin onun tərəfindən yazılmamasını, imzalayarkən həmin hissənin boş olmasını bildirmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, ailəyə ünvanlı sosial yardım təyin olunarkən də, iddiaçının həyat yoldaşı X2 çörək sexində işləməmiş, sosial yardım təyin olunarkən də çörək sexi ilə əmək müqaviləsi və bildirişi olmamışdır. O cümlədən məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən X1 ünvanlı sosial yardım təyin olunan zaman nə də təyin olunmamışdan əvvəl çörək sexi ilə əmək müqaviləsi və bildirişinin olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdehin imtinasında və etirazında qeyd edilən əsaslarla iddiaçıya təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması qanunsuz olmuşdur. Həmçinin imtinada və etirazda qeyd edilənləri sübuta yetirəcək dəlillər də təqdim olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən təyin olunan ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən təyin olunan ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-944/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-944/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver