Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-944/2024 07.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2016-cı il tarixli, 02 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2016-cı il tarixli, 02 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1985-ci il tarixdə Şirvan Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Riqa şəhərində Sovet Ordusu sıralarında sıravi əsgər kimi bir il 6 ay hərbi xidmət keçəndən sonra imtahan verib AR Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə qəbul olunmuşdur. xx.xx.1991-ci il tarixdə leytenant rütbəsi və Diplom almışdır. xx.xx.1992-ci il tarixədək Moldova Respublikası Tiraspol şəhərində N saylı hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində xidmətə başlamışdır. xx.xx.1992-ci il tarixdə AR Zaqafqaziya Hərbi Dairəsi Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən 92128 saylı Hərbi Hissəyə motoatıcı tağım komandiri vəzifəsinə köçürülmüşdür. xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək N saylı hərbi hissədə kadrlar bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. 2015ci ilin dekabr ayında Müdafiə Nazirliyinin daxili təhlükəsizlik idarəsindən yoxlama gəlmiş və otağında olan ona məxsus bir ədəd noutbuk-kompüterin hərbi hissənin məxfi şöbəsindən qeydiyyatdan keçmədiyini ona irad tutmuşlar. O, da cavab vermişdir ki, bu, onun şəxsi əmlakı olduğuna görə qeydiyyata almayıblar. Lakin, bundan sonra, AR Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Müdafiə Nazirinin 1-ci müavini Nəcməddin Sadıqovun 02 saylı, xx.xx.2016-cı il tarixli əmri ilə əsassız olaraq ona inzibati cəza kimi şiddətli töhmət elan edilmiş, birdəfəlik pul mükafatının (13-cü məvacib) verilməsindən imtina edilmiş və ustalıq məharət dərəcəsi ləğv edilmişdir. 2016-cı ilin sentyabr ayında Milli Ordudan tərxis olunmuşdur. Hesab etmişdir ki, inzibati cəza olaraq eyni vaxtda ona ilk dəfədən şiddətli töhmət elan edilməsi, birdəfəlik pul mükafatının (13-cü məvacib) verilməsindən imtina edilməsi və ustalıq məharət dərəcəsinin ləğv edilməsi qeyri-qanuni və əsassızdır. Ona görə də xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh AR Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin, xx.xx.2023-cü il tarixli məktubla ona imtina edilmişdir. Bildirir ki, ona məharət dərəcəsi Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik cənab Zakir Həsənovun əmri ilə verilmişdir. Həmin əmri ləğv etmək hesab edir ki, 1-ci müavinin səlahiyyətinə aid deyil. Hesab edir ki, ona verilmiş imtina əsassızdır, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, 2021-ci ilin noyabr ayında əmrlə işdən azad edilərək ehtiyata buraxılmışdır. E.Əliyevin hərbi biletinin V.Xüsusi qeydlər bölməsində “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.” Qeyd yazılmışdır. Qeydə baxmayaraq müvafiq əmrin surəti iddiaçıya təqdim edilməmişdir. Həmin vaxtdan indiyə kimi dəfələrlə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra, SHXÇDX) müraciət etməsinə baxmayaraq barəsində olan əmrin surəti ona təqdim edilməmiş və göndərilməmişdir. Məhkəmə iddiaçının ərizədə qeyd etdiyi hallara münasibətdə iş materiallarında olan sənədlərə və sübutlara əsaslanaraq müəyyən edir ki, iddiaçının uzun müddətdir ki, mübahisəli əmrdən məlumatı vardır. Belə ki, inzibati orqan tərəfindən xx.xx.2016-cı il tarixli əmr ilə İddiaçı inzibati cəza kimi şiddətli töhmət elan edilmiş, birdəfəlik pul mükafatının (13-cü məvacib) verilməsindən imtina edilmiş və ustalıq məharət dərəcəsi ləğv edilmişdir. Müddətin axımı inzibati qanunvericiliyə müvafiq olaraq həmin inzibati aktın elan edildiyi vaxtdan başlamışdır. Məhkəmə qeyd edir ki, əmr qəbul edildikdən sonra aparılmış hər hansı bir araşdırma iddiaçını inzibati aktı mübahisələndirmək imkanından məhrum etmirdi. Həmçinin məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı bildirmişdir ki, həmin əmri 10 yanvar 2016-cı il tarixdə almış, hüquqi savadı olmadığına görə həmin əmri 30 gün müddətində mübahisələndirilməli olduğunu bilməmişdir. Və iddiaçı inzibati məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə, yəni kifayət qədər uzun müddət ötürüldükdən sonra Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizəninin təqdim edilməsi hüququ izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2016-cı il tarixli, 02 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2016-cı il tarixli, 02 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-944/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-944/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver