Məhkəmə qərarları › İş №2-1(120)-944/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-944/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-944/2025 30.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Salyan şəhəri, İ.Quliyev, ev 7 ünvanının X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Salyan şəhəri, İ.Quliyev, ev 7 ünvanının X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum əri X6 ilə ünvan 1 ünvanında hələ 1980-ci ildən yaşamağa başlamış, 1992-ci il tarixdə Salyan rayon İcra Hakimiyyətinin 22 sentyabr 1992-ci il tarixli, 414 nömrəli əmri ilə həmin mənzilə yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə götürülmüşdürlər. AR X7 filialı tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli, 35 nömrəli arxiv çıxarışından da görünür ki, Salyan rayon İcra Hakimiyyətinin 22 sentyabr 1992-ci il tarixli, 414 nömrəli əmri ilə Lesxoz küçəsi 7 nömrəli kommunal mənzilində yaşayan X6 yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Keçmiş Mənzil Məcəlləsinin 28-ci maddəsində deyilirdi ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər, həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 30-cu maddəsində deyilirdi ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. İstinad olunan normalardan da göründüyü kimi onlar elə əvvəldən də adıçəkilən mənzildə yaşadıqları üçün, elə həmin yaşayış yerində də mənzil qeydiyyatına alınmışlar. Göstərilən tarixdən həmin ünvanda yaşamış, həmin mənzili özlərinin mülkiyyəti hesab etmiş, hətta həmin ünvana yaşayış yeri üzrə qeydiyyata da düşmüşdürlər. Salyan Rayon İcra Hakimiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1630 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və 2005-ci ildən qeydiyyatdadır. Salyan rayon RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Salyan şəhəri, İ.Quliyev ev 7 ünvanında qeydiyyatdadır. Göründüyü kimi ən azından xx.xx.2005-ci il tarixdən mübahisəsi gedən binada yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həyat yoldaşı vəfat etsə də, uşaqları və nəvələri ilə həmin ünvanda yaşamağa davam etmiş, uşaqları və nəvələri də həmin ünvana yaşayış yerinə qeydiyyata alınmışdır. Eləcə də uzun illərdir orada məskunlaşıb yaşadığı üçün orada müxtəlif təmir tikinti, abadlaşdırma və yenidənqurma işləri həyata keçirmiş və başqa yaşayış yeri yoxdur. İddiaçının mərhum əri özünün mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirməsə də, həmin yaşayış sahəsinə gözlənilən mülkiyyət hüququ olmuşdur. Onun vəfatından sonra isə bu hüquq vərəsələrinə-yəni iddiaçıya keçmişdir. İddiaçının bu yaşayış sahəsinə həqiqətən ehtiyacı vardır. İddiaçı və onun ailəsi mübahisəsi gedən yaşayış sahəsini qanunsuz zəbt etməyib, həmin mənzil ona dövlət orqanları tərəfindən müvafiq əmrlə ayrılıb. İddiaçı da dövlət orqanlarının bu qaydada davranmasına etimad edib və orda daimi əsaslarla yaşamışdır. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Salyan şəhəri, İ.Quliyev ev 7 ünvanının X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iddiaçının iddia ərizəsindən görünür ki, Salyan şəhəri, İ.Quliyev, ev 7 ünvanının X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhtəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən хаhiş еtmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-48 DA/9F-2-35 nömrəli arxiv çıxarışından görünür ki, Salyan rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci ilə aid 414-ə nömrəli əmri ilə Lesox küçəsi, 7 nömrəli kommunal mənzilində yaşayan X2 yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-2848/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 13 saylı Şirvan ərazi idarəsinin arxiv materiallarında Salyan şəhəri, İ.Quliyev, ev 7 ünvanının mərhum X4 məxsus olması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-71-6/2-736/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum X1 şəhəri, İ.Quliyev, ev 7 mənzil 1 ünvanında qeydiyyatda olmuş və yaşamış, lakin həmin ünvanın kimə məxsus olması barədə Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində heç bir məlumat yoxdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər və məhkəmənin sorğusu əsasında göndərilmiş cavab məktubları nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, Salyan şəhəri, İ.Quliyev, ev 7 ünvanının mərhum X4 məxsus olmadığı müəyyən olunmuşdur. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Beləliklə də iddiaçının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1392/20 nömrəli 13 oktyabr 2020-ci il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübutun olması müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri də iddiaçı tərəfindən iddia edilən Salyan şəhəri, İ.Quliyev, ev 7 ünvanın mərhum X4 qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən hər hansı hüquqi əsasla mərhum X4 məxsus mənzilə dair arayışın verilməsindən imtina etmiş olsun. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlərdən hazırda mübahisələndirilən mənzilin hər hansı hüquqi əsasla hazırda mərhum X4 məxsus olması müəyyən edilməmişdir. İddiaçı Salyan rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci ilə aid 414-ə nömrəli əmri ilə Lesox küçəsi, 7 nömrəli kommunal mənzilində yaşayan X2 yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi qərara alındığına istinad etsədə, X8 şəhəri, İ.Quliyev, ev 7 ünvanda yerləşən mənzillə təmin olunmasına dair hüquq müəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Rafiq Ağayevin mənzil növbəsinə götürülməsi onun Salyan şəhəri, İ.Quliyev, ev 7 ünvanında yerləşən mənzillə təmin edilməsi hesab edilməməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına, həmçinin hər hansı qanuni əsaslardan biri ilə torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair sübutların təqdim edilməsinin zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Salyan şəhəri, İ.Quliyev, ev 7 ünvanının X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar