Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-946/2025 09.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət dövrü ərzində istifadə etmədiyi növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət dövrü ərzində istifadə etmədiyi növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində N №-li hərbi hissənin zabit kimi həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli 0371 nömrəli əmrinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0380 nömrəli əmrinə əsasən "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Zabit kimi hərbi xidmət dövrü ərzində növbəti məzuniyyətdən ümumiyyətlə istifadə etməmişdir. Hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi üçün o, xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət elmişdir. Cavabdeh Müdafiə Nazirliyi onun ərizəsini baxılması üçün 201-№-li hərbi hissəyə (AR Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığına) göndərmişdir. N №-li hərbi hissə isə öz növbəsində onun ərizəsini baxılması üçün N №-li hərbi hissəyə (Bərdə hərbi birləşməsinə) göndərmişdir. Bərdə hərbi birləşməsindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, pul kompensasiyasının ona ödənilməsi üçün sənədləri hazırlanır. Lakin bu günə qədər ona heç bir kompensasiya hesablanmamış və ödənilməmişdir Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunaraq 1994 və 1995-ci illər hərbi xidmət dövrü ərzində istifadə etmədiyi növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə iddiaçının ərizədə qeyd etdiyi hallara münasibətdə iş materiallarında olan sənədlərə və sübutlara əsaslanaraq müəyyən edir ki, iddiaçı uzun müddətdir ki, Silahlı Qüvvələrin şəxsi heyətinin siyahısından çıxarılmışdır və 1994-1995-ci illər ərzində istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyası tələbindən kifayət qədər uzun müddət keçmişdir. Belə ki, iddiaçı hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi dövrlərə münasibətdə ona məzuniyyət və ya məzuniyyət pulunun ödənilib-ödənilməməsini mötəbər sübutlara sübuta yetirə bilmir. Müdafiə Nazirliyi məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1 (120)-3180/2024 №-li məktubuna cavab olaraq bildirmişdir ki, Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbindən gəlmiş, kiçik leytenant İddiaçı Əziz oğlu Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1993-cü il tarixli 072 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 72 №-li əmrilə (əsas: §-1, səh-118, əmrdə atasının adı “Əziz", hərbi rütbəsi “kiçik leytenant” yazılmışdır) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissədən gəlmiş kiçik leytenant İddiaçı Əziz oğlu N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 77 №-li əmrilə (əsas: §-3, səh-13, sıra-2 əmrdə atasının adı “Əziz”, hərbi rütbəsi “kiçik leytenant” yazılmışdır) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq silah üzrə rabitə bölüyündə komandir müavini vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 272 №-li əmrilə (əsas: §-4, səh-45, sıra-1, əmrdə hərbi rütbəsi “kiçik leytenant” yazılmışdır, vəzifəsi göstərilməmişdir) 6-cı motoatıcı taborun hərbi qulluqçusu, kiçik leytenant İddiaçı ştatdan kənar edilmişdir. 6-cı motoatıcı taborun hərbi qulluqçusu, kiçik leytenant İddiaçı Əziz oğlu hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 281 №-li əmrilə (əsas: §-1, səh-11, əmrdə atasının adı “Əziz”, hərbi rütbəsi “kiçik leytenant” yazılmışdır, vəzifəsi göstərilməmişdir) bütün növ təminatlardan çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etmiş 6-cı motoatıcı taborun hərbi qulluqçusu, leytenant İddiaçı Əziz oğlu hərbi hissəyə qayıtdığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 286 №-li əmrilə (əsas: §-2, səh-17, əmrdə atasının adı “Əziz”, hərbi rütbəsi “leytenant” yazılmışdır, vəzifəsi göstərilməmişdir) bütün növ təminatlara qoyulmuş və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək məzuniyyəti hesabına sayılmışdır. 5-ci motoatıcı taborun hərbi qulluqçusu, kiçik leytenant İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 5 №-li əmrilə (əsas: §-1, səh-5, əmrdə hərbi rütbəsi “kiçik leytenant” yazılmışdır) bütün növ təminatlardan çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etmiş 5-ci motoatıcı taborun hərbi qulluqçusu, leytenant İddiaçı hərbi hissəyə qayıtdığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 11 №-li əmrilə (əsas: §-2, səh-12, əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır, vəzifəsi göstərilməmişdir) bütün növ təminatlara qoyulmuş və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək məzuniyyəti hesabına sayılmışdır. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli 3/4-2770 №-li sərəncamına əsasən, sıravi İddiaçı Əziz oğlu hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 120 №-li əmrində (əsas: §-1 əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) bütün növ təminatlardan və siyahılardan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, ehtiyata buraxılma əmri qəbul edildikdən sonra aparılmış hər hansı bir araşdırma iddiaçını hazırki tələbi mübahisələndirmək imkanından məhrum etmirdi. Həmçinin iddiaçı ərizəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Lakin iddiaçı inzibati məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə, yəni kifayət qədər uzun müddət ötürüldükdən sonra Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizəninin təqdim edilməsi hüququ izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət dövrü ərzində istifadə etmədiyi növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət dövrü ərzində istifadə etmədiyi növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-946/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-946/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver