Məhkəmə qərarları › İş №2-1(120)-947/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-947/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-947/2024 14.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsi bağladığı vaxtdan ehtiyatda olan hərbi qulluqçu kimi müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi və mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsi bağladığı vaxtdan ehtiyatda olan hərbi qulluqçu kimi müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi və mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. xx.xx.2001-ci ildə hərbi xidməti bitirmişdir. Bundan sonra xx.xx.2003cü il tarixdən Bakı şəhəri Təlim-Tədris Mərkəzində gizir hazırlığı kursunda məxfi hissə rəisi ixtisası üzrə kursu xx.xx.2004-cü il tarixdə bitirmişdir. Kursu bitirdikdən sonra 1 (bir) ay müddətinə verilmiş məzuniyyətdən sonra xx.xx.2004-cü il tarixdə N nömrəli hərbi hissədə xx.xx.2009-cu il tarixə kimi məxfi hissə rəisi vəzifəsində xidmətini davam etdirmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə məxfi hissə rəisi vəzifəsində xidmətini davam etdirmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmət müddətini başa çatdırdığı üçün (20 il 6 ay) müdafiə nazirinin müavini - X3 xx.xx.2022-ci il tarixli 0109gm nömrəli əmrinə əsasən «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «a» bəndinə (xidmət müddəti başa çatdığına görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2010-cu ildə ailə həyatı qurmuş, 3 övladı var. Ümumilikdə 5 nəfər ailə üzvü var. Həmin 5 nəfər ailə üzvü ilə birlikdə kirayədə yaşayır. Könüllü həqiqi hərbi xidmətdə olduğu müddətdə də xidmət etdiyi hərbi hissədə kirayə haqqı ilə təmin olunurdu. Onun xidmət müddəti başa çatıb ehtiyata buraxıldıqdan sonra şifahi şəkildə dəfələrlə Beyləqan rayon İcra hakimiyyətinin həmin məsələyə baxan şöbəsinin qəbulunda olmuşdur. Faktlarla, sənədlərlə bildirir ki, ona mənzil kirayə haqqı verilməlidir. Bütün bu cəhdlərinə baxmayaraq həmin aidiyyəti şəxslər ona bildirirlər ki, bu tələbi ilə ona mənzil kirayə xərci verilməsi mümkün deyildir. Bundan sonra təkrar olaraq rəsmi qaydada ərizə ilə Beyləqan rayon İcra hakimiyyətinin başçısına müraciət etmişdir. Həmin ərizədə həm faktları, sənədləri göndərməklə həm də hansı hərbi qulluqçulara mənzil kirayəsi xərclərinin verilməsi barədə «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununu da qeyd etmişdir. Bütün bunlara baxmayaraq Beyləqan rayon İcra hakimiyyəti həmin ərizəsinə 18 may 2023- cü il tarixli cavab məktubunda bildirir ki, sizin 20 il 6 ay xidmət edib xidmətinizi başa çatdırdığınız üçün ehtiyata buraxıldığına görə mənzil kirayə haqqı ilə təmin olunmursunuz. Onun kimi hərbi xidmət keçmə haqqında qanunun 156-cı maddəsinin «a» bəndi ilə ehtiyata buraxılmış ayrı-ayrı rayonlarda yaşayan hərbçi yoldaşlardan maraqlanmış, onlar kirayə haqqı ilə təmin olunurlar. Lakin Beyləqan rayon İcra hakimiyyətində bu qanuna əməl etmirlər. Əlbətdə ki, bu fikirlə razılaşmır. Hərbi qulluqçuların statusu haqqında qanunun 12ci maddəsini nəzərə alaraq ailə üzvləri ilə birlikdə kirayə haqqı ilə təmin olunmalıdır. Hərbi qulluqçularının statusu haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında deyilir: «Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.» Çox maraqlıdır ki, Beyləqan rayon icra hakimiyyəti bütün bu qanunları bildiyi halda məqsədli şəkildə qanunla mənə verilən hüquqlarımı icra etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü hissəsində bildirilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Həmin qanunun 60-cı maddəsinin 2-ci hissəsində bildirilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Həmin qanunun 26-cı maddəsinin 2-ci hissəsində bildirilir ki, Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının mühafizəsinə təminat verir. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliklərin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcbur etmə haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Bütün bu yuxarıda qeyd etdiyi faktlara və qanunvericiliyin tələblərinə əsasən onun xidmət müddəti başa çatdığı üçün ehtiyata buraxıldığına görə qeydiyyatda olduğu Cavabdeh onu mənzil növbəsinə götürməklə mənzil kirayə xərclərinin ödənilməsi, eyni zamanda kirayə müqaviləsi bağladığı müddətdən ona kirayə xərclərinin ödənilməsi üçün üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddanın təmin olunmasını xahiş etdi. Cavabdeh X5 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini qəbul etməyərək, iddanın rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 2.2-2.2.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-11/1-217/2023 nömrəli arayışında qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsində qeydiyyatda olan baş-gizir xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində gizir hazırlığı kursunda kursant vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında gizirlərin həqiqi hərbi xidmətini keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin X1 xx.xx.2022-ci il tarixli 0109gm nömrəli əmrinə əsasən “Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə və 164-cü maddəsinə müvafiq olaraq (hərbi geyim formasını daşımaq hüququ verilməklə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-37-2/2-M-84-068/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan Rayon İcra Hakimiyyəti bildirir ki, ehtiyatda olan hərbi qulluqçu olduğunuzu nəzərə alıb mənzil növbəsinə alınmağınız və kirayə haqqı ilə təmin olunmağınıza köməklik göstərilməsi barədə Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış müraciətinizə tərəfimizdən baxılmışdır. Məlum olmuşdur ki, siz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 20 təqvim ilindən artıq müddətdə hərbi xidmət keçmiş və "Hərbi xidmətkeçmə" haqqında Əsasnamənin 156-cı maddəsinin "a" bəndi ilə (xidməti müddəti başa çatdığına görə) ehtiyata buraxılmısınız. Nəzərinizə çaldırırıq ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin (Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ) 7-ci bəndində deyilir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər əgər Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ilindən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. Qeyd olunduğu kimi Siz yaşa, xəstəliyə və ştatların ixtisarına görə deyil “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə xidməti müddəti başa çaldığına görə ehtiyata buraxılmısınız. Bu səbəbdən də yuxarıda göstərilən Qanunun 12-ci maddəsinin tələbləri Sizə şamil olunmur. İş materiallarında olan İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı "kirayə müqavilə bağladığı vaxtdan ehtyatda olan hərbi qulluqçu kimi müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi və mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddia ərizəsinə cavabdeh Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilən etirazda qeyd edilmişdir ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddia ərizəsində xidmət müddəti başa çatdığı üçün ordu sıralarından ehtiyata buraxıldığına görə kirayə müqaviləsi bağladığı vaxtdan ehtyatda olan hərbi qulluqçu kimi müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi və mənzil növbəsinə götürülməsi öhdəliyinin qeydiyyatda olduğu və yaşadığı yer üzrə Beyləqan Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bildiririk ki, Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciəti əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsi tərəfindən təqdim olunmuş məktubdan məlum olmuşdur ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmət, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində gizir hazırlığı kursunda kursant vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında gizirlərin həqiqi hərbi xidmətini keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin mavini-X2 xx.xx.2022-ci il tarixli 0109 gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə" haqqında Əsasnamənin 156-cı maddəsini “a” bəndinə əsasən (xidmət müddəti başa çatdıqda) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunduğu kimi İddiaçı yaşa, xəstəliyə və ştatların ixtisarına görə deyil, “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən ehtiyata buraxılmışdır. Bu səbəbdən də "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin tələbləri İddiaçı şamil olunmamışdır. Müraciəti ilə əlaqədar İddiaçı Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-37-2/2-M-84- 068/2023 nömrəli məktubda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin (hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ) 7-ci bəndinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulan hallarada digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun 5 ilindən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulan hallarada digər silahlı birləşmələrin sıralarında xidmət edibsə müvafiq İcra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda da yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. İddiaçı nəzərinə çatdırılmışdır ki, o, yuxarıda qeyd olunduğu kimi yaşa, xəstəliyə və ştatların ixtisarına görə deyil, “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “a” bəndi ilə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Bu səbəbdən də yuxarıda göstərilən Qanunun 12-ci maddəsinin tələbləri İddiaçı şamil olunmamışdır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 saylı qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından da göründüyü kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi haqqı ilə təmin olunma xidmət müddəti başa çatdığı üçün ehtiyata və ya istefaya buraxılmış şəxslər barədə nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, İddiaçı mənzil kirayəsi xərclərinin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən mümkün deyildir. Qeyd edirik ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı 2012-ci il 6 avqust tarixli qərarına əsasən İddiaçı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası İPM-nin 35.3cü maddəsinə əsasən məhkəmədən İddiaçı cavabdeh Beyləqan rayon İcra hakimiyyətinə qarşı “kirayə müqavilə bağladığı vaxtdan ehtyatda olan hərbi qulluqçu kimi müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi və mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iddiasının rədd edilərək mümkünsüz sayılması barədə qərar qəbul edəsiniz. Məhkəmə tədqiqatı zamanı işdə iştirak edən şəxsin izahatından və iş materiallarındakı sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıldığı işin mübahisələndirilməyən halıdır. Hazırkı iş üzrə qiymət verilməli olan məsələ isə ondan ibarətdir ki, öz arzusu ilə ehtiyata buraxılmış hərbi qulluqçu kimi iddiaçının mənzil növbəsinə götürülməsinin qanunvericilikdə nəzərdə tutulub-tutulmamasıdır. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 1-ci bəndinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 1-ci bəndinin son abzasında göstərilmişdir ki, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetini “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları; “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə; “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərardadında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik müəyyən kateqoriya hərbi qulluqçulara və onlarla birlikdə yaşayan ailə üzvlərinə müvəqqəti mənzil kirayəsi xərclərinin hərbi qulluqçu mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək ödənilməsini nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə, belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqavilə bağladığı vaxtdan ehtiyatda olan hərbi qulluqçu kimi müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi və mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar