Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-95/2021 07.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, cavabdehin nümayəndəsi X1 (Ağdam şəhəri, Pərioğulları sahəsi, ev 144-də qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuş, Salyan rayonu, Arbatan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialına müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2019-cu il tarixli, **********4 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-2001-ci illərdə işlədiyi müddətin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, 1970-1971, 1991-2001-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1991-2001-ci illərdə işləyərək əmək haqqı almışdır. Lakin işlədiyi illər əmək kitabçasına daxil edilməmişdir. Bununla bağlı bir sıra orqanlara müraciət etmiş, lakin heç bir nəticəyə nail olmamışdır. Qeyd olunanlara əsasən 1970-1971, 1991-2001-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur və xx.xx.2018-ci il tarixdə 63 yaş 6 ayı (x xxxx 2017-xx xxxx 2018-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 63 yaş 6 aydır) tamam olmuşdur. İddiaçının 1970-1971, 1991-2001-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 02178056 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuş, Salyan rayonu, Arbatan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, 94 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1975-1990-cı illərdə əmək fəaliyyətində olmuşdur. İşdə olan X4 filialının xx.xx.2018-ci il tarixli, 214 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1970-1971, 1991-2001-ci illərdə Əzizbəyov, Ağabəyli, Təbriz kolxozlarında işləmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 234 nömrəli arayışından görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı 05.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialının iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********4 nömrəli imtina məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2019-cu il tarixədək ümumilikdə 2983,80 manat məbləğində vəsait ödənilmişdir. Araşdırma zamanı əmək kitabçası üzrə azı 25 il sığorta stajı müəyyən edilmədiyi üçün yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Belə ki, 1991-2001-ci illər üzrə iş stajı əmək kitabçasında yazılmadığı üçün, qanunvericiliyin tələblərinə görə göstərilən dövrün sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir, yəni həmin dövr nəzərə alınmadıqda yaşa görə əmək pensiyası hüququ verən azı 25 il sığorta stajına malik deyildir. Təyinat əsassız olduğu üçün mövcud qanunvericiliyin tələblərinə görə ödənilən pensiyanın dayandırılması, artıq ödənilmiş 2983,80 manat məbləğində vəsait dövlət büdcəsinə bərpası və digər zəruri tədbirlərin görülməsi qərara alınmışdır. İşdə olan X4 filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 277 nömrəli məktubuna İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli, 214 nömrəli arxiv arayışının verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərini göndərmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Salyan rayonu, Arbatan kəndində yaşayan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ verən azı 25 il ((15 il 07 ay əmək kitabçası üzrə) + (02 il hərbi xidmət) + (09 il, 1970-1971 və 1991-2001-ci illər üzrə, əmək kitabçasında qeyd olunmayan, yəni sığorta stajı kimi müəyyən edilməsi mümkün olmayan illər) = 26 il 07 ay)) sığorta stajı müəyyən edilmişdir. Belə ki, 1970-1971, 1991-2001ci illər üzrə 09 il işləməsi faktı əmək kitabçasında qeyd edilmədiyi üçün, eyni zamanda göstərilən illər nəzərə alınmadıqda, onun yaşa görə əmək pensiyası hüququ verən azı 25 il sığorta stajı olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların aktların qüvvəsi geriyə şamil olunmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (xx.xx.2018-ci il tarixli, 214 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X4 filialının xx.xx.2018-ci il tarixli, 214 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə X4 filialının xx.xx.2018-ci il tarixli, 214 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçının 1970-1971, 1991-2001-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri (9 il) onun sosial sığorta stajına hesablanmalıdır.Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı arxiv arayışlarındakı iş illəri (minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə) nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1970-1971, 1991-2001-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1970-1971, 1991-2001-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-95/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-95/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver