Məhkəmə qərarları › İş №2-1(120)-952/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-952/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-952/2025 21.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “12 yanvar 2024-cü il tarixli, 236 nömrəli informasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması üçün cavabdehin üzərinə müvafiq məcburedici öhdəliyin qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “12 yanvar 2024-cü il tarixli, 236 nömrəli informasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması üçün cavabdehin üzərinə müvafiq məcburedici öhdəliyin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Redaksiya tərəfindən, 48 nömrəli Yol İstismarı MMC-in Lənkəran rayon, (şəhər), cari ildə xidməti ərazisində (avtomobil yollarında) apardığı təmir işləri və avtomobil yollarının saxlanılması ilə bağlı həqiqi informasiya almaq üçün, aidiyyəti üzrə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yazılı müraciət etdik. Lakin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi informasiya sorğularını cavablandırmamışdır. Bununla da, ciddi qanun pozuntusuna yol vermişdir. Hesab edir ki, məlum informasiya sorğularını cavablandırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə müvafiq məcburedici öhdəlik qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq 12 yanvar 2024-cü il tarixli, 236 nömrəli informasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması üçün cavabdehin üzərinə müvafiq məcburedici öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnformasiya əldə etmək haqqında” Qanun: 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1.İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. İddiaçı informasiya sorğusunun inzibati orqan tərəfindən cavablandırılmasını tələb edir. Lakin informasiya sorğusuna baxılan zaman iddiaçının həmin sorğunu hansı məqsədlə, hansı hüquqi marağa əsasən tələb olunduğunun qeyd edilmədiyi müəyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı cavablarda qeyd edilmişdir ki, ünvan 1bə və şəhər daxili yollar Yerli İcra Hakimiyyəti orqanları və Bələdiyyələrin balansında olduğundan həmin yollarda "48 №-li Yol İstismarı” MMC tərəfindən xidmət göstərilmir. "48 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti Nizamnaməsinə uyğun olaraq balansında olan respublika əhəmiyyətli M-3 X2 Respublikası dövlət sərhədi avtomobil yolunun 38 kilometr, R-48 Lənkəran-Lerik avtomobil yolunun 17 kilometr və yerli əhəmiyyətli 201 kilometr uzunluğunda avtomobil yoluna xidməti edir. Həmin yolların normalara uyğun saxlanması istiqamətindən cəmiyyət tərəfindən mütəmadi olaraq cari təmir işləri həyata keçirilir. 2023-2024-cü illərdə avtomobil yollarında aparılmış təmir işləri barədə məlumat təqdim olunur. Qeyd edir ki, ictimaiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə cəmiyyətin malik olduğu bir sıra informasiyaları, o cümlədən yol infrastrukturunun inkişafı ilə əlaqədar aparılan təmir-tikinti işləri və sair məlumatlar tərəflərindən aidiyyəti dövlət orqanlarına və cəmiyyətin təsisçisi olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyə müvafiq məlumatlar təqdim edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də öz növbəsində rəsmi internet ünvanında həmin açıqlanmasını təmin edir, habelə zəruri məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırılır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən balansaa oıan avtomobil yollarının saxlanılması istiqamətində həyata keçirilmiş təmir işləri barədə arayışdan görünür ki, 2024-cü ilin yanvar-dekabr aylarında xidmət etdikləri aşağıda adları qeyd olunan avtomobil yollarında saxlanma işləri görülmüşdür:

1. M-3 Ələt-Astara İ.İ.R-si ilə Dövlət sərhəddi a/yolu uzunluğu 0-38 km.

2. R-48 Lənkəran-Lerik a/yolu 0-17 km

3. Y-42-02 Liman-Sara adası a/yolu 0-22 km

4. Y-42-11 Hirkan-Daştatük-Biləsər a/yolu 0-22 km

5. Y-42-16 Tükəvilə-Köhnə Gəgiran a/yolu 0-16 km

6. Y-42-17 Vilvan-Osaküçə-Türkəncil a/yolu 0-24 km

7. Y-42-16(14km) Xarxatan a/yolu 0-3 km

8. Y-42-08 Yuxarı Nüvədi-Spidor a/yolu 0-6 km

9. Y-42-12 Darquba-Ballabur a/yolu 0-6 km

10. Y-42-16 Lənkəran-Zövlə a/yolu 0-17 km

11. Y-42-16 (4km) Girdəni-Havzava a/yolu 0-6 km

2023-cü ilin yanvar-dekabr aylarında xidmət etdikləri aşağıda adları qeyd olunan avtomobil yollarında saxlanma işləri görülmüşdür:

1. M-3 Ələt-Astara İ.İ.R-si ilə Dövlət sərhəddi a/yolu uzunluğu 0-38 km.

2. R-48 Lənkəran-Lerik a/yolu 0-17 km

3. Y-42-02 Liman-Sara adası a/yolu 0-22 km

4. Y-42-11 Hirkan-Daştatük-Biləsər a/yolu 0-22 km

5. Y-42-16 Tükəvilə-Köhnə Gəgiran a/yolu 0-16 km

6. Y-42-01 Boladi-Zövlə a/yolu 0-10 km

7. Y-42-11 Aşağı Nüvədi-Düşərgə a/yolu 0-12

8. Y-42-17 Vilvan-Osaküçə-Türkəncil a/yolu 0-24 km

9. Y-42-05 Şürük-Vel-Qamışoba a/yolu 0-12 km

10. Y-42-16 (4km) Girdəni-Havzava a/yolu 0-6 km

11. Y-42-16 Lənkəran-Zövlə a/yolu 0-17 km

12. Y-42-16(14km) Xarxatan a/yolu 0-3 km

13. Y-42-16(8km) Veravul-Qarağaclı a/yolu 0-4 km Bundan başqa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi 12 yanvar 2024-cü il tarixli, 236 nömrəli məktubu Agentliyə daxil olmamışdır. Bununla belə, iddia ərizəsində "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı məlumatların təqdim edilməsi barədə xüsusatların qeyd edildiyini nəzərə alaraq bildiririk ki, cəmiyyətin xidmət apardığı ərazi 256 kilometr avtomobil yollarını əhatə edir. Bunlardan 55 kilometri M-3 Ələt- Astara-İran İslam Respublikası, R-48 Lənkəran-Lerik respublika əhəmiyyətli, 201 kilometri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının Siyahısı”nın Lənkəran rayonu üzrə yerli əhəmiyyətli avtomobil yollarıdır. Uzun illər ərzində istismar olunan avtomobil yollarında nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mütəmadi olaraq müvafiq təmir işləri aparılır. Bununla yanaşı məlumat üçün bildiririk ki, özünü “Həqiqətlə üz-üzə” qəzetinin baş redaktoru kimi təqdim edən İddiaçı daha əvvəl Agentliyə dəfələrlə müraciətləri daxil olmuş, bütün müraciətlərdə hər hansı bir konkret avtomobil yolu göstərilmədən müxtəlif regionları əhatə edən, Agentliyin ayrı-ayrı tabeli qurumları tərəfindən aparılan təmir-tikinti işləri barədə məlumatlar tələb olunmuş və həmin müraciətlərə baxılaraq vətəndaşa cavab verilmişdir. Bundan başqa, İddiaçı müraciətlərin cavablandırılması tələbi ilə bir neçə dəfə məhkəməyə müraciət etmiş və həmin iddiaların əsassız olduğu barədə tərəfimizdən münasibət bildirilmişdir. Belə ki, İddiaçı Agentliyin informasiya əldə etmək üçün yaratdığı imkanlarından kifayət qədər səmərəli istifadə etməyərək konkret hansı informasiyanı əldə etmək istədiyi aydın ifadə olunmayan müraciətlər ünvanlamaqda davam edir. Sözügedən bütün müraciətlərə Agentlikdə aidiyyəti üzrə baxılmış və təmir-tikinti işlərinin aparıldığı maraq doğuran avtomobil yollarının adları təqdim olunduqdan sonra ətraflı məlumat verilməsinin mümkün olacağı barədə müraciət müəllifinə müvafiq cavablar verilmişdir. Qeyd edirik ki, ictimaiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə Agentlik malik olduğu bir sıra informasiyaları, o cümlədən ümumiləşdirilmiş statistik məlumatları, tabeliyində olan qurumlar haqqında məlumatları, yol infrastrukturunun inkişafı ilə əlaqədar aparılan təmirtikinti işləri və sair məlumatların Agentliyin rəsmi internet ünvanında açıqlanması təmin edilir, habelə Agentliyin fəaliyyəti barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırılır. Nəzərə almaq lazımdır ki, tələb olunan məlumatın verilməsinə dair sorğunun məqsədi, sorğu edilən məlumatın mahiyyəti, məlumatın əldə edilməsində sorğu edən şəxsin hüquqi marağı sorğuda əsaslandırılmalıdır. Başqa sözlə, iddiaçı sorğu vasitəsi ilə tələb etdiyi məlumatları əldə etməkdə müəyyən legitim və əsaslı məqsəd güdməli, həmin məlumatların təqdim olunması onun hüquqi marağı baxımından zəruri olmalı, müəyyən xidməti və ya ictimai ehtiyacların təmin olunması maraqlarından (məsələn, Limanın fəaliyyəti ilə bağlı hər hansı tədqiqat layihəsi üçün lazım olması və həmin tədqiqat haqqında məlumatı ictimaiyyətə çatdırmaq məqsədilə sorğu edilməsinə dair maraqlardan) irəli gəlməlidir. Hazırkı mübahisəyə münasibətdə həmin məlumatların əldə olunmasında iddiaçı öz dəqiq məqsədi, tələb edilən məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində kəsb etdiyi əhəmiyyəti, hüquqi marağı baxımından məlumatların əldə olunmasının zəruriliyi barədə nə inzibati orqana, nə də məhkəməyə açıqlama verməmiş və bunu dəqiqliklə, ifadə etməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ümumi şəffaflıq və informasiya əldə etmək hüququna istinad olunması həmin məlumatların tələb edilməsi üçün yetərli sayıla bilməz. Bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır ki, məlumat əldə etmək hüququ heç bir ehtiyac və zərurət olmadan, şəxsin hüquqi maraqlarının təmin olunması məqsədi güdmədən hər bir halda informasiya tələb etmək anlamında qiymətləndirilə bilməz. Məhkəmənin bu yanaşması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ağalıyev Azərbaycana qarşı” 8135/12 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Avropa Məhkəməsinin həmin hüquqi mövqeyinə görə, “Məhkəmə “axtarılan məlumatın mahiyyəti” ilə bağlı əlavə müvafiq kontekstual təfərrüatlar olmadan ərizəçinin tələb etdiyi bütün məlumatların, məsələn, AzTV-nin yanacaq və təmir xərcləri və vebsaytın saxlanması xərcləri ilə bağlı məlumatların mütləq ictimai maraq doğuran məsələlər olmaları barədə ərizəçinin iddialarını qəbul edə bilməz. Eynilə, ərizəçinin verdiyi sualların xüsusiyyətlərini və təfərrüatlı xarakterini nəzərə alaraq, məlumatların “mövcud və əlçatan” olub-olmaması sualı yaranır. Sonuncu meyarla əlaqədar olaraq, Məhkəmə təkrar edir ki, Konvensiya ərizəçinin sorğusu üzrə məlumat toplamaq və onu ərizəçinin istədiyi xüsusi formada təqdim etmək öhdəliyi qoymur. Bununla belə, Məhkəmə yuxarıda qeyd edilən iki meyarın yerinə yetirilib-yetirilmədiyini təfərrüatlı formada araşdırmağı zəruri hesab etmir, belə ki, hazırkı işin halları ilə sıx əlaqəli olan məlumat əldə edilməsinə dair sorğunun məqsədi və ərizəçinin roluna dair vacib meyarların təmin olunması iş materialları ilə sübut olunmur. Məlumat əldə edilməsinə dair sorğuların məqsədinə gəldikdə, Məhkəmə bir daha bildirir ki, bu meyarın təmin olunmuş hesab edilməsi üçün ərizəçinin Məhkəmə qarşısındakı icraatda mübahisəli sorğunun verilməsinə dair öz məqsədini ilk dəfə izah etməsi kifayət deyildir. Sorğunu verən şəxs ilk növbədə, müvafiq daxili orqanlar qarşısında, digər məsələlərlə yanaşı, informasiyanın əldə olunması və ictimaiyyətə çatdırılmasında onun xüsusi rolunun sorğu edilən məlumatın mahiyyəti ilə hansı dərəcədə uyğunluğunu göstərməklə sorğunun dəqiq məqsədini və hansı səbəblə onun ifadə azadlığı hüququnun həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyini kifayət qədər izah etməlidir. Ərizəçinin ümumi şəffaflıq prinsipinə əsasən müəyyən məlumatların əlçatan olması barədə mücərrəd fikirləri kifayət deyildir. Bundan əlavə, məlumatın “əldə edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu verən şəxsin rolu xüsusi əhəmiyyət kəsb edir. Əsas məqam, sözügedən məlumatı əldə etmək istəyən şəxsin ictimai “gözətçi” kimi bunu jurnalistləri, QHT-ləri, akademik tədqiqatçıları, ictimai maraq doğuran məsələlərə dair ədəbiyyat müəlliflərini və müəyyən hallarda bloggerləri əhatə edən, lakin bununla məhdudlaşmayan ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə edib-etməməsidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-108/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. İş materiallarından ərizəçinin əldə etmək istədiyi məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində nə üçün mühüm rol oynadığı müəyyən edilmir və buna görə də ona bu məlumatların verilməsindən imtina edilməsi 10-cu maddəyə əsasən ərizəçinin ifadə azadlığı hüququna müdaxilə təşkil etmir. Eləcə də iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciətinə və iddia ərizəsinə baxılan zaman sorğunun ictimai informasiyalı sorğu olduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən İnformasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir. İddiaçı E..Salmanov qeyd edilən sorğunun onun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunması ilə bağlı müvafiq sübutlar təqdim etməmiş, eləcə də sorğunun mahiyyətini əsaslandıra bilməmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə əsasən həmin Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan hallardan başqa, informasiya sorğusunun predmeti ola bilməz. Konvensiyanın 10-cu maddəsi şəxslərə dövlət orqanında olan məlumatları əldə etmək hüququnu vermir və dövləti həmin şəxsə belə məlumatları verməyə məcbur etmir. Bununla belə, birincisi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə belə məlumatların açıqlanması tələb olunduqda və ikincisi, informasiyanın əldə edilməsi fərdin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün bir vasitə olduğu halda, belə bir hüquq və ya öhdəlik yarana bilər. Məlumat verilməsindən imtina edilməsinin ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olub-olmaması və ya hansı dərəcədə müdaxilə təşkil etməsi hər bir fərdi işə əsasən və həmin işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Konvensiyanın 10-cu maddəsinin dövlət orqanlarının məlumatı açıqlamaqdan imtinasına şamil edilibedilmədiyini müəyyən etmək üçün aşağıdakı meyarlar müəyyənləşdirilmişdir: (a) məlumatın verilməsinə dair sorğunun məqsədi; (b) sorğu edilən məlumatın mahiyyəti; (c) məlumatın “qəbul edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu edən şəxsin xüsusi rolu və (d) sorğu olunan məlumatın mövcudluğu və əlçatanlığı.” Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləyə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda qeyd olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar