Məhkəmə qərarları › İş №2-1(120)-960/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-960/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-960/2020 03.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X2, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Beyləqan rayonu Şərq bələdiyyəsinin cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh1 qarşı «icarə müqavilələrinin, çıxarışın ləğv edilməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə» iddia tələbi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Beyləqan rayonu Şərq bələdiyyəsi cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Beyləqan rayonu Şərq bələdiyyəsi ilə Cavabdeh1 arasında 17 oktyabr 2019-cu il tarixli, 3M-266 saylı, Cavabdeh2 arasında 17 oktyabr 2019-cu il tarixli, 3M-265 saylı icarə müqavilələrinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi 23 oktyabr 2019-cu il tarixli və qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi 23 oktyabr 2019-cu il tarixli çıxarışın ləğv edilməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehlərə təqdim olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sabiq Beyləqan rayonu Şərq kənd bələdiyyəsi kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 ilə 17 oktyabr 2019-cu il tarixli, 3M- 266 saylı, Cavabdeh2 ilə 17 oktyabr 2019-cu il tarixli, 3M-265 saylı icarə müqavilələri bağlayaraq torpaq sahəsi icarələrinə verilmişdir. Beyləqan rayonu Şərq kənd bələdiyyəsinin keçmiş sədri tərəfindən kənd əhalisinin ümumi istifadəsində olan örüş torpaq sahəsi qanunsuz olaraq onların icarələrinə verilmişdir. 17 oktyabr 2019-cu il tarixli İcarə müqavilələrinə əsasən həmin torpaq sahəsini icarə torpağı kimi istifadə edirlər. Hazırda isə kənddə əhali arasında narazılıqlar vardır. Həmin torpaq sahələri kənd camaatının heyvanlarının otlaması üçün istifadə edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi 23 oktyabr 2019-cu il tarixli və qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi 23 oktyabr 2019-cu il tarixli Çıxarışla Cavabdeh1 14 ha torpaq sahəsi və Cavabdeh2 3 ha torpaq sahəsi icarəyə verilmişdir. Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz icarə vəzifələrini icra etməməsi barədə iddia verə bilər və xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. (Azərbaycan Respublikası MM-nin 713-cü maddəsi). Həmin torpaq sahəsinin icarəyə verilməsi və hərracın aparılması qanuna müvafiq qaydada aparılmamışdır. Bu səbəblərə görə hesab edir ki, bağlanmış icarə müqaviləsi və ya torpağın satılması barədə çıxarışlar ləğv edilməlidir. Cavabdehlər həmin torpaq sahələrindən çıxarılmalı və torpaq bələdiyyəyə təhvil verilməlidir. İddiaçı Beyləqan rayonu Şərq bələdiyyəsinə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə hazırlıq iclasında izahat verərək, bildirdi ki, Cavabdeh1 və Cavabdeh2 torpaq sahələri üzərində icarə hüquqlarının dövlət qeydiyyatı Beyləqan rayonu Şərq bələdiyyəsi ilə vətəndaşlar arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş icarə müqavilələri əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın onlara aid hissədə rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə hazırlıq iclasında izahat verərək, bildirdi ki, icarələrinə verilmiş torpaq sahəsini qanuni əsaslarla, yəni bələdiyyə ilə onlar arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi əsasında əldə etmişlər. Bundan sonra icarə hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində qeydiyyata aldırmışlar. Odur ki, iddia tələbini əsassız hesab edərək, rədd edilməsini xahiş etdi. Cavabdeh2 Cavabdeh1 izahatını təsdiq edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Reyestrdə 3M-265 № ilə qeydə alınmış 17 oktyabr 2019-cu il tarixli İcarə müqaviləsinin surəti ilə müəyyən olunur ki, Beyləqan rayonu Şərq bələdiyyəsi ilə Cavabdeh2 arasında 3 ha torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Reyestrdə 3M-266 № ilə qeydə alınmış 17 oktyabr 2019-cu il tarixli İcarə müqaviləsinin surəti ilə müəyyən olunur ki, Beyləqan rayonu Şərq bələdiyyəsi ilə Cavabdeh1 arasında 14 ha torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 21.05.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 torpaq sahələri üzərində icarə hüquqlarının dövlət qeydiyyatı Beyləqan rayonu Şərq bələdiyyəsi ilə vətəndaşlar arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş icarə müqavilələri əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Hazırkı iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində (icarə müqaviləsindən) yaranmışdır ki, burada da onlar mülki hüququn bərabər hüquqlu subyektləridirlər. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər mülki hüququn bərabər hüquqlu subyektləri olduğu üçün mübahisəyə də aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Predmet üzrə aidiyyətə görə isə yalnız inzibati mübahisəyə və onunla bağlı əmlak tələblərinə inzibati icraat qaydasında baxıla bilər və bu halda icraat üzrə rəhbər qaydaların, yəni prosessual prinsiplərin müəyyən edilməsi də İnzibati Prosessual Məcəllənin tənzimləmə predmeti sırasına daxildir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci maddəsində qeyd olunur ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı Beyləqan rayonu Şərq bələdiyyəsinin cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh1 qarşı «icarə müqavilələrinin, çıxarışın ləğv edilməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının mülki-hüquqi tələblə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 49, 50 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Beyləqan rayonu Şərq bələdiyyəsinin cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh1 qarşı «icarə müqavilələrinin, çıxarışın ləğv edilməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar