Məhkəmə qərarları › İş №2-1(120)-962/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-962/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-962/2025 10.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və həmin tarixdən əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və həmin tarixdən əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 6NGTC1F0010 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən övladı Qasımlı Şövqi Qasım oğluna sağlamlıq imkanları məhdud uşaq kimi müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Sabirabad rayon Mərkəzi Xəstəxanası PHŞ iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il təvəllüdlü övladı Qasımlı Şövqi Qasım oğluna “Hemiplegik spastik serebral iflic”, “Spastik hemiparez” və “Əqli gerilik” diaqnozları qoyulmuş və ona sağlamlıq imkanları məhdud uşaq kimi müavinət təyin edilmişdir. 12 mart 2024-cü il tarixdə əyani müayinə edildikdən sonra cavabdeh orqan övladının tam reabilitasiya olunması barədə qərar qəbul edilmiş və övladı sağlamlıq imkanları məhdud uşaq hesab edilməmişdir. Qeyd etmək istəyir ki, onun övladı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər əyani müayinədə olmuş və ona “Hemiplegik spastik serebral iflic”, “Spastik hemiparez” və “Əqli gerilik” diaqnozları qoyulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının oğlunun əlillik vəziyyətinə sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Spastik hemiplegiya, Dərin spastik hemiparezlə (Əzələ gücü proksimal 3-4 bal, distal 3 baldır). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Şəxsə əyani olaraq tam reabilitasiya qərarı verilib səbəbi ilə imtina verilmişdir. Sabirabad rayon sakini Qasımlı Şövqi Qasım oğlu DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Sabirabad r-n, Quruzma kəndində qeydiyyatda olan qəyyum İddiaçı müraciəti əsasında övladı Qasımlı Şövqi Qasım oğlunun (FİN-6NGTC1F) əlillik vəziyyəti Səhiyyə müəssisəsinin J00129771XRC nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması“ qərarı verilmişdir. Ətraflı səbəb: “Müalicə müddəti yetərli deyil, ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinəmüalicə olunması tövsiyə edilir.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin J00129771XRC nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Əlavə müalicəyə ehtiyacın olması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz,tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı Qasımlı Şövqi Qasım oğlunun hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Hemiplegik spastik serebral iflic, nitq və dil inkişafının spesifik pozuntusu. Yerişin kəskin çətinləşməsi ilə, dərin spastik hemiparezlə (əzələ gücü proksimal 3-4 bal.distal 3 baldır).” diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 04 aprel 2024-cü il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdehin, 3-cü şəxsin nümayəndəsi iclasa gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə istinadən iddiaçı və cavabdehin, 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür.

Faktiki hallar və sübutlar: İş materiallarında olan: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad Rayon Mərkəzi Xəstəxanasi” X7 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şövqi Qasımlı xx.xx.2017-cı il tarixdə, Sabirabad rayon X1 şöbəsində “Dərin spestik hemiparez yerişin kəskin çətinləşməsi nitq artikulyasiyasının pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. Şövqi Qasımlı xx.xx.2024-cü il tarixdə Sabirabad rayon Mərkəzi Xəstəxanasının HMK-na müraciət etmişdir. HMK-ı tərəfindən onu adına S00174957XDL kodlu 88 saylı forma tərtib edilərək TSEK-ə göndərilmişdir. Qasımlı Şövqi Qasım oğlunun adına tərtib edilmiş 88 saylı formaya xx.xx.2024-ci il tarixdə TSEK tərəfindən baxılaraq imtina verilmiş, imitanın səbəbi “Şəxsə Əyani olaraq tam reabilitasiya qərarı verilib” olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı iiə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirir ki, Ş.Qasımlı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının J00129771XRC nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən S00174957XDL nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2024-cü il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron alt sistemdən çıxarışlardan görünür ki, Qasımlı Şövqi Qasım oğluna: xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 il müddətinə ümumi xəstəlik səbəbi ilə, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 3 il müddətinə ümumi xəstəlik səbəbi ilə sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş, xx.xx.2023-cü il tarixdə tam reabilitasiya olması səbəbilə imtina edilmiş, xx.xx.2024-cü il tarixdə diaqnozun öz təsdiqini tapmaması və tam reabilitasiya olması səbəbilə imtina edilmişdir. xx.xx.2023-cü il tarixli əyani müayinə aktında qeyd edilmişdir ki, əlilliyin qiymətləndirilməsindən narazı olan Sabirabad rayon sakini X6 DTSERA-da əyani müayinədə oimuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Sabirabad r-n, Quruzma kəndində qeydiyyatda olan qəyyum İddiaçı müraciəti əsasında övladı Qasımlı Şövqi Qasım oğlunun (FİN-6NGTC1F) əlillik vəziyyəti Səhiyyə müəssisəsinin J00129771XRC nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” qərarı verilmişdir. Ətraflı səbəb: “Müalicə müddəti yetərli deyil, ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinəmüalicə olunması tövsiyə edilir.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin J00129771XRC nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Əlavə müalicəyə ehtiyacın olması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı Qasımlı Şövqi Qasım oğlunun hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Hemiplegik spastik serebral iflic, nitq və dil inkişafının spesifik pozuntusu. Yerişin kəskin çətinləşməsi ilə, dərin spastik hemiparezlə (əzələ gücü proksimal 3-4 bal.distal 3 baldır).” diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı İlə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Tam Reabilitasiya” qərarı verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3218/2024 nömrəli qərardadı ilə ekspert rəyinin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 tapşırılmışdır. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 xx.xx.2024-cü il tarixli T 90/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 2014-cü il təvəllüdlü Qasımlı Şövqi Qasım oğlunun adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.3.4.6.Ş.Q.Qasımlı xx.xx.2024-cü il tarixdə X4 Əsas xəstəlik: “G80.2-Hemiplegik Spastik serebral iflic; Aşırlaşma: G81.1- Spastik hemiparez; Yanaşı xəstəlik: F78- Əqli gerilik” diaqnozu ilə müayinə olunmuşdur. Belə ki, o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. İş materiallarında olan tibbi sənədlərinə əsasən sonuncu müayinəyə dair məlumatın verilməsində qeyd edilmiş “Spastik hemiplegiya. Dərin spastik hemiparezlə (Əzələ gücü proksimal 3-4 bal, distal 3 baldır)” diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, aparılmış bütün funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, onun əmək qabiliyyətinin itirilməsi tibbi-sosial ekspertləri tərəfindən 0% olması qeyd edilmişdir. Xəstəliklərin XBT 10 kodları ilə qeyd edilməsi hər bir ixtisas sahəsi üzrə mütəxəssis həkimlərin səlahiyyətlərinə aiddir. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar o, sahə poliklinikasında dispanser qeydiyyata götürülməklə yanaşı nevropatoloqun nəzarəti altında vaxtaşırı müayinə olunmalıdır. Yuxarıda 1-ci bənddə olan xəstəliklər tam reablitasiya olunmurlar. İş materiallarında onun barəsində müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 88 göndərişi tam doldurulmuşdur. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb eksperti tərəfindən deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyalarının ekspertləri tərəfindən həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6NGTC1F0010 nömrəli qərarından görünür ki, Qasımlı Şövqi Qasım oğlunun diaqnozunun öz təsdiqini tapmaması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz.

"İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

Məhkəmənin mövqeyi Məhkəmə iddia, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qərəzsiz şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən edir ki, iddiaçının övladına xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 il müddətinə və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 3 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Daha sonra isə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə zamanı xx.xx.2023-cü il tarixdə Qasımlı Şövqi Qasım oğluna tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Bundan sonra Qasımlı Qasım Xanəhməd oğlu xx.xx.2024-cü il tarixdə Sabirabad rayon Mərkəzi Xəstəxanasının HMK-na müraciət etmiş, HMK tərəfindən onun övladı Qasımlı Şövqi Qasım oğlunun adına S00174957XDL nömrəli forma 88 tərtib edilərək əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə göndərilmişdir. İddiaçının övladının əlillik vəziyyəti qiymətləndirilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6NGTC1F0010 nömrəli qərarı ilə Qasımlı Şövqi Qasım oğlu barəsində müəyyən edilmiş spastik hemiplegiya, dərin spastik hemiparezlə (əzələ gücü proksimal 3-4 bal, distal 3 baldır) diaqnozunun öz təsdiqini tapmaması, onun tam reabilitasiya olunması səbəbindən imtina edilmişdir. İddiaçı cavabdehin həmin əlverişsiz inzibati aktından narazı qalaraq məhkəmə qaydasında mübahisələndirmiş və onun övladı Qasımlı Şövqi Qasım oğluna sağlamlıq imkanları məhdud uşaq kimi müvafiq əlilliyin təyin edilməsini xahiş etmişdir. İş üzrə mötəbər sübut hesab olunan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 xx.xx.2024-cü il tarixli T 90/2024 nömrəli ekspert rəyi ilə Qasımlı Şövqi Qasım oğlunda “G80.2-Hemiplegik Spastik serebral iflic; Ağırlaşma: G81.1- Spastik hemiparez; Yanaşı xəstəlik: F78- Əqli gerilik” xəstəliklərdən əziyyət çəkdiyi və həmin xəstəliklərin tam reablitasiya olunmadığı öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə qənaətə gəlir ki, iddiaçının övladında qeyd olunan xəstəliklərin mövcudluğu öz təsdiqini tapır və belə olan halda inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hərəkətləri qanunvericiliyin tələblərinə zidd və şəxsin hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə də, şəxsə məxsus göndərişdə qeyd olunan diaqnoz və xəstəlik mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və qeyd edir ki, iddiaçının övladı barəsində tərtib olunan həmin göndəriş əsasında o, sağlamlıq imkanları məhdud uşaq hesab edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bir çox qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən digər mübahisələrin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının övladı barədə qəbul edilən qərar qanunsuz və əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Qasımlı Şövqi Qasım oğlu barəsində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 6NGTC1F0010 nömrəli qərar ləğv edilsin və həmin tarixdən Qasımlı Şövqi Qasım oğlunun sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar