Məhkəmə qərarları › İş №2-1(120)-966/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-966/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-966/2021 10.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 12 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxx 1955-ci ildə anadan olmuşdur, “02.10.1972-29.09.1973-cü illərdə Kürdəmir 115 nömrəli Texniki Peşə məktəbində təhsil almış, 1989-1994, 1973-1988, 1990- 1993, 1995-1997-ci illərdə Kürdəmir rayon “Kirov” adına kolxozda işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 30 mart 2021-ci il tarixli, **********2 saylı imtina məktubu verilərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1967-1970, 1973-1997-ci illərdə Kürdəmir rayonunun keçmiş “Kirov” kolxozunda işləməsi ilə bağlı 25.02.2020-ci il tarixli, 48 nömrəli arxiv arayışının və Kürdəmir rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli, 2(041)-727/2020 nömrəli qətnaməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının vəzifəli şəxslərinin qəbul etməmələri barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin illər üzrə əmək stajının nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının hüququnun yarandığı 28.01.2020-ci il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(120)-966/2021 saylı qərardadı ilə iddia tələbinə “02.10.1972-ci il tarixdən 29.09.1973-cü il tarixədək Peşə məktəbində təhsil aldığı müddətin, Kürdəmir rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli, 2(041)-727/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1989 və 1994-cü illərdə Kürdəmir rayon “Kirov” adına kolxozda işlədiyi müddətin (iş illərinin) və 1973-1988, 1990-1993, 1995-1997-ci illərdə Kürdəmir rayon “Kirov” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 28.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 02.10.1972-ci il tarixdən 29.09.1973-cü il tarixədək Peşə məktəbində təhsil aldığı illər, Kürdəmir rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli, 2(041)- 727/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1989 və 1994-cü illərdə Kürdəmir rayon “Kirov” adına kolxozda işlədiyi müddət (iş illəri) və 1973-1988, 1990-1993, 1995-1997-ci illərdə Kürdəmir rayon “Kirov” kolxozunda işlədiyi dövrü nəzərə alınmış olsa ona hüququnun yarandığı 28.01.2020-ci il tarixdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Buna görə də təhsil aldığı müddət, işlədiyi iş illəri nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, Azərbaycan Respublikası İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin X5 21 fevral 2020-ci il tarixli, 07 saylı arayışını, arxiv arayışını, Kürdəmir rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli, 2(041)-727/2020 nömrəli qətnaməsini, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2(106)-2299/2020 nömrəli qətnaməsini, cavabdehin imtina məktubunu, ödəniş qəbzini əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilən, Kürdəmir rayon Dövlət Arxivinin 27.05.2021-ci il tarixli, 59 saylı məktubunun və ona əlavə olunmuş arxiv arayışının, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 Peşə Liseyinin 26.05.2021-ci il tarixli, 33 nömrəli məktubunun, Kürdəmir rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(041)-727/2020 saylı məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının 26.05.2021-ci il tarixli, **********4 nömrəli məktubunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 31.05.2021-ci il tarixli, **********6 saylı məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Kürdəmir rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. 28.01.2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının təhsil aldığı illəri, işlədiyi iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı yaranmışdır. İddiaçının 28 yanvar 2020-ci il tarixədək 25 ildən artıq sosial sığorta stajı vardır. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması, o cümlədən 02.10.1972-ci il tarixdən 29.09.1973-cü il tarixədək Peşə məktəbində təhsil alması Azərbaycan Respublikası İlk Peşə-İxtisas Təhsili Müəssisəsinin X5 21 fevral 2020ci il tarixli, 07 saylı arayışı və Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 Peşə Liseyinin 26.05.2021-ci il tarixli, 33 nömrəli məktubu ilə, 1989 və 1994-cü illərdə Kürdəmir rayon “Kirov” adına kolxozda işləməsi Kürdəmir rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli, 2(041)-727/2020 nömrəli qətnaməsi, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2(106)-2299/2020 nömrəli qətnaməsi və Kürdəmir rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(041)-727/2020 saylı məktubu ilə, 1973-1988, 1990-1993, 1995-1997-ci illərdə Kürdəmir rayon “Kirov” kolxozunda işləməsi Kürdəmir rayon Dövlət Arxivinin 25.02.2020-ci il tarixli, 48 nömrəli arxiv arayışı və Kürdəmir rayon Dövlət Arxivinin 27.05.2021-ci il tarixli, 59 saylı məktubunun və ona əlavə olunmuş arxiv arayışı ilə təsdiq olunur. İddiaçının hüququnun yarandığı vaxtda yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan sığorta stajına malik olması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının 26.05.2021ci il tarixli, **********4 nömrəli məktubu ilə də öz təsdiqini tapır. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı 02.10.1972-ci il tarixdən 29.09.1973-cü il tarixədək Peşə məktəbində təhsil aldığından məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını da nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətlərinin onların iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, pensiya təyin olunması üçün iddiaçının tələb olunan sosial sığorta stajına malik olması cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçıya pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1973-1988, 1990-1993, 1995-1997-ci illərdə Kürdəmir rayon “Kirov” kolxozunda işləməsinə dair Kürdəmir rayon Dövlət Arxivinin 25.02.2020-ci il tarixli, 48 nömrəli arxiv arayışını) təqdim etmişdir. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1973-1988, 1990-1993, 1995-1997-ci illərdə Kürdəmir rayon “Kirov” kolxozunda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialı tərəfindən təqdim edilən 26.05.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin 21.04.2021-ci il tarixli 2-1(120)-966/2021 saylı sorğunuza cavab olaraq bildiririk ki, Kürdəmir rayon Qağacılı kənd sakini 28 .07.1955 il təvəllüdlü İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına 27.02.2020-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Məlumat üçün bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək hər il 6 ay artırılır. Vətəndaş ərizəsi ilə birlikdə şəxsiyyət vəsiqəsini, 15 nömrəli X9 məktəbinin (indiki X10) "Traktorçu-maşinist" ixtisası üzrə oxuması haqqında arayış və Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş keçmiş «Kirov» adına kolxozda işləməsi barədə arayış təqdim etmişdir. Məlumat üçün qeyd edirik ki, vətətəndaşın 15 yaşı 28.07.1970-ci ildə tamam olub. Azərbaycan Respublikası əmək məcəlləsi haqqında Qanununa əsasən əmək qabiliyyətli yaş dövrü 15 yaş sayılır. Bu səbəbdən də iddiaçının 1967 - 1970-ci illərdə kolxozda işlədiyi illəri nəzərə alıb hesablanması Qanun tələblərinə ziddir. Həmin dövrü çıxdıqdan sonra İddiaçı 02.10.1972-ci il tarixdən 29.09.1973-cü il tarixədək Peşə məktəbində təhsil aldığı dövrü və arxiv arayışında 1973-1988,1990- 1993 və 1995-1997-ci illər nəzərə alınmaqla 23 il 2 ay sosial sığorta stajı hesablanmışdır. Vətəndaşa verilən arxiv arayışında min adam günü norması 200 gün göstərilmişdir. Həmin min adam günü norması nəzərə alınaraq sosial sığorta staj hesablanmışdır. Qeyd edirik ki, buradan görünür ki, vətəndaşın əmək pensiyası almaq hüququ yoxdur. Bu səbəbdən də iddiaçıya əmək pensiyası təyin olunmasından imtina olunmuş və bu barədə onun yaşadığı ünvana məktub göndərilmişdir. Lakin sonradan İddiaçı 1989 və 1994-cü illərdə Kürdəmir rayon keçmiş «Kirov» adına kolxozunda işləməyi bağlı sosial sığorta stajını müəyyən edilməsi barədə Kürdəmir rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və ərizə təmin olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsi və Ali Məhkəmə Kürdəmir rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Bildiririk ki, 29.03.2021-ci il tarixdə İddiaçı tarixdə ona yaşa görə əmək pensiyası təyin olunması üçün yenidən ərizə ilə müraciət etmişdir. Vətəndaşın Kürdəmir rayon Məhkəməsinin qərarı ilə təsdiq olunan 1989 və 1994-cü illəri nəzərə alamaqla 25 il 2 ay sosial sığorta stajı hesablanmışdır. Lakin iddiaçının arxiv arayışında göstərilən illər (1973- 1988,1990-1993 və 1995-1997-ci illər) əmək kitabçasında qeyd olunmamışdır. Xatırladırıq ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəbdən də 30.03.2021-ci il tarixdə vətəndaşa əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Sorğunuza cavab olaraq onu da bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən sığortaolunanların 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı olduqda avtomatlaşdırılmış qayda da yaşa görə əmək pensiyası təyin olunur. Lakin həmin dövürlərdə iddiaçının pensiya kapitalı yoxdur və ona avtomatlaşdırılmış qayda yaşa görə əmək pensiyası təyin olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 1967-1970-ci illərdə işləməsi ilə əlaqədar iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyinizi Sizdən xahiş edirik. Göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Kürdəmir rayon Dövlət Arxivinin 25.02.2020-ci il tarixli, 48 nömrəli arxiv arayışını, Kürdəmir rayon Dövlət Arxivinin 27.05.2021-ci il tarixli, 59 saylı məktubunu və ona əlavə olunmuş arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 02.10.1972-ci il tarixdən 29.09.1973cü il tarixədək Peşə məktəbində təhsil aldığı illəri, Kürdəmir rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli, 2(041)-727/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1989 və 1994-cü illərdə Kürdəmir rayon “Kirov” adına kolxozda işlədiyi müddəti (iş illəri) və 1973- 1988, 1990-1993, 1995-1997-ci illərdə Kürdəmir rayon “Kirov” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı işlədiyi iş illərinin və təhsil illərinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçı 02.10.1972-ci il tarixdən 29.09.1973-cü il tarixədək Peşə məktəbində təhsil aldığı illəri, Kürdəmir rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli, 2(041)-727/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1989 və 1994-cü illərdə Kürdəmir rayon “Kirov” adına kolxozda işlədiyi müddət (iş illəri) və 1973-1988, 1990-1993, 1995-1997-ci illərdə Kürdəmir rayon “Kirov” kolxozunda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 28.01.2020-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar