Məhkəmə qərarları › İş №2-1(120)-970/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-970/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-970/2021 09.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına qarşı «mərhum anasına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 09 sentyabr 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anasına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialı ilə əvəz olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə müraciət etmişdir. O, müraciətində 31.03.2000-ci il tarixindən 11.01.2005-ci il tarixədək xəstə anası X2 qulluq etdiyini qeyd edərək, mərhum anasına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi hər növ pensiyaya çıxmaqdan ötrü iş stajının əmək kitabçasına əsasən hesablandığını və onun 31.03.2000-ci il tarixindən 11.01.2005-ci il tarixədək mərhum anası X2 qulluq etdiyi dövrün sığorta stajına daxil edilməsi faktı məhkəmə qaydası ilə təsdiq olunduqdan sonra pensiya hesablanmasına daxil ediləcəyi bildirilmişdir. Qeyd etdiyi kimi, o 31.03.2000-ci il tarixindən 11.01.2005-ci il tarixədək mərhum anası X2 qulluq etmiş və bu halı X3 və X5 şahid olaraq təsdiq edə bilərlər. Göstərilənlərə əsaslanaraq, mərhum anasına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, İddiaçı Fondun 1 saylı regional ərazi filialına (Lənkəran) yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. 7 saylı regional ərazi filialının 25.06.2019-cu il tarixli, **********0 nömrəli məktubunda yaşa görə əmək pensiyası təyin edilməsi üçün 31.03.2000-ci il tarixdən 11.01.2005-ci il tarixədək mərhum anasına qulluq dövrünün məhkəmə qaydasında təsdiq edilməsi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Qərarın 3.10-cu bəndində göstərilmişdir ki, Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Bu isə o deməkdir ki, əgər şəxs sığortaolunan deyildirsə və şəxsin xeyrinə sığorta fəaliyyəti olmayıbsa, sözügedən müddətlər onun sığorta stajına daxil edilə bilməz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017 tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalarının 3.2 bəndinə əsasən (sosial sığorta stajının hesablanması) 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: • 3.2.1. əmək kitabçası; • 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmis qərarı; • 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); • 3.2.4. hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; • 3.2.5.1 qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); • 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Həmin Qərarın 3.9-cu maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Maddələrin məzmunundan göründüyü kimi, qulluğa görə iş stajı xidmətin faktiki oiaraq həyata keçirilməsi barədə Şöbənin və ya İdarənin nümayəndələri tərəfindən tərtib olunan müayinə aktı ilə rəsmiləşdirilir. Müayinə aktı xidmətin faktiki olaraq həyata keçirilməsi barədə yaşayış yeri üzrə mənzil idarələrindən alınan məlumatlara, xidmət edilən şəxsin qonşularının ifadələrinə, yaşı təsdiq edən sənədlərə istinad olunmaqla tərtib edilir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən mərhum anasına qulluq edilməsi müddətini təsdiq edən akt təqdim edilməmişdir. Hazırkı iş üzrə iddiaçı qulluq etdiyini təsdiq edən müayinə aktı təqdim etmədiyindən 31.03.2000-ci il tarixdən 11.01.2005-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi qanununamüvafiq deyildir. Göründüyü kimi, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Əlavə olaraq, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 30.08.1977-ci il tarixdən 24.10.1983-cü il tarixədək Lənkəran Baş Apteklər İdarəsində işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, AR X8 filialının 09.06.2021-ci il tarixli 6/167 nömrəli məktubunda 1977 və 1983-cü illərə aid əmr kitablarında iddiaçının adına rast gəlinməmişdir. Göstərilənlərə əsasən İddiaçı məxsus əmək kitabçasının mötəbərliyi şübhə doğurur. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, qeyd olunan illərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun deyildir. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh iddiaçıya ünvanladığı 25.06.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh İddiaçı bildirmişdir ki, hər növ pensiyaya çıxmaqdan ötrü iş stajı əmək kitabçasına əsasən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3-cü bölmünün 3.1.1-ci bəndinə əsasən Sizin 31.03.2000-ci il tarixindən 11.01.2005-ci il tarixədək mərhum ananız X2 qulluq etdiyiniz dövrün sığorta stajına daxil edilməsi faktı məhkəmə qaydası ilə təsdiq olunduqdan sonra pensiya hesablanmasına daxil ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası X8 filialının 09.06.2021-ci il tarixli, B/167 nömrəli Arxiv arayışından görünür ki, X13 filialında saxlanılan Lənkəran Baş Apteklər İdarəsinin 1977 və 1983-cü illərə aid əmr kitabları yoxlanıldı, həmin kitablarda İddiaçı işə qəbulu və işdən azad olunması barədə əmrləri müəyyən olunmadı. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 24.06.2021-ci il tarixli məlumatın verilməsi haqqında arayışdan görünür ki, 24.06.2021-ci il tarixə baza və kommersiya hüquqi şəxslərin qeydiyyat iş qovluqları saxlanılan arxiv məlumatlarına əsasən, “Lənkəran şəhər tədris-istehsalat kombinatı” adlı hüquqi şəxsin 1984-1994-cü illərdə vergi ödəyicisi kimi qeydiyyatda olması barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsində heç bir məlumat mövcud deyildir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı aparatının hüquq şöbəsinin müdirinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 15 iyul 2021-ci il tarixli, 10-54/7-864 saylı məktubunda bildirilmişdir ki, İddiaçı anası X2 qəyyum təyin olunub-olunmaması barədə X8 filialında saxlanılan Lənkəran Şəhər İcra Hakimiyyətinin 2000-ci ilə aid sərancamların qeydiyyatı kitabında heç bir məlumat müəyyən edilməmişdir. İş materiallarında olan “Ölüm haqqında Akt qeydi”ndən görünür ki, 04.02.1929-cu il təvəllüdlü X6 11.01.2005-ci ildə ölmüşdür. 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı 19 iyun 1958-ci ildə doğulmuşdur. Onun 61 yaşı 19 iyun 2019-cu il tarixdə tamam olmuşdur. Qanunun 7-ci maddəsinin Qeyd hissəsi nəzərə alınarsa, iddiaçının 61 yaşdan, yəni 19 iyun 2019-cu ildən pensiya hüququ yaranmışdır. Göründüyü kimi, iddiaçının 61 yaşı tamam olduğu 19.06.2019-cu il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən qadınların yaşa görə əmək pensiyası hüququ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaranır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 61 yaşı 19.06.2019-cu il tarixdə tamam olsa da, yaşa görə əmək pensiyası təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmiş, eyni zamanda 25 il sosial sığorta stajına malik olmamışdır. Belə ki, iddiaçı iddia edir ki, o, 31.03.2000-ci il tarixindən 11.01.2005-ci ilədək mərhum anası X2 qulluq etmişdir. Odur ki, həmin illərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır. Hazırda cavabdeh inzibati orqan iddiaçının mərhum anasına qulluq etdiyi müddətin onun sığorta stajına daxil edilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, qazanılmış sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Sosial sığorta stajının təsdiqi üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir. Həmin Qaydaların 3.2.5-ci maddəsinə əsasən, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən AKT-la müəyyən edilir. (10 nömrəli Əlavə). Qaydaların 10 nömrəli Əlavəsinə əsasən, bu AKT, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun müvafiq şöbəsinin müdiri və pensiya təyinatı sektorunun müdiri tərəfindən möhürlə təsdiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.5-ci bəndində təsbit olunan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən aktın forması kimi Qaydalara 10 nömrəli Əlavədə, sözügedən aktın pensiya təyin edən inzibati orqanlar tərəfindən tərtib olunması göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, əmək pensiyaları təyin edilməsi müstəsna olaraq Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aiddir. İstinad edilən Qaydaların 3.9-cu bəndində göstərilir ki, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qaydaların və ona 10 nömrəli Əlavənin birgə təhlili onu deməyə əsas verir ki, 3.9-cu bənddə göstərilən qaydada tərtib edilən akt, 10 nömrəli Əlavədə göstərilən AKT-ın tərtib edilməsi üçün əsasdır. Odur ki, 3.9-cu bənddə göstərilən qaydada tərtib edilmiş akt yalnız 10 nömrəli Əlavədə göstərilən qaydada imzalanıb təsdiq edildikdən sonra İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddətinin sığortaolunanın sığorta stajına daxil edilməsi üçün əsas ola bilər. İş materiallarından isə aydın olur ki, iddiaçı tərəfindən mərhum anasına qulluq edilməsi müddətini təsdiq edən Akt təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 31.03.2000-ci il tarixindən 11.01.2005-ci il tarixədək mərhum anası X2 qulluq etməsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada sübut təqdim edilmədiyindən, 31.03.2000-ci il tarixdən 11.01.2005-ci il tarixədək olan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi əsaslı hesab edilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına qarşı «mərhum anasına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına qarşı «mərhum anasına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar