Məhkəmə qərarları › İş №2-1(120)-971/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-971/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-971/2022 25.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 25 noyabr 2022ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın 29 dekabr 2021-ci il tarixli əsassız və qanunsuz cavab məktubu ilə informasiya sorğusunun cavablandırılmasının təmin etmədiyinə görə həmin məktubu qanunsuz hesab etməklə, bu barədə cavabdeh təşkilatın üzərinə müvafiq məcburedici vəzifənin qoyulması barədə qərar çıxarılmasını və bu barədə müvafiq Xüsusi Qərardad çıxarıb haqqında tədbir görülməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, “Həqiqətlə üz-üzə” qəzetinin Baş redaktoru olaraq tərəflərindən edilən informasiya sorğusuna cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən lazımı qaydada cavablandırmaması, həmin cavabın sifarişli imtina kimi dərk edilməli və qanunsuzluqlara yol verilməsi kimi qiymətləndirilməlidir. Halbuki, Baş redaktoru olduğu bu qəzet “Kütləvi informasiya vasitələri” haqqında qanunla fəaliyyət göstərib, həmin qanunun tələblərinə uyğun olaraq informasiya almaq və informasiya ötürmək səlahiyyətinə malik olmaqla cəmiyyəti narahat edən neqativ hallara qarşı ciddi mübarizə yolunu seçməklə, həm də cəmiyyətdə ciddi narahatçılıq doğuran yaxşı və pis nə varsa həmin məlumatları informasiya sorğusu tələbkarlığında alaraq, həm də cəmiyyətə iqtidarında olan bütövlükdə insanları informasiya sorğusunun məlumatları ilə tanış edib, mətbuat vasitəsilə edilən xidmətləri açıq-aydın bəyan etməklə qəzet vasitəsilə işıqlandırılan istənilən hadisələri ictimailəşdirərək, bu barədə geniş kütləni məlumatlandırıb, hətta onların tənqidi fikirlərini öyrənmək məqsədinə xidmət edir. Belə olan halda informasiya sorğusunu cavablandırmamaq yolverilməz olub, məhz qanunazidd hərəkətlər olduğundan, əlbəttə, bu barədə Cavabdeh təşkilatın rəhbərliyi üzərinə müvafiq məcburedici vəzifənin qoyulması təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ bəndinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Konstitusiyanın 32-ci maddəsini İİ bəndinə əsasən, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Konstitusiyanın 32-ci maddəsini İİİ bəndinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir. Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin birinci abzasına əsasən, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir. Həmin Qanunun 53-cü maddəsinin ikinci abzasına əsasən, vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər. İddiaçı sorğu etdiyi şəxslər müddətli həqiqi hərbi xidmətdən sağlamlıqları ilə bağlı ehtiyata verilmişlər və onlar barədə məlumat verilməsi yalnız həmin şəxslərin razılığı ilə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarından görünür ki, iddiaçının sorğusu kənar şəxslərin şəxsi məlumatlarına müdaxilə kimi qiymətləndirilir və bu səbəbdən onun tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, “Həqiqətlə üz-üzə” qəzetinin Baş redaktoru olaraq İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə informasiya sorğusu göndərmişdir. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, S/4862 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığınız şikayət ərizəsi aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində araşdırılmışdır. Bildiririk ki, ərizədə adları çəkilən X2 və X1 həqiqi hərbi xidmətə münasibətlərinə dair araşdırma aparılmış, barələrində çıxarılan qərarın qanunvericiliyin tələbləri çərçivəsində qəbul olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Könstitusiyasının 32-ci maddəsinin (Şəxsi toxunulmazlıq hüququ) 3-cü bəndinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu səbəbdən şikayət etdiyiniz şəxslər barədə Sizə əlavə məlumat verilməsi qeyd olunan qanunvericiliyin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiyanın) 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 50-ci maddəsinin birinci bəndinə görə hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə müraciət edən şəxs – fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.0.2-ci maddəsinə görə müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt – fiziki və ya hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və ya büdcə təşkilatlarıdır. Həmin Qanunun 4.0.5-ci maddəsinə görə müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.12-ci bəndinə görə vətəndaşın müraciətində göstərilən məsələlər «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2 – 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.3-cü maddəsinə görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə görə əgər məlumatln verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. Həmin Qanunun 10.5-ci maddəsinə görə bu Qanunun 10.1 – 10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Həmin Qanunun 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci madəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar. Həmin Qanunun 3.0.3-cü maddəsinə görə ictimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. Həmin 3.0.5-ci maddəsinə görə informasiya sahibi – informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən – informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 10.1-ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 38.1-ci maddəsinə görə əldə olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etmək olar. Həmin Qanunun 38.2-ci maddəsinə görə fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar aşağıdakılardır: - (maddə 38.2.1) qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları və dünya görüşlərini əks etdirən məlumatlar; - (maddə 38.2.2) etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar; - (maddə 38.2.3) cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar – açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda; - (maddə 38.2.4) sağlamlıq vəziyyəti haqqında məlumatlar; - (maddə 38.2.5) şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar; - (maddə 38.2.6) sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar; - (maddə 38.2.7) ruhi və fiziki əzablara dair məlumatlar; - (maddə 38.2.8) vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının əldə etmək istədiyi məlumat fərdi məlumat kimi qanunvericiliklə əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata və sağlamlıq vəziyyəti haqqında məlumatlara aid edildiyindən, habelə bu qəbildən olan məlumatlarla tanış olmaq və ya onu əldə etmək hüququna malik olan şəxslər sırasına daxil edilmədiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti şəxsə aid həqiqi hərbi xidməti barədə məlumatı baş redaktor kimi fəaliyyət göstərən hazırkı İddiaçı təqdim etməməkdə haqlı olmuşdur və həmin məlumatın həmin verilməməsi qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 75ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar