Məhkəmə qərarları › İş №2-1(120)-974/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-974/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-974/2020 26.08.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi X10, Üçüncü şəxs X2 və onun vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinə qarşı “Əli Bayramlı şəhər, Heyranxanım küçəsi, ev 11 saylı ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin X3 ayrılması barədə Əli Bayramlı şəhəri, XDS İK-in xx.xx.1991-ci il tarixli, 349 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinə qarşı “Əli Bayramlı şəhər, Heyranxanım küçəsi, ev 11 saylı ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin X3 ayrılması barədə Əli Bayramlı şəhəri, XDS İK-in xx.xx.1991-ci il tarixli, 349 saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(120)-974/2020 saylı qərardadı ilə, X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında izahatında Əli Bayramlı şəhər, Heyranxanım küçəsi, ev 11 saylı ünvanda yerləşən 600 kvm torpaq sahəsinin X3 ayrılması barədə Əli Bayramlı şəhəri, XDS İK-in xx.xx.1991-ci il tarixli 349 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi X14 məhkəmə iclasında izahatında, iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X5 məhkəmə iclasında izahatında, iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin vəkili X8 məhkəmə iclasında izahatında, iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki,məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçının tələbinin əsası ondan ibarətdir ki, hazırda mübahisələndirilən Əli Bayramlı şəhəri, XDS İK-in xx.xx.1991-ci il tarixli, 349 saylı qərarı ilə X3 ayrılmış Əli Bayramlı şəhər, Heyranxanım küçəsi, ev 11 saylı ünvanda yerləşən 600 kv.m torpaq sahəsini mərhum əri X15 xx.xx.2005-ci il tarixdə sadə müqavilə əsasında 800 ABŞ dollarına almışdır. Həmin torpaq sahəsində X15 və X16 tərəfindən ev tikilmişdir. X1 həmin torpaq sahəsini geri qaytarmaq istəyir. İddiaçı hesab edir ki, X2 həmin torpaq sahəsinə və orada olan tikiliyə heç bir iddiası ola bilməz və onun adına verilmiş Əli Bayramlı şəhəri, XDS İK-in xx.xx.1991-ci il tarixli, 349 saylı qərarı etibarsız hesab edilməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçının nümayəndəsinə şifahi və özünə yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına, həmçinin hər hansı qanuni əsaslardan biri ilə torpaq sahəsinin və həmin torpaq sahəsində olan tikilinin iddiaçıya məxsus olmasına dair sübutların təqdim edilməsinin zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçının nümayəndəsi və özü həmin sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. İş materiallarında olan sənədlərdən (torpaqayırma sənədlərindən və məhkəmə qətnamələrindən) müəyyən olunur ki, hazırda mübahisələndirilən Əli Bayramlı şəhəri, XDS İK-in xx.xx.1991-ci il tarixli, 349 saylı qərarı ilə ayrılmış torpaq sahəsi X3 məxsusdur və İddiaçı həmin mübahisəli qərar ilə ayrılmış torpaq sahəsi üzərində heç bir əmlak hüququ yoxdur. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən hüquqi əsasla ona məxsus torpaq sahəsi barədə qərar verilmiş olsun. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlərdən hazırda mübahisələndirilən qərarın aid olduğu torpaq sahəsinin nə əvvəl (1991-ci il), nə də hazırda hüquqi əsaslarla iddiaçıya məxsus olması müəyyən edilməmişdir.Bununla belə məhkəmə qeyd edir ki, ümumiyyətlə iddiaçının Əli Bayramlı şəhər, Heyranxanım küçəsi, ev 11 saylı ünvanda yerləşən 600 kv.m torpaq sahəsi ilə bağlı 1991-ci il tarixində verilmiş qərarı mübahisələndirmək hüququ yoxdur. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa şərti olaraq qəbul etsək ki, iddiaçının subyektiv hüququ var, bununla belə iddiaçı həmin iddianı qaldırılması üçün Qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan Məcəllənin müddəaları baxımından iddiaçı sözügedən qərarın mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. İş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki, iddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə ilk dəfə məhkəməyə xx.xx.2020-ci il tarixində yəni mübahisələndirdiyi inzibati aktın qəbulundan 29 (iyirmi doqquz) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının qaynatası X16 oxşar tələblə və eyni əsaslarla çıxış edərək Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və iddiası Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2320/2019 saylı 11 dekabr 2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinə qarşı “Əli Bayramlı şəhər, Heyranxanım küçəsi, ev 11 saylı ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin X3 ayrılması barədə Əli Bayramlı şəhəri, XDS İK-in xx.xx.1991-ci il tarixli, 349 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinə qarşı “Əli Bayramlı şəhər, Heyranxanım küçəsi, ev 11 saylı ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin X3 ayrılması barədə Əli Bayramlı şəhəri, XDS İK-in xx.xx.1991-ci il tarixli, 349 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar