Məhkəmə qərarları › İş №2-1(120)-977/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-977/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-977/2022 13.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının adına rəsmiləşdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 sentyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qaz sayğacının adına rəsmiləşdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6359/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının adına rəsmiləşdirilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6359/2021 saylı işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərməsi qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən C.A.Yusifov, hakimlər H.U.Həmidov və E.E.Nağıyevadan ibarət tərkibdə) 28 oktyabr 2021-ci il tarixli, 2- 1(103)-2727/2021 nömrəli qərardadı ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6359/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X7 2014-cü ildə dünyasını dəyişdikdən sonra o, oğlunun qanunsuzluqlarına məruz qalmışdır. X1 həyat yoldaşının ölümündən sonra 2015-ci ildə gizli şəkildə qaz sayğacını öz adına rəsmiləşdirib və bir müddət keçdikdən sonra onun evinə (otağına) gələn qaz borusunu kəsərək onu qazsız qoymuşdur. Hal-hazırda qeyd olunan ünvanda qazsız yaşayır və bir neçə dəfə xəstəliyə düçar olmuşdur. Qaz sayğacının adına rəsmiləşdirilməsi ilə bağlı və qazla təmin olunmağı ilə bağlı bir neçə dəfə Lənkəran Şəhər Qaz İstismar Sahəsinə, X16 İstismar İdarəsinə müraciət etsə də məsələnin həll olunacağını ona bildirərək, yalan vədlər vermişlər. Eyni zamanda Cavabdehnə rəsmi müraciət etsə də heç bir tədbir görülməmişdir. Hüquqları bu işə cavabdeh olan Cavabdeh tərəfindən pozulmuşdur. Müraciətinə laqeyd münasibət göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, X5 həqiqətən xx.xx.2015-ci il tarixdən **********03020 saylı kodla Lənkəran Xidmət Sahəsi üzrə abonent qeydiyyatındadır. Ondan əvvəl isə ilkin abonent olaraq X9 abonent kimi qediyyatda olmuşdur. İddiaçı Lənkəran X15 İdarəsinə daxil olmuş (daxil olma: xx.xx.2020-ci il tarixli, SOCAR**********10210033AT00006 nömrəli) müraciəti ilə əlaqədar SOCAR**********10210033AT00006 nömrəli 03 dekabr 2020-ci il tarixli məktubla ona izah edilmişdir ki, yaşadığı evin abonent məlumatlarında dəyişiklik olunması onun tərəfindən mülkiyyət sənədləri ilə “ASAN xidmət” mərkəzinə müraciət edildikdə müvafiq qaydada həyata keçirilə bilər. Məlumat üçün bildirirlər ki, Cavabdeh Müştəri Xidməti “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərir. İddiaçı müvafiq sənədləri “ASAN Xidmət” mərkəzinə təqdim etmədiyinə görə müraciətində göstərdiyi məsələ öz həllini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 48-ci maddəsinə görə isə İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Hesab edirlər ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində göstərilən hər hansı bir inzibati xəta törətməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 iddianın əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia predmet baxımından inzibati məhkəmə icraatında baxılmalı deyildir. Belə ki, mübahisə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” barədə müqavilə hüquq münasibətlərindən irəli gəlir ki, müqavilədən irəli gələn, mülki hüquq münasibətlərinən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında deyil mülki məhkəmə icraata qaydasında baxılır. Bundan başqa inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslərdir. Göründüyü kimi inzibati məhkəmə icraatında baxılan və iddiçının tələbinin yönəldiyi iddia tələbi üzrə cavabdeh inzibati orqan olmalı və tərəflər arasında mübahisə inzibati orqanın inzibati fəaliyyətinin nəticəsində yaranmalıdır. Bundan başqa, həmin qərarın 13-cü bəndinə əsasən elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24- 26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bundan başqa məhkəmə qeyd edir ki, iş materillarında olan Cavabdeh Lənkəran X15 İdarəsi ilə X5 arasında bağlanmış 13 may 2015-ci il tarixli 29796 saylı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən Lənkəran rayonu Çil kəndində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmaqla təbii qazla təchiz edilmişdir. Odur ki, iddiaçı ilkin olaraq həmin müqaviləni mübahisələndirməlidir. Göründüyü kimi, hazırki işdə tərəflər arasında olan mübahisə mülki hüquq münasibətlərindən irəli gələn mübahisədir ki, iddia predmet baxımından inzibati xarakterli deyildir. Odur ki, iddiaçı hazırki tələblə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə (şəhər, rayon məhkəmələri) iddia qaldıra bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının adına rəsmiləşdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar