Məhkəmə qərarları › İş №2-1(120)-978/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-978/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-978/2025 29.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi rütbəsinin və 1-ci məharət dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 Üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi rütbəsinin və 1-ci məharət dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılması barədə hərbi hissə komandirinə müraciət etdiyi xx.xx.2023-cü il tarixə tutduğu mövcud polkovnik-leytenant hərbi rütbəsinin və 1-ci məharət dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “öz arzusu ilə ehtiyata buraxılma və.s” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2-1(120)-3259/2024 saylı Qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-3259/2024-cü il tarixli Qərardadı ilə Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusu zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma haqqında 41.0.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan və sağlamlıq vəziyyətinə görə dinc dövrdə və ya müharibə dövründə hərbi xidmətə məhdud yararlı olan hərbi qulluqçular: zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmaq hüququ vardır. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, kadr zabit heyətinə aid olmaqla 10 ildən artıq müddətdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçir. Hazırda hüququndan istifadə edərək hərbi xidmətdən ehtiyata buraxılmaq niyyətindədir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində X11 vəzifəsində xidmət keçir. Komanda üzrə raportla hərbi hissə komandirinə xx.xx.2023-cü il tarixdə 10002 nömrəli qeydiyyatla müraciət etməyinə, Müdafiə Nazirinə, Müdafiə Nazirliyinin Hüquq İdarəsinə, Kadrlar İdarəsinə, 218, N və N saylı hərbi hissələrin komandirinə müraciət etməyinə baxmayaraq sənədləri müəyyən edilmiş qaydada Müdafiə Nazirliyinə təqdim edilmir, ona qarşı 218, N və N saylı hərbi hissələrin komandalığı tərəfindən qərəzçiliyə yol verilir. Bildirir ki, 20 ildir ki, döyüş şəraitində olan hərbi hissələrdə xidmət keçir. N günlük Vətən Müharibəsində iştirak etmiş, Ali Baş Komandan tərəfindən “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Qeyd etmək istəyir ki, bir müddət əvvəl münasibətdə olduğu X8 münasibətlərinin pozulduğu halda bir çox orqanlara onun barəsində əsassız şikayət etmişdir, bu barədə Zaqatala Hərbi prokurorluğunda araşdırma aparılaraq əsassız şikayət olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Lakin N nömrəli hərbi hissəsinin komandiri ona qarşı qərəzli mövqe nümayiş etdirməklə xx.xx.2023cü il tarixdə onun barəsində şərəf məhkəməsi keçrilməsinə göstəriş vermiş, şərəf məhkəməsi keçirilən zaman onun rütbəsinin bir pillə aşağı salınması barədə qərar qəbul edilmiş və təqdimatı yuxarı komandanlığa göndərilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, o, Komanda üzrə raportla hərbi hissə komandirinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, həmin tarixli müraciəti nəzərə alınmadan təqdimatı göndərilməyərək hüquqları pozulmuşdur, lakin sonradan qərəzli şəkildə xx.xx.2023-cü il tarixdə onun barəsində şərəf məhkəməsi keçrilməklə təqdimatı tez bir zamanda yuxarı komandanlığa göndərilmişdir. Daha sonra məhkəmə gedişatı zamanı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmış, lakin hüquqları kobud şəkildə pozularaq hərbi rütbəsi bir pillə aşağı endirilmiş və məharət dərəcəsindən məhrum edilmişdir. Buna uyğun olaraq da məhkəmədə iddia tələbini dəyişmişdir. Odur ki, iddia tələbinin təmin edilərək ehtiyata buraxılması barədə hərbi hissə komandirinə müraciət etdiyi xx.xx.2023-cü il tarixə tutduğu mövcud polkovnik-leytenant hərbi rütbəsinin və 1-ci məharət dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, 6 iyul 2023-cü il tarixdə Mingəçevir şəhər sakini vətəndaş X4 qeyri- rəsmi ər-arvad münasibətlərində olduğu polkonvik-leytenant İddiaçı onun ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı Zaqatala hərbi prokurorluğuna ünvanladığı şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, polkonvik-leytenant İddiaçı 2022-ci ilin may ayından Mingəçevir şəhərində tanış olduğu vətəndaş X8 ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamış, sonradan ona qanuni nikahda olduğu həyat yoldaşından ayrılacağı barədə məhkəməyə müraciət etdiyini bildirmişdir. Lakin bir müddət sonra polkonvik- leytenant Ə.Y.X2 aldadaraq məhkəmədən boşanma ilə bağlı müraciətini geri götürmüş, onlar arasında davam edən qeyri-rəsmi münasibətlər dövründə aralarında yaranmış mübahisələr zamanı polkonvik-leytenant İddiaçı “Whatsapp” mobil tətbiqi vasitəsilə mütəmadi olaraq Gülnar Ələkbərovanın ünvanına nalayiq ifadələr, səs yazıları göndərmişdir. Həmçinin Zaqatala hərbi prokurorluğunda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, polkonvik-leytenant Ə.Y.X5 ilə münasibətdə olduğu dövrlərdə rəsmi nikahda olduğu həyat yoldaşı və ailə üzvləri ilə əlaqələrini kəsdiyini, ona münasibətində dürüst olduğunu sübut etmək məqsədilə hərbi xidmətlə, tutduğu xidməti vəzifəsinə görə ona məlum olan konfidensial, hərbi xarakterli, qoşunların yerləşmə rayonu və s. məxfi hesab edilən məlumatları müxtəlif vaxtlarda “Whatsapp” mobil tətbiqi vasitəsilə Gülnar Ələkbərovaya göndərmişdir. Qeyd olunan faktla əlaqədar aparılan araşdırma nəticəsində polkonvik-leytenant İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, onun intizam qaydasında cəzalandırılması barədə N nömrəli hərbi hissənin komandirinə N sentyabr 2023-cü il tarixli təqdimat göndərilmişdir. Etik davranış qaydalarını pozaraq nalayiq hərəkətlərə yol verdiyi və tutduğu xidməti vəzifəsinə görə ona məlum olan hərbi xarakterli, qoşunların yerləşmə rayonu və s. məxfi hesab edilən məlumatları “Whatsapp” mobil tətbiqi vasitəsilə yayıldığı tam sübuta yetirildiyi üçün polkonvik- leytenant İddiaçı şərəf məhkəməsində dinlənilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 30 may 2015-ci il tarixli 24 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.2.5-ci yarımbəndinə müvafiq olaraq onun “hərbi rütbəsinin bir pillə aşağı salınması barədə vəsatət qaldırılması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel 2020-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.3-cü bəndində təsbit olunmuş etik davranış qaydalarının tələblərinə əsasən hərbi qulluqçular cəmiyyətdə qəbul olunmuş ailəməişət normalarına riayət etməli, təsadüfi münasibətlərdən çəkinməlidirlər. Bu Qaydaların 8.4-cü bəndinə əsasən hərbi qulluqçular hərbi xidmət ilə bağlı sənədləri, xidməti fəaliyyəti və vəzifələri, habelə özü barədə, eləcə də dövlət sirri təşkil edən, xidməti istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Ordusunun qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatları paylaşmamalıdırlar. “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 10.1-ci bəndinin tələblərinə əsasən davranış qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi və ya şərəf məhkəməsində dinlənilməsi üçün əsas ola bilər. İddiaçı məsuliyyətdən yayınmaq üçün 23 avqust 2023-cü il tarixdə onun barəsində Zaqatala hərbi prokurorluğunda araşdırma davam etdiyi, yekun qərar çıxarılmadığı üçün hərbi hissədə həmin raportun icrası ilə bağlı tədbir görülməmişdir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinə əsasən barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 69-cu maddəsinə əsasən həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri intizam cəzası tədbiri kimi və ya zabitlərin şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X1 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 67-ci maddəsinə “e” bəndinə əsasən zabitlərə hərbi rütbəsinin bir pillə aşağı endirilməsi intizam cəzası verilə bilər. Həmin nizamnamənin 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri (Müdafiə naziri) hərbi qulluqçular barədə İntizam Nizamnamənin müəyyən etdiyi intizam səlahiyyətindən tam həcmdə istifadə edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 etiraza uyğun izahat verərək iddia tələbinin mümkün hesab edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 iddia tələbinin mümkün hesab edilməməsini xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: 201-nömrəli hərbi hissə komandirinə hüquq şöbəsinin rəisi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli raportda qeyd edilmişdir ki, polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 69-cu maddəsinə uyğun olaraq baş zabitlərin şərəf məhkəməsinin vəsatəti əsasında hərbi rütbəsinin bir pillə aşağı endirilməsi barədə Müdafiə naziri qarşısında vəsatət qaldırılması qanunauyğundur. Zaqatala hərbi prokurorluğunun N nömrəli hərbi hissənin komandirinə ünvanladığı təqdimatda qeyd edilmişdir ki, təqdimat müzakirə edilməklə, gələcəkdə bu kimi hadisələrə yol verilməməsi, hərbi qulluqçulara hərbi xidmətlə bağlı məlumatları yaymaması, habelə onların hərbi hissədən kənarda da, hərbi qulluqçu olaraq davranış qaydalarına riayət etmələri üçün müvafiq tədbirlər görülsün, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnik-leytenant İddiaçı intizam qaydasında cəzalandırılması məsələsinə baxılsın, təqdimata baxılmasının nəticəsi və görülmüş tədbirlər barədə bir ay müddətində Zaqatala Hərbi Prokurorluğuna yazılı məlumat verilsin. N nömrəli hərbi hissə komandirinin raportunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin kəşfiyyat rəisi-bölmə (Q2) rəisi vəzifəsində xidmət edən polkovnik leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaq pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümünə olmasını, qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçilik rejiminə əməl etməyərək hərbi sirrin yayılmasında, qoşunların hazırkı vəziyyətinin aşkar şəkildə müzakirə etməsi kəşfiyyat məlumatlarının yayılması nəticəsində yarana biləcək hansısa səbəbin qarşısının əvvəlcədən alınması məqsədi ilə haqqında qərar qəbul edilməsi zərurəti yarandığından baş zabitlərin şərəf məhkəməsində dinlənilməsi barəsində sərəncam vərəsiniz. N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Poikovnik-leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayış normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümunə olmasını, qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçilik rejiminə əməl etməyərək hərbi sirrin yayılmasını, qoşunların hazırki vəziyyətinin aşkar şəkildə müzakirə etməsini, kəşfiyyat məlumatlarını yayılmasını, özünü nizam-intizamsız bir zabit kimi göstərməsini, verilən əmr və tapşırıqları vaxtında icra etməkdə çətinlik çəkməsini, gündəlik xidməti vəzifələrinə səhlənkar yanaşmasını, bir hərbi qulluqçu kimi xidməti vəzifələrinin məsuliyyətini dərk etməməsini, xidməti vəzifələrinə məsuliyyətlə yanaşmadığını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən “hərbi rütbəsinin bir pillə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Müdafiə Nazirinin 0138 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, N nömrəli hərbi hissənin kəşfiyyat rəisi-kəşfiyyat bölməsinin (Q2) rəisi mayor İddiaçı kəşfiyyat ixtisası üzrə malik olduğu 1-ci məharət dərəcəsi iki pillə aşağı, 3-cü məharət dərəcəsinə endirilmişdir. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 0172rt nömrəli şəxsi heyət üzrə əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69cu maddəsinə müvafiq olaraq, N nömrəli hərbi hissənin Kəşfiyyat rəisi-Kəşfiyyat bölməsinin rəisi polkovnik-leytenant İddiaçı rütbəsi “mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır. Əsas: N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1 nömrəli qərarından çıxarış. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5438/2024 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı polkovnik-leytenant hərbi rütbəsinin əsassız olaraq bir pillə aşağı endirilərək mayor rütbəsinə endirilməsi haqqında əmrin ləğv edilməsi və polkovnik-leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3377/2024 nömrəli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 5438/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5438/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, mümkünlük şərtlərini nəzərdən keçirərək hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

69. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kursant, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X1 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular tutduqları vəzifədən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı X1 ilə müəyyən edilmiş müddət bitdikdə, hərbi rütbənin aşağı salınması haqqında qərar qəbul etmiş, onlara bərabər və onlardan yuxarı səlahiyyətlərə malik olan rəislərin əmrləri ilə hərbi rütbədə bərpa edilirlər. Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti hərbi rütbə verilənə kimi hərbi rütbəsinin təkrarən aşağı salınmasına yol verilmir.

70. Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. Hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Qanun: Maddə 33. Hərbi rütbələrdən məhrumetmə, hərbi rütbələrin aşağı salınması və bərpası 33.1. Hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilərlər. 33.2. Hərbi qulluqçular (zabitlər istisna olmaqla) Azərbaycan Respublikası Silahlı X1 ilə müəyyən olunmuş qaydada hərbi rütbədən məhrum edilir və onların hərbi rütbələri bu rütbələri vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir. 33.3. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kursant, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. 33.4. Ali zabitlərin hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən, digər hərbi qulluqçuların, habelə hərbi vəzifəlilərin və istefada olan şəxslərin hərbi rütbələri isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Azərbaycan Respublikası Silahlı X1”ndə müəyyən edilən qaydada bir pillə aşağı salınır və bərpa olunur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin: 2-ci bəndinə əsasən Şəxsi heyətin yüksək təlim və tərbiyəsini, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start), idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: - 3-cü məharət dərəcəsi; - 2-ci məharət dərəcəsi; - 1-ci məharət dərəcəsi - Usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbi təyyarəçitəlimatçılara və hərbi şturman-təlimatçılara “snayper” dərəcəsi) 14-cü bəndinə əsasən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) məharət dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hər bir qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdırlar: - 3-cü məharət dərəcəsi - 1 il; - 2-ci məharət dərəcəsi - 1 il; - 1-ci məharət dərəcəsi - 2 il; - usta məharət dərəcəsi - 3 il. 37.1-ci bəndinin tələblərinə əsasən, aşağıdakı hallarda hərbi qulluqçunun məharət dərəcəsi bir pillə aşağı endirilir: 37.1.1. Hərbi qulluqçunun təqsiri səbəbindən silah və hərbi texnikanın istismar (təmir) qaydalarının pozulması nəticəsində onların nasaz vəziyyətə düşməsi halları və ya qəza baş verdikdə, həmçinin dövlətə maddi ziyan vurulduqda; 37.1.2. Atışlar, döyüş atışları və döyüş atışlı taktiki təlimlər zamanı təhlükəsizilik qaydaları kobud şəkildə pozulduqda; 37.1.3. Hərbi intizam qaydaları kobud şəkildə pozuldudqa; 37.1.4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və onun müvainləri tərəfindən həbi qulluqçuya “şiddətli töhmət” elan edildikdə; 37.1.5. Bu Əsasnamənin 33 və 34-cü bəndlərində nəzərdə tutulan hallarda məharət dərəcəsi təsdiq edilmədikdə. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia tələbinin əsasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxış edir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5438/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı polkovnik-leytenant hərbi rütbəsinin əsassız olaraq bir pillə aşağı endirilərək mayor rütbəsinə endirilməsi haqqında əmrin ləğv edilməsi və polkovnik-leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin qərar ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-3377/2024 nömrəli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5438/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5438/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Beləliklə də, məhkəmə iddiaçının tələbinə münasibətdə hüquqi qiymət vermiş və sözügedən qərar da qanuni qüvvəsini almışdır. Məhkəmə iddiaçının tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı ehtiyata buraxıldıqdan və hərbi rütbəsi bir pillə aşağı endirildikdən sonra N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə N nömrəli hərbi hissənin kəşfiyyat rəisi-kəşfiyyat bölməsinin (Q2) rəisi mayor İddiaçı kəşfiyyat ixtisası üzrə malik olduğu 1-ci məharət dərəcəsi iki pillə aşağı, 3-cü məharət dərəcəsinə endirilmişdir. Başqa sözlə iddiaçı hərbi xidmət dövründə xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayış normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümunə olmasını, qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçilik rejiminə əməl etməyərək hərbi sirrin yayılmasını, qoşunların hazırki vəziyyətinin aşkar şəkildə müzakirə etməsini, kəşfiyyat məlumatlarını yayılmasını, özünü nizam-intizamsız bir zabit kimi göstərməsini, verilən əmr və tapşırıqları vaxtında icra etməkdə çətinlik çəkməsini, gündəlik xidməti vəzifələrinə səhlənkar yanaşmasını, bir hərbi qulluqçu kimi xidməti vəzifələrinin məsuliyyətini dərk etməməsini, xidməti vəzifələrinə məsuliyyətlə yanaşmadığı üçün onun barəsində şərəf məhkəməsi keçirilmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən “hərbi rütbəsinin bir pillə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Daha sonra o, Müdafiə Nazirinin 0138 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 0172rt nömrəli şəxsi heyət üzrə əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69cu maddəsinə müvafiq olaraq, N nömrəli hərbi hissənin Kəşfiyyat rəisi-Kəşfiyyat bölməsinin rəisi polkovnik-leytenant İddiaçı rütbəsi “mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır. Bundan sonra N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, N nömrəli hərbi hissənin kəşfiyyat rəisi-kəşfiyyat bölməsinin (Q2) rəisi mayor İddiaçı kəşfiyyat ixtisası üzrə malik olduğu 1-ci məharət dərəcəsi iki pillə aşağı, 3-cü məharət dərəcəsinə endirilmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən qeyd edir ki, iddiaçı məharət dərəcəsinin verilməsinə əsas olmuş əmri düzgün cavabdehə qarşı və qanunvericinin iddia müddəti ilə bağlı tələblərinə riayət etməklə vaxtında mübahisələndirmədiyindən, habelə 2024-cü ildə ehtiyata buraxıldığından, onun məharət dərəcəsinin bərpası mümkün deyil. Nəzərə alınmalıdır ki, hərbi qulluqçu statusuna malik olan şəxsə hər hansı pillə üzrə məharət dərəcəsinin verilməsi onun xidmət üzrə faktiki göstəricilərindən asılı olan və onu xidmət etdiyi qurum üzrə müvafiq səlahiyyətli şəxsin (rəhbərin) qiymətləndirməsi çərçivəsində mövcud hallarla bağlıdır, iddiaçı isə hazırda hərbi xidmətdə qulluq etmir. Odur ki, inzibati məhkəmə icraatında iddiaya “usta məharət dərəcəsinin bərpa edilməsi” hissəsində baxılması da mümkünsüzdür. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının 2-ci tələbi 1-ci tələbdən törəmə və asılıdır. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın mümkün hesab edilməməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Belə olan halda hazırki iddianın mümkün sayılmaması üçün əsas yaranmışdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə tərəfindən iddiaçıya 08 aprel 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək hallar, mümkünsüzlük şərtləri, yəni məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqdan sonra eyni tərəflər arasında eyni əsas və eyni predmetlə bağlı iddia tələbinə yenidən baxılmasının mümkünsüz olduğu izah edilmişdir. Həmçinin məhkəmə iclasında da şifahi formada iddiaçıya hüquqi yardım edilmiş, qeyd olunan hallar, iddia tələbinin dəyişdirilməsi hüququnun olduğu izah olunmuşdur. İddiaçı isə bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərarları ilə razı deyildir və bu səbəbdən də Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir və tələbinin təmin edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar