Məhkəmə qərarları › İş №2-1(120)-979/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-979/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-979/2025 24.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin qeydiyyata alınması və qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin qeydiyyata alınması və qeydiyyat şəhadətnaməsinin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi : Təsviri hissə: İşin halları: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “Mercedes Benz minik markalı sedan tipli 1996-cı il buraxılışı olan ban nömrəsi WDB 2100041A229945 olan **-OP-*** nömrə nişanlı nəqliyyat vasitəsinin onun adına qeydiyyata alınması və həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3926/2024 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində 1990cı il buraxılışlı Mersedes Benz 22OD minik markası ** OP *** dövlət nömrə nişanlı avtomobil vardır. Həmin avtomobili 2020-ci ilin fevral ayında İmişli rayonundan almışdır. Avtomobili əvvəl etibarnamə əsasında idarə etmiş, 22 fevral 2021-ci il tarixdə isə avtomobil İmişli RQİ və TBŞ-də adına qeydiyyata alınmışdır. Avtomobilin ban nömrəsi olan hissə korroziyaya uğradığı üçün metal çatışmazlığı yaranmışdır. Bu səbəbdən də avtomobili təmir etmiş, həmin metal çatışmazlığı olan hissəyə yeni detal salınıb qaynaq işləri aparılmışdır. Avtomobilin alt döşəmə hissəsi dəyişdirilmiş, lakin ban nömrəsinin özünə müdaxilə olunmamışdır. Ban nömrəsi yerindədir və tam aydın oxunur. Ban nömrəsi həkk edilən metalda qaynaq izi yoxdur. Avtomobilin birkası isə təmir zamanı ola bilər ki, rənglənmə işləri aparılan zaman silinmişdir. Bu barədə BDYPİ-nə məlumat verməmiş və qaynaq işləri aparılması fakt sənədləşdirilməyib. Bu hal DİN Baş istintaq və təhqiqat idarəsində araşdırılmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hər hansı bir fakt müəyyən edilməmişdir. O, DİN Baş X3 İdarəsinə ərizə yazıb nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin idarənin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, xahişinizin müsbət həlli idarənin İmişli regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Qeyd olunanlar nəzərə alınmaqla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı məcburetmə haqqında iddia növü olduğundan, İPM-in 8.1.2-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının yaşadığı yer İmişli rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X3 İdarəsinin İmişli regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin BDYPİ-nin Qİİ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 11 aprel 2023-cü il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək İmişli rayonu Gövhərli kəndində qeydiyyatda olan İddiaçı mülkiyyətində olan «Mercedes Benz 220D» minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, WDB2100041A229945 ban nömrəli, ağ rəngli, 1996-cı il buraxılışlı avtomobilin birkasız olması və ban nömrəsinin ətrafında qaynaq işləri aparılması ilə bağlı olaraq araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma ona həvalə edilmiş və material üzrə tərəfindən araşdırma aparılmışdır. İddiaçı izahatında göstərmişdir ki, «Mercedes Benz 220D» minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, WDB2100041A229945 ban nömrəli, ağ rəngli, 1996-cı il buraxılışlı avtomobil özünə məxsusdur. Həmin avtomobili 2020-ci ilin fevral ayında İmişli rayonundan almışdır. Avtomobili əvvəlcə etibarnamə əsasında idarə etmiş, 22 fevral 2021-ci il tarixdə isə avtomobil İmişli RQİ və TBŞ-də adına qeydiyyata alınmışdır. Avtomobilin ban nömrəsi olan hissə korroziyaya uğradığı üçün metal çatışmazlığı yaranmışdır. Bu səbəbdən də avtomobili təmir etmiş, həmin metal çatışmazlığı olan hissəyə yeni detal salınıb qaynaq işləri aparılmışdır. Avtomobilin alt döşəmə hissəsi dəyişdirilmişdir. Lakin ban nömrəsinin özünə müdaxilə olunmayıb. Ban nömrəsi yerindədir və tam aydın oxunur. Ban nömrəsi həkk edilən metalda qaynaq izi yoxdur. Avtomobilin birkası isə təmir zamanı ola bilər ki, rəngləmə işləri apardan zamanı silinmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, «Mercedes Benz 220D» minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə edilməklə avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməyib və bu fakt sənədləşdirilməmişdir. Həmçinin avtomobilin birkası yerində yoxdur. Bu səbəbdən də, avtomobilin aqreqat hissələrinin göstəricilərini yoxlayıb eyniləşdirmək mümkün olmamışdır. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi, yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki, qeyd edilən 17 simvol göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hər hansı bir fakt müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat işlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin səlahiyyətinə daxildir. Göründüyü kimi «Mercedes Benz 220D» minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. AE № 066354 nömrəli xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, «Mercedes Benz 220D» minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, WDB2100041A229945 ban nömrəli, ağ rəngli, 1996-cı il buraxılışlı avtomobil İmişli rayonu, Gövhərli kənd sakini İddiaçı adına qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN Baş X3 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “MERCEDES BENZ 220D" markalı **-OP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Nəqliyyat vasitəsinin 22 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, MERCEDES BENZ 220D" markalı **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı 5000 manata satılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3/1707 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Təqdim edilmiş “Mercedes-Benz 220D” markalı, üzərində **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin “WDB2100041A229945” ban nömrəsini bildirən hərf və rəqəmlər zavod üsulu ilə həkk edilmişdir, birka yerində aşkar edilmədi. Lakin ban nömrəsi həkk edilmiş detalın ətrafında qaynaq izi müşahidə edilir. Həmin qaynaq izi avtomobilin təmiri zamanı da yarana bilər. Müayinə olunan avtomobil İmişli rayonu Gövhərli kəndində qeydiyyatda olan İddiaçı mülkiyyətində olan “Mercedes-Benz 220D” minik markalı, üzərində **-OP-*** dövlət qeydiyyat nişanı, sedan tipli, mühərrik silinmə-nömrəsiz “WDB2100041A229945” ban nömrəli, ağ rəngli 1996-çı il buraxılışlı avtomobil ilə eyni avtomobildirmi? sualı ekspert trasoloqun səlahiyyətinə aid olmadığı üçün həmin suala cavab verilmədi. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. 60-cı maddəsinin 4-cü hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Yol hərəkəti haqqında” Qanunun : 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmişqaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuştəhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi vəfiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır.. - V-İİ hissəsinə əsasən Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrindənəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. - XV hissəsinə görə Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. 1.3-cü bəndinə əsasən Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. 1.5-ci bəndinə əsasən Nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6-cı bəndinə görə Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. 2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin ban nömrəsi ətrafında qaynaq işlərinin aparılmasını əsas gətirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal avtomobilin qeydiyyata alınmasından imtina əsası kimi çıxış edə bilməz. Belə ki, mübahisələndirilən həmin hal iddiaçının iradəsindən asılı olmamış, iddiaçı vicdanlı alıcı kimi qeyd olunan qüsurdan xəbərsiz olaraq avtonəqliyyat vasitəsini qanuni əsaslarla əldə etmişdir. Eyni zamanda əməldə iddiaçının təqsirinin müəyyən edilməməsi iş materiallarında olan həmin avtomobilin iddiaçı tərəfindən əldə olunmasını sübut edən sənədlərlə də təsdiq edilmişdir. X2 Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin BDYPİ-nin Qİİ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hər hansı bir fakt müəyyən edilməmiş, və məhkəmə prosesi zamanı da cavabdeh tərəfindən də məhkəməyə hər hansı sübut əhəhmniyyəti daşıyan mötəbər sənəd təqdim edilməmişdir. Və həmin avtomobilin ban nömrəsi olan hissədə korroziyaya uğradığı üçün metal çatışmazlığı yarandığı, bu səbəbdən də iddiaçı tərəfindən avtomobil təmir edilərkən həmin metal çatışmazlığı olan hissəyə yeni detal salınıb qaynaq işləri aparıldığı, lakin ban nömrəsinin özünə müdaxilə olunmadığı, ban nömrəsinin yerində olduğu və tam aydın oxunduğu və ban nömrəsi həkk edilən metalda qaynaq izi olmadığı qeyd olunmuşdur. Həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3/1707 nömrəli rəydə bildirilmişdir ki, “Mercedes-Benz 220D” markalı, üzərində **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin “WDB2100041A229945” ban nömrəsini bildirən hərf və rəqəmlər zavod üsulu ilə həkk edilmişdir, birka yerində aşkar edilmədi. Lakin ban nömrəsi həkk edilmiş detalın ətrafında qaynaq izi müşahidə edilir. Həmin qaynaq izi avtomobilin təmiri zamanı da yarana bilər. Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmamasını iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına maneə kimi qiymətləndirir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtina əsası iddiaçının iradəsindən asılı olmayan haldır və onun ziyanına təfsir edilə, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Mülki Məcəllənin: 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68-ci , 69-cu , 75ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. «Mercedes Benz minik markalı sedan tipli 1996-cı il buraxılışı olan ban nömrəsi WDB 2100041A229945 olan **-OP-*** nömrə nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına qeydiyyata alınması və həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar