Məhkəmə qərarları › İş №2-1(120)-982/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-982/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-982/2020 17.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı və Cavabdeh N nömrəli hərbi hissənin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı «intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılmağı barədə N gm nömrəli 05.02.2020-ci il tarixli əmrin ona aid hissədə ləğv olunması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh N nömrəli hərbi hissəyəyə qarşı məhkəmədə iddia qaldıraraq, ehtiyata buraxılmağına əsas olmuş intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılmağı barədə AR Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının (Cavabdeh komandirinin) N gm nömrəli 05.02.2020-ci il tarixli əmrinin ona aid hissəsində ləğv olunması vəzifəsinin Cavabdeh həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında izahat verərək, bildirdi ki, o, N №-li hərbi hissədə “yanacaq-sürtkü” materialları anbarının rəisi vəzifəsində xidmət keçmişdir. 2020-ci ilin fevral ayının 4-də maşın başçısı kimi 6-cı bölməyə yanacaq verib qayıdarkən yanacaq daşıdıqları avtomobilin təkərini Balaxanı qəsəbəsində yol kənarında yerləşən təkər təmiri sexində təmir zamanı hərbi polis idarəsinin axtarış şöbəsinin əməkdaşları tərəfindən yoxlanılmışdılar. Onlar onu və avtomobilin sürücüsü və maxe çavuş Famil Osmanovu hərbi hissənin yanacağının satılmasında günahkar bilsələr də, onların bu şübhələri öz təsdiqini tapmamışdır. Lakin onların barələrində AR Müdafiə Nazirliyinə məruzə olunmuş və hər ikisinin ordu sıralarından ehtiyata buraxılması barədə müvafiq əmr imzalanmışdır. Həmin əmr onlara, o cümlədən ona 13.02.2020-ci il tarixdə imza etdirilməklə çatdırılmışdır. Onun AR Müdafiə Nazirliyinə göndərdiyi şikayət teleqramından sonra həmin əmr ləğv edilmişdir. Daha sonra onu həmin əmrin əsasları dəyişdirilməklə-guya hərbi intizamı kobud şəkildə pozduğuna, vəzifə borclarını layiqincə yerinə yetirmədiyinə, nizam qaydalarına əməl etmədiyinə görə “töhmət”, “şiddətli töhmət” və “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” kimi intizam cəzaları verilməklə N gm nömrəli 05.02.2020-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. “Şiddətli töhmət” və “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzaları saxtalaşdırılmış və ona elan edilməmişdir. Həmin əmr ona çatdırılmamış, əmrin nömrəsi və tarixi ona 21.02.2020-ci il tarixdə təyinat vərəqəsi verilərkən məlum olmuşdur. Hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh N nömrəli hərbi hissənin nümayəndəsi X2 məhkəmə hazırlıq iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə hərbi hissənin komandiri tərəfindən dörd dəfə töhmət, bir dəfə şiddətli töhmət intizam cəzası ilə cəzalandırılmışdır. Bundan başqa o, 04.02.2020-ci il tarixdə Hərbi Hava Qüvvələrinin Maddi-Texniki Təminat İdarəsinin yanacaq xidməti rəisi tərəfindən yanacaq xidmətinin yoxlanılması zamanı aşkar olunan nöqsanlara görə 04.02.2020-ci il tarixdə “xidmətə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verilmişdir. İddiaçı xidmətdə özünü nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. Buna görə də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müqavilə bitməmiş ehtiyata buraxılmışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 05 fevral 2020-ci il tarixli 010gm nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 981-ci Zenit Raket briqadasının (N №-li hərbi hissə) Maddi-texniki təminat bölüyünün anbar rəisi (HUİ-650) gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. HUİ-650 qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon bölməsinə göndərilmişdir. İş materialında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin 01.06.2020-ci il tarixli 525 nömrəli məktubundan görünür ki, 05.10.1990-cı il təvəllüdlü İddiaçı 26.02.2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Ağayev X3 nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 05 fevral 2020-ci il tarixli 010gm nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon bölməsinə göndərilmişdir. İddiaçı 26.02.2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Hazırda iddiaçı qeyd olunan əmrin ona aid hissədə ləğv olunmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Məhkəmə hesab edir ki, iddiaçının tələbi mübahisələndirmə haqqında iddiaya aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, qanunun qeyd edilən tələbindən və işin yuxarıda qeyd edilən hallarına əsasən, müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Göründüyü kimi, İddiaçı ehtiyata buraxılmasını bilmiş, lakin 2 (iki) aydan artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir: «İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: «Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbi ilə bağlı yardım olunsa da, məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı «intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılmağı barədə N gm nömrəli 05.02.2020-ci il tarixli əmrin ona aid hissədə ləğv olunması barədə» iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı «intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılmağı barədə N gm nömrəli 05.02.2020-ci il tarixli əmrin ona aid hissədə ləğv olunması barədə» iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar