Məhkəmə qərarları › İş №2-1(120)-983/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-983/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-983/2022 22.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X5 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial X5 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilə kimi Cəbrayıl rayon C.Mərcanlı kənd orta məktəbində, xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilə kimi Cəbrayıl rayon B.Mərcanlı kənd orta məktəbində ÜTF müəllimi işləməsini staj kimi müəyyən edilərək, Dövlət Sosial X5 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, orta məktəbi bitirdikdən sonra 1973-cü ildə V.İ.Lenin adına Qırmızı Bayrağ ordenli Azərbaycan Dövlət Pedoqoji inistitutuna daxil olmuş və 1987-ci ildə Rəsmxət, Rəsm və əmək təlimi ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilə kimi Cəbrayıl rayon C.Mərcanlı kənd orta məktəbində ÜTF müəllimi işləmişdir. xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilə kimi isə Cəbrayıl rayon B.Mərcanlı kənd orta məktəbində ÜTF müəllimi işləmişdir. Cəbrayıl rayonu təhsil şöbəsinin və məktəblərin sənədləri işğal zonasında qalmışdır. Onun işləməsi faktını onunla işləyən müəllimlər də təsdiq edə bilərlər. Yaşa görə əmək pensiyasını almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Medafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də sənədlərinə komissyada baxılıb ona 11 dekabr 2021-ci il tarixdə **********8 saylı məktubla cavab verilmişdir ki, xx.xx.1978-ci ildən xx.xx.1994-cü ilə kimi Cəbrayıl rayon B.Mərcanlı kənd orta məktəbinə daxil olma və işdən çıxma əmrləri olmadığından həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qeyd olunan dövr məhkəmə qərarı əsasında təsdiq edildikdən sonra müraciətinizə yenidən baxıla bilər. Qeyd olunanların nəzərə alınaraq, onun xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilə kimi Cəbrayıl rayon C.Mərcanlı kənd orta məktəbində və xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilə kimi isə Cəbrayıl rayon B.Mərcanlı kənd orta məktəbində ÜTF müəllimi işləməsini staj kimi müəyyən edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üzərinə yaşa görə təyin edilmiş edilmiş əmək pensiyasının yenidən hesablanmasından ötrü qərar qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. Cavabdeh Dövlət Sosial X5 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 dekabr 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciətinizlə əlaqəli olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığınız dövr, eyni zamanda əmək kitabçanızın surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajınız 16 il 2 ay təşkil edir. Eyni zamanda sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 2 ay sığorta stajına və xx.xx.2006-cı il tarixindən pensiya hüququnuzun yarandığı tarixədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 21788,08 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği xx.xx.2021ci il tarixində avtomatlaşdırılmış qaydada 283,61 manat müəyyən edilmişdir. Əlavə olaraq bidiririk ki, əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1994cü il tarixinədək Cəbrayıl rayonu Böyük Mərcanlı kənd orta məktəbinə işə daxiloma və işdən çıxma əmrləriniz olmadığından həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblər baxımından mümkün deyildir. Qeyd olunan dövr məhkəmə qərarı əsasında təsdiq edildikdən sonra müraciətinizə yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının nümayəndəsi X4 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəbrayıl rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Belə ki, iş materiallarında olan Cəbrayıl rayon Dövlət Arxivinin 22 aprel 2022-ci il tarixli, 30 nömrəli məktubunda qeyd edilmişdir ki, Məmmədov X3 rayon Təhsil şöbəsində işləməsi haqqında Arxiv idarəsinə müraciət etmişdir. Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Təhsil Şöbəsinin arxiv sənədləri xx.xx.1993-cü ilə kimi olan sənədlər işğal zonasında qalmışdır. Odur ki, İddiaçı işləməsi haqqında məlumat yoxdur. İş materiallarında olan Cəbrayıl rayon Dövlət Arxivinin 22 aprel 2022-ci il tarixli, 31 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Təhsil Şöbəsinin arxiv sənədləri xx.xx.1993-cü ilə kimi olan sənədlər işğal zonasında qalmışdır. İş materiallarında olan Dövlət Sosial X5 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubuna əlavə olunmuş “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli qərardan görünür ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1978-xx.xx.1994-cü illəri əhatə edən dövrü sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. İş materiallarında olan Q-İ 034615 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1973-cü ildə V.İ.Lenin adına Qırmızı Bayrağ ordenli Azərbaycan Dövlət Pedoqoji inistitutuna daxil olmuş və 1987-ci ildə Rəsmxət, Rəsm və əmək təlimi ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Dövlət Sosial X5 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2006-cı il tarixli, ******* əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayon Çocuq Mərcanlı kənd tam orta məktəbində, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək isə Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbində əmək fəaliyyətində olması barədə qeydlər yazılsa da işə daxil olma və işdən çıxma əmrləri barədə qeydlər yazılmamışdır. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli, **********7 nömrəli etirazda qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa gönə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)- 983/2022 nömrəli inzibati iş vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik və icraatınıza qəbul edib hüquqi qiymət verməyinizi xahiş edirik. Hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının İddiaçı ünvanladıği 11 dekabr 2021-cİ il tarixli **********8 nömrəli “yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” İmtina məktubunda İddiaçı məxsus 034615 nömrəli diploma əsasən, xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı dövr (4 il 10 ay 4 gün), o cümlədən ******* nömrəli əmək kitabçasının surətində qeyd edilmiş digər dövrlər (xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi 1 il, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi 10 il 4 ay) nəzərə alınmaqla 01.01,2006-cı il tarixinədək 16 il 2 ay sığorta stajı və xx.xx.2006-cı İİ tarixdən sonra yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 21788,08 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləğinin xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada 283,61 manat müəyyən edildiyi qeyd olunmuşdur. Sözügedən imtina məktubunda İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayon Çocuq Mərcanlı kənd tam orta məktəbinə, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək isə Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbinə işə daxilolma və işdən çıxma əmrləri olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi və qeyd olunan dövrlərin məhkəmə qərarı əsasında təsdiq edildikdən sonra müraciətə yenidən baxıla biləcəyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq normalarına uyğun olaraq, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yasa görə əmək pensiyası hüququ 65 yasının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaranmış və ona 283,61 manat məbləğində yasa görə pensiya təyin edilmişdir. Qeyd edək ki, iddiaçının mübahisələndirilən sığorta staiı xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayon Çocuq Mərcanlı kənd tam orta məktəbində işlədiyi 11 il, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək isə Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbində işlədiyi 5 ildir ki, ümumilikdə 16 il təşkil edir. İddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayon Çocuq Mərcanlı kənd tam orta məktəbində, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək isə Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbində işlədiyini iddia etdiyi dövr əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, iddiaçının işə daxilolma və işdən azad edilmə əmrləri olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı Sərifəli oğlunun yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qovulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanmam öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə görə yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 26.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. İddiaçının pensiya işinin təsdiq edilmiş surətindən, cavabdeh inzibati orqanın imtina məktubundan və iddia tələbinə qarşı verdiyi etiraz məktubundan müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilmiş və pensiya təyin olunarkən onun xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayon Çocuq Mərcanlı kənd tam orta məktəbində, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbindəki əmək fəaliyyəti sığorta stajı kimi nəzərə alınmamışdır. Cavabdeh həmin dövrlərin sığorta stajına daxil edilməməsinin səbəbini işə daxilolma və işdən çıxma barədə əmrlərinin olmaması ilə əlaqələndirmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Cəbrayıl rayonu işğal olunan zaman Təhsil Şöbəsinin xx.xx.1993-cü ilə kimi olan arxiv sənədləri işğal zonasında qaldığından İddiaçı həmin dövrə qədər işləməsi haqqında məlumat mövcud deyildir. Bundan başqa pensiya işinin içərisində olan və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən əmək kitabçasının surətindən görünür ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayon Çocuq Mərcanlı kənd tam orta məktəbində, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək isə Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbindəki əmək fəaliyyəti barədə qeydlər yazılsada həmin qeydlərin aparılmasına əsas olan əmrlərin tarixi, nömrəsi yazılmamışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qayda”larının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.2-ci maddəsinin 2-ci abzasında qeyd edilir ki, işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Həmin Qaydaların 3.9-cu maddəsinə əsasən əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. Həmin Qaydaların 7.1-ci maddəsinə bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Həmin Qaydaların 7.2-ci maddəsinə əsasən əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Həmin Qaydaların 7.3-cü maddəsinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş falktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, mübahisəli dövrlərə dair sonradan qeydləri aparılmış əmək kitabçası o halda mötəbər hesab oluna bilərdi ki, həmin qeydlərin aparılmasına əsas olan məlumatlar (əmək müqaviləsi, əmrlər) mövcud olsun və həmin məlumatlar əmək kitabçasında qeyd olunsun. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında mübahisəli dövrlərlə bağlı belə qeydlər aparılmamışdır. Bununla belə məhkəmə qeyd edir ki, əmək kitabçası olmadığı hallarda həmin əmək kitabçasının dublikatını almaq mümkündür ki, həmin dublikat da onun verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan iddiaçının əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilməlidir. Eyni zamanda iş materiallarında olan sənədlərdən və iddia ərzəsinin məzmunundan müəyyən olunur ki, Cəbrayıl rayonu işğal olunan zaman Təhsil Şöbəsinin xx.xx.1993-cü ilə kimi olan arxiv sənədləri işğal zonasında qalmışdır. Bu səbəbdən İddiaçı mübahisəli dövrlərdə işləməsinə dair sənəd və məlumat mövcud deyildir. Belə olduğu halda məhkəmə hesab edir ki, əmək kitabçasında mübahisəli dövrlərə dair qeydlərin yazılması ümumiyyətlə əsassız olmuşdur. Məhkəmə iclası zamanı izah olunmasına baxmayaraq iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayon Çocuq Mərcanlı kənd tam orta məktəbində, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək isə Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbindəki əmək fəaliyyətində olması faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini təqdim etməmişdir. Hansı ki, yuxarıda qeyd edilən hüquq normalarına və formalaşmış məhkəmə təcrübəsinə görə lazımi sənədləri başqa qaydada ala bilməyən, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmayan hallarda ərizəçi (hazırki halda iddiaçı) həmin faktların müəyyən edilməsindən ötrü mülki icraat qaydasında məhkəməyə müraciət etməli idi. Məhz belə olduğu halda iddiaçının mübahisəli dövrlərinə dair qeydləri mötəbər hesab oluna bilərdi və həmin qətnamə sığorta stajının müəyyən edilməsi üçün əsaslı sübut hesab olunacaqdır. Beləliklə də məhkəmə iş materiallarında olan sənədləri və qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayon Çocuq Mərcanlı kənd tam orta məktəbində, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək isə Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbindəki əmək fəaliyyəti qanunla müəyyən edilmiş sübutlarla (müqavilə, əmrlərdən çıxarış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilmədiyindən, həmin dövrlərin nəzərə alınmaqla iddiaçının yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial X5 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassız olduğundan təmin edilmir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar