Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-989/2020 09.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı Cavabdehna qarşı «Cavabdeh vəzifəli şəxslərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimələnməsi və məsuliyyətə cəlb edilməsi, həmçinin intizam məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərar çıxarılması barədə» tələbinə dair işə 09 iyun 2020-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vəzifəli şəxslərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimələnməsi və məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş, sonuncuya iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək, həmçinin, etirazı əsaslandıran sübutların məhkəməyə təqdim olunması üçün müddət təyin olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 05 avqust 2019-cu il tarixdə Lənkəran şəhər-rayon Polis şöbəsinin əməkdaşlarının onun mobil telefonunun sındırılması barədə Cavabdehna müraciət etmişdir. Cavabdeh müstəntiqi Cabir Qurbanlı onun müraciəti əsasında araşdırma aparmış və CPM-nin 39.1.1 və 41, 85, 207 və 212-ci maddələrini rəhbər tutaraq, toplanılmış 138C-19 saylı material üzrə 05 oktyabr 2019-cu il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Lakin həmin qərar ona 13 yanvar 2020-ci il tarixli 15Ş-20 saylı məktubla göndərilmişdir və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsinə 03 mart 2020-ci il tarixdə daxil olmuşdur. CPM-nin 212.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir. Lakin göründüyü kimi həmin qərar 05 oktyabr 2019-cu il tarixdə qəbul edilməsinə baxmayaraq, ona həmin qərar 3 ay 8 gün (100 gün) sonra göndərilmişdir. Belə ki, həmin qərarın 3 ay 8 gün sonra göndərilməsi həm «Vətəndaşların müraciətlərinə baxılması haqqında» Qanuna, CPM-nin tələblərinə, Konstitusiyanın 57-ci maddəsinə və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir və yolverilməzdir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin dövlət orqanlarının, hüquqi şəxslərin hərəkətlərindən inzibati qaydada məhkəməyə şikayət etmək hüququ vardır. Məhkəmədən tələb olunur ki, ərizəçinin hüquqlarına müdaxilə edilib-edilmədiyini, həmin müdaxilənin qanuni məqsədlərə yönəlibyönəlmədiyini, qanuni məqsəd daşıyıb-daşımadığını, konvensiyada nəzərdə tutulubtutulmadığını, və sair meyarların hər biri araşdırılmalıdır. Cavabdeh vəzifəli şəxslərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimələnməsi və məsuliyyətə cəlb edilməsi, həmçinin intizam məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır Belə ki, İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İddia ərizəsindən aydın olur ki, iddiaçı Cavabdeh tərəfindən ərizəsi əsasında başlanılmış və 5 oktyabr 2019-cu il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qəbul edilmiş qərarın surəti ona vaxtında göndərilmədiyi üçün Cavabdeh vəzifəli şəxslərinin barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsini xahiş edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə 06 may 2020-ci il tarixli məktubla yardım edilsə də, münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehna qarşı «Cavabdeh vəzifəli şəxslərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimələnməsi və məsuliyyətə cəlb edilməsi, həmçinin intizam məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərar çıxarılması barədə» iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehna qarşı «Cavabdeh vəzifəli şəxslərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimələnməsi və məsuliyyətə cəlb edilməsi, həmçinin intizam məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərar çıxarılması barədə» iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-989/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-989/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver