Məhkəmə qərarları › İş №2-1(120)-989/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-989/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-989/2021 06.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Lerik rayonu, Cəngəmiran kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin nümayəndəsi X2 (Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi idarəsinə qarşı Lerik rayonu Lerik bələdiyyəsinin 28.11.2003-cü il tarixli, 51 nömrəli qərarına və “Torpağa mülkiyyət hüququna dair” JN-1055 (kod ********) nömrəli dövlət aktına əsasən ona ayrılmış 0,0544 ha torpaq sahəsinə dair mülkiyyət hüuquqnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı ilkin hüquqmüəyyənedici sənədlər əsasında və torpağa mülkiyyət hüququna dair JN-1055 (kod ********) nömrəli dövlət aktı əsasında iddiaçının adına ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının müvafiq çıxarışın, plan və ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi idarəsinə qarşı Lerik rayonu Lerik bələdiyyəsinin 28.11.2003-cü il tarixli, 51 nömrəli qərarına və “Torpağa mülkiyyət hüququna dair” JN-1055 (kod ********) nömrəli dövlət aktına əsasən ona ayrılmış 0,0544 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.1950-ci il təvəllüdlü Lerik rayonu, Cəngəmiran kəndi ünvanında yaşayır. Azərbaycan Respublikasının torpağa mülkiyyət hüququna dair JN-1055 saylı, KOD 80301004 nömrəli Dövlət Aktına əsasən Lerik şəhəri,N.Nərimanov küçəsində 0,05 ha sahibkarlıq fəaliyyət məqsədi ilə ona 29.12.2006-cı il tarixdə verilmişdir. 05 ha torpaq sahəsi aşağıdakı hüquqmüəyyənedici sənədlər əsasında ona verilmişdir: Lerik rayon İcra Hakimyyəti başçısına 07 noyabr 2002-ci il tarixliərizəsi, həmin dövürdə fəaliyyətdə olan Azərbaycan Respublikası Dövlət Torpaq vəXəritəçəkmə Komitəsinin Lerik rayon Şöbəsinin müdiri A.Əsədullayevin 25 iyul 2005-ci il tarixli, № 55 nömrəli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədova müraciəti. Həmin müraciətdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydalarına müvafiq olaraq Lerik qəsəbə Bələdiyyə sədrinin 28 noyabr 2003-cii il tarixli 51 nömrəli Qərarı ilə ona yeməkxana obyektinin genişləndirilməsindən ötrü 0,05ha. torpaq sahəsi satılması" qeyd edilmişdir. Həmçinin həmin sənəddə satılmış 0.05 ha torpaq sahəsinin Lerik rayon Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsinə aid olması faktıda göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin seriya AZE № 002221 saylı, 06 dekabr 2019-cu il tarixli şəhadətnaməsi əsasında, ona İnformativ və statistik xarakterli - 80301016-2-2512-002221/1219 nömrəli kod verilmişdir. Lerik rayonu Lerik Bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli, 51 saylı iclas protokolunun 1-ci maddəsindən Çıxarışa əsasən iclas Qərar qəbul etmişdir. Həmin 28 noyabr 2003-cü il tarixli, 51 saylı Qərarda: “Lerik rayonu, Cəngəmiran kənd sakini İddiaçı Lerik rayon İcra Hakimyyətinin başçısına yazdığı 07 noyabr 2002-ci il tarixli Q-717 saylı, Lerik Bələdiyyəsinin 18 noyabr 2003-cü il tarixli ərizə-müraciətini nəzərə alıb, İddiaçı Lerik şəhəri, N.Nərimanov küçəsində 0,05 ha torpaq sahəsi satılsın.’’ Lerik rayon X3. X17 və Xəritəçəkmə Komitəsi və Lerik rayonu Lerik Bələdiyyəsi tərəflərindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X14 Yanğın Nəzarəti İdarəsinin-ünvan 2i ünvanında yaşayan mən İddiaçı barəsində, 22 dekabr 2016-cı il tarixli, YTNİŞ-059 saylı, Lerik şəhəri, N.Nərimanov küçəsində yerləşən torpaq sahəsində inşa edəcəyi iaşə tipli qeyri-yaşayış obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə verilən müsbət Rəy. Özünə məxsus Lerik şəhəri ərazisində torpaq sahəsində qeyri yaşayış binasının tikintisi altında torpaq sahəsinin 16 dekabr 2016cı il tarixli, ayrılma Aktı. Odur ki, yuxarıda qeyd etdiyi ilkin hiiquqmüəyyənedici sənədlərə əsaslanaraq Lerik şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarını təsdiq edən 1) Çıxarışın, 2) Plan və Ölçülərinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən adına qeydiyyata alınmasının zərurəti yaranmışdır. Bu səbəblərdən, mülkyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü 19 aprel 2021-ci il tarixli ərizə ilə DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti № ********** sayla qeydiyyata götürməklə, 19 aprel 2021-ci il tarixli, №**********05 saylı qeydiyyat nömrəli, DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” imtina cavabı verilmişdir. Bir sözlə DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinin ümumi formal, cavabından belə başa düşmək olur ki, guya aşağıdakı səbəblərə görə Lerik Bələdiyyəsindən alqı-satqı ilə əldə etdiyi 0,05 ha. torpaq sahəsinin adına, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsini qanunamüvafiq hesab etmişdir: DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi xidmət orqanı olaraq imtina cavab məktubunda səbəb kimi aşağıdakıları göstərmişdir: “Sənədlərin qanunamüvafiqliyi tərəfindən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq aidiyyəti sənəd üzrə məlumatlarla arxiv və baza məlumatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, həmin sənədlər sırasında sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici torpaq ayırma sənədi olaraq JN-1055 saylı, Dövlət Aktı barədə Ərazi İdarəsinin arxiv statuslu sənədləri sırasında, habelə mövcud DBF (siyahı) baza məlumatlarında heç bir qeydin aparılmaması” qeyd edilmişdir. Lerik rayonu Lerik Bələdiyyəsinin 28 noyabr 2003cü il tarixli, 51 saylı Qərarında, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon Şöbəsinin müdiri A.Əsədullayevin 25 iyul 2005-ci il tarixli, № 55 nömrəli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədova müraciətində həmçinin torpağa mülkiyyət hüququna dair JN-1055 saylı, KOD 80301004 nömrəli Dövlət Aktına əsasən həqiqətən də 0,05 ha torpaq sahəsini Lerik Bələdiyyəsindən satın almağım tam sübuta yetirilmiş hesab olunmalıdır. Əgər arxiv sənədlərində JN-1055 saylı, Dövlət Aktı barədə və ümumiyyətlə yuxarıda qeyd etdiyi ilkin hiiquqmüəyyənedici sənədlərin heç biri çıxmırsa, mən iddiaçının bu işdə təqsiri, qüsuru- günahı nədən ibarətdir ? Arxivdə itib- batıbsa mən iddiaçının hüququ-haqqı hansı səbəbdən tapdalanmalıdır ? Həmçinin imtina məktubunda “Xidmət orqanı olaraq bildiririkki, hüquqmüəyyənedici sənədi olaraq həmin JN-1055 saylı, “Dövlət Aktı” üzrə ayrılmış 0,05 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə tərəfinizdən təqdim edilmədiyindən, icrasının təmin olunmaması” qeyd edilmişdir. Məhkəmənin nəzərəinə çatdırıramki, yuxarıda adları qeyd edilmiş A) B) D) C) E) F) H) qrafalarında izah edilən aydınlıq gətirilən bir sözlə göstərilən ilkin hiiquqmüəyyənedici sənədləri hansı səbəblərdən DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinin ekspertiza komissiyası başa düşmək istəmir. 10 saylı Lənkəran Ərazi İdarəsi, imtina cavabı yazmaqdan ötrü səbəblər axtarır. Lakin 05 dekabr 2003-cıi il tarixli, o, tərəfindən Lerik Bələdiyyəsinə, təyinatı “Ticarət obyekti tikmək üçün torpaq rüsumu” olan 827550 (Səkkiz yüz iyirmi yeddi min beş yüz əlli) manat məbləğində ödədiyim pulun kassa mədaxil orderinin qəbzini, nəzərə almır. Ümumiyyətlə yuxarıda qeyd etdiyim ilkin hüquqmüəyyənedici sənədlər barəsində fikir- münasibət bildirmir, hər hansı bir rəy qiymət vermir. 10 saylı Lənkəran Ərazi İdarəsi, təqdim olunmuş sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə “aidiyyəti sənədlər” arasında uyğunsuzluq mövcud olmasını cavab məktubunda qeyd edir. Lakin konkret olaraq Ərazi İdarəsinə, faktiki təqdim olunmuş sənədlərlə, “aidiyyəti sənədlər” arasında hansı uyğunsuzluğun olmasını 19 aprel 2021-ci il tarixli, imtina cavabməktubunda göstərmir. 10 saylı Lənkəran Ərazi İdarəsi, 05 dekabr 2003-cü il tarixdə, Lerik bələdiyyəsindən satın almaqla, Azərbaycan Respublikasının torpağa mülkiyyət hüququna dair 29.12.2006-cı il tarixli, JN-1055 saylı, KOD 80301004 nömrəli Dövlət Aktı əsasında düz 15 ildən artıq müddətdə ona məxsus 0.05 ha torpaq sahəsinin mülkiyyət hüququnu verməməkdən yayınmaqdan ötrü yazdığı 19 aprel 2021-ci il tarixli imtina cavabı əsassızdır bəhanədir. DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi. 19 aprel 2021-ci il tarixli № **********05 saylı qeydiyyat nömrəli, cavabında, ona məxsus 0,05 ha torpaq sahəsinin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan bilərəkdən qərəzli olaraq heç bir tutarlı əsas səbəb göstərmədən yayınır boyun qaçırır imtina edir. Həmçinin DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi məhkəməyə müraciət etmək hüququmun olmasını da imtina məktubunda yazaraq bildirmişdir. Odur ki, Lerik rayonu Lerik bələdiyyəsinin 28.11.2003-cü il tarixli, 51 nömrəli qərarına və “Torpağa mülkiyyət hüququna dair” JN-1055 (kod ********) nömrəli dövlət aktına əsasən ona ayrılmış 0,0544 ha torpaq sahəsinə dair mülkiyyət hüuquqnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin iddianın cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi İdarəsinin nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında bildirdi ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq aidiyyəti sənəd üzrə məlumatlarla arxiv və baza məlumatları arasında uyğunsuzluqmövcuddur. Belə ki, həmin sənədlərin sırasında sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici torpaq ayırma sənədi oaraq JN-1055 nömrəli “Dövlət Aktı” barədə Ərazi İdarəsinin arxiv statuslu sənədləri sırasında, habelə mövcud DBF (siyahı) baza məlumatlarında heç bir qeyd aparılmamışdır. Hüquqmüəyyənedici sənəd olaraq həmin JN- 1055 nömrəli “Dövlət Aktı” üzrə ayrılmış 0,05 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə tərəflərindən təqdim edilmədiyindən, icrası təmin olunmamışdır. Odur ki, məhkəmədən hazırkı tələb üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lerik rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Lerik rayonu Lerik bələdiyyəsinin 28.11.2003-cü il tarixli, 51 nömrəli qərarına və “Torpağa mülkiyyət hüququna dair” JN-1055 (kod ********) nömrəli dövlət aktına əsasən ona ayrılmış 0,0544 ha torpaq sahəsinə dair mülkiyyət hüuquqnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Lerik rayon Lerik bələdiyyəsinin 28.11.2003-cü il tarixli, 51 saylı iclasının qərarından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Lerik rayon XDS-nin 21 may 1987-ci il tarixli, 8 saylı qərarına əsasən verilmiş 0,03 ha torpaq sahəsində tikmiş olduğu yeməkxana obyektini genişləndirmək məqsədilə həmin yeməkxana obyektinin şimal-qərb (qabaq) tərəfində, N.Nərimanov küçəsində yerləşən “Aptek” binasının şimalqərb tərəfində, ondan 3 metr aralı, X5 məxsus “Şadlıq evi”nə gedən yolun qərb tərəfində həmin “Şadlıq evi”nin şimal-qərb tərəfində, X8 məxsus ticarət köşkünün şərq tərəfində, həmin ticarət köşkün cənub şərq tərəfi, N.Nərimanov küçəsində yerləşən X1 məxsus ticarət köşkü ayrılmış, torpaq sahəsinin arxa və yan tərəfində 0,055 ha torpaq sahəsi yeməkxana obyektini genişləndirilməsindən və səmərəli istifadədən ötrü satılmışdır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-1055 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, Lerik rayon bələdiyyəsinin 28.11.2003-cü il tarixli, 051 nömrəli qərarı ilə İddiaçı tikinti tikmək məqsədilə 0,05 hektar torpaq sahəsi ayrılmışdır. Həmin dövlət aktının tərkib hissəsi olan torpaq sahəsinin planında (cizgisində) mülkiyyətə verilmiş torpaq sahəsinin ölçüsü 1055 kv.m kimi əks edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış 19.04.2021-ci il tarixli, **********05 nömrəli məktubdan görünür ki, İddiaçı adına dövlət qeydiyyatına alınması və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin məhkəmənin sorğununa cavab olan 11.06.2021-ci il tarixli, **********10 nömrəli məktubunda qeyd edilmişdir ki, Lerik rayonu Lerik bələdiyyəsinin 28.11,2003-cü il tarixli, 51 saylı müvafiq qərarı əsasında JN-1055 saylı “Dövlət Aktı” üzrə sahibkarlıq fəaliyyəti məqsədilə İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha (faktiki 0.0544 ha) torpaq sahəsinin faktiki koordinatları (döngə nöqtələri) məhkəməyə təqdim olunmuşdur. Sözü gedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri üçün ayrılmış sahibkarlıq təyinatlı torpaq sahəsi olmaqla Lerik rayonu, Lerik bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Sözü gedən 0,05 ha sahibkarlıq məqsədli torpaq sahəsi 2003-cü ildən hal-hazıradək faktiki olaraq hazırki iş üzrə İddiaçı istifadəsindədir. Müvafiq bələdiyyə qərarı əsasında iddiaçıya ayrılmış həmin 0,05 ha torpaq sahəsinə dair sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında uyğunsuzluğun olub-olmamasına münasibətdə bildirir ki, həmin “Dövlət Aktı” mövcud DBF (siyahı) məlumatlarında öz əksini tapmamışdır. Belə ki, JN-1055 (Kod ********) nömrəli “Dövlət Aktı’’nın 1-ci səhifəsində torpaq sahəsinin ümumi ölçüsü 0,05 ha, lakin ikinci səhifədə isə 0,0544 ha kimi qeyd olunmuşdur. Məlumat üçün bildirir ki, həmin torpaq sahəsi naturada da 0,0544 ha təşkil edir və bütövlükdə 0,0544 ha kimi qeydə alınmasını qanunamüvafiq hesab edir. Lerik rayonu Lerik bələdiyyəsinin cü il tarixli, 51 saylı müvafiq qərarı əsasında JN-1055 saylı “Dövlət Aktı” üzrə sahibkarlıq fəaliyyəti məqsədilə İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha (faktiki 0.0544 ha) torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binası təyinatına uyğun inşa edilmişdir. Lerik rayonu Lerik bələdiyyəsinin 28.11.2003-cü il tarixli, 51 saylı müvafiq qərarı əsasında JN- 1055 saylı “Dövlət Aktı” üzrə sahibkarlıq fəaliyyəti məqsədilə İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha (faktiki 0,0544 ha) torpaq sahəsi, habelə üzərindəki qeyri-yaşayış binası digər şəxslərin mənafeyinə toxunmur və hər-hansı bir şəxsə məxsus tikili ilə, yaxud yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X10rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X11rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lerik rayonu Lerik bələdiyyəsinin 28.11.2003-cü il tarixli, 51 saylı iclasının qərarı ilə 0,055 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmış və bu barədə ona “Torpağa mülkiyyət hüququna dair” JN-1055 (kod ********) nömrəli dövlət aktı verilmişdir. İddiaçı sözügüdən torpaq sahəsinə özünün mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan JN-1055 nömrəli dövlət aktı barədə Ərazi İdarəsinin arxiv statuslu sənədləri sırasında, habelə mövcud DBF (siyahı) bazaməlumatlarında heç bir qeyd aparılmaması əsas gətirərək iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Eyni zamanda məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçıya Lerik bələdiyyəsinin müvafiq qərarı ilə ayrılmış torpaq sahəsi 2003-cü ildən hal-hazıradək faktiki olaraq onun istifadəsində olmaqla, naturada 0,0544 ha təşkil edir və qeyd olunan torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binası təyinatına uyğun inşa edilmişdir. Həmçinin, həmin torpaq sahəsi və qeyri-yaşayış binası digər şəxslərin mənafeyinə toxunmur və hərhansı bir şəxsə məxsus tikili ilə, yaxud torpaq sahəsi ilə üst-üstə düşmür. Qanunverciliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, JN-1055 nömrəli dövlət aktı barədə cavabdeh inzibati orqanın arxiv statuslu sənədləri sırasında, habelə mövcud DBF (siyahı)bazaməlumatlarında heç bir qeyd aparılmaması iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız və qanunsuz olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı Lerik rayonu Lerik bələdiyyəsinin 28.11.2003cü il tarixli, 51 nömrəli qərarına və “Torpağa mülkiyyət hüququna dair” JN-1055 (kod ********) nömrəli dövlət aktına əsasən ayrılmış 0,0544 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə qoyulmalıdır. İddiaçı iddia qaldırmaq üçün iyirmi manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Lerik rayonu Lerik bələdiyyəsinin 28.11.2003-cü il tarixli, 51 nömrəli qərarına və “Torpağa mülkiyyət hüququna dair” JN-1055 (kod ********) nömrəli dövlət aktına əsasən ayrılmış 0,0544 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar