Məhkəmə qərarları › İş №2-1(120)-989/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-989/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-989/2025 03.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “yemək xərcinin ödənilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: I. İşin halları: İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2015-ci il tarixdən ona, xx.xx.2017-ci il tarixdən X4, xx.xx.2019-cu il tarixdən X7 və xx.xx.2017-ci il tarixdən X8 məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illərə görə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb iddiaçıya ödənilməsi, həmçinin uşaqlarına doğulduğu gündən almadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh tələbi təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.01 2017-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci (2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı alələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri. İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla);) bəndinin tələbinə əsasən şamil olunmur. Həmin məsələ ilə bağlı sizə fərdi qəbul zamanı müvafiq izahat və düzgün istiqamət verilmişdir. Bununla yanaşı həmin məsələyə məhkəmə qaydasında baxılması üçün Sizin aidiyyəti üzrə müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır. Cavabdehin imtinasından narazı olan iddiaçı həmin tələblə bağlı aidiyyəti üzrə Məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı ərizəsinə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “xx.xx.2015-ci il tarixdən ona, xx.xx.2017-ci il tarixdən X4, xx.xx.2019-cu il tarixdən X7 və xx.xx.2017-ci il tarixdən X8 məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. II. Tərəflərin əsaslandırması İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı ildə Laçın rayonu, Minkənd kəndində anadan olmuşdur. Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadır və hazırda yuxarıda qeyd olunan ünvanda məskunlaşmışdır. Laçın rayonundan məcburi köçkündür. Bu barədə ona seriya AA№346869 saylı məcburi köçkün vəsiqəsi də verilmişdir. Ailəlidir, üç övladı var. Belə ki, o, 2006-cı ildə X5 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2007-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Əli İsgəndərli, xx.xx.2009cu il təvəllüdlü Uğur İsgəndərli və xx.xx.2010-cu il təvəllüdlü Ramazan İsgəndərli adlı övladları dünyaya gəlmişdir. Bildir ki, o, 2007-ci ilə kimi məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcini almışdır. 2007-ci ildən o, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci almır. Belə ki, ona məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsi dayandırılmışdır. Həmçinin qeyd edir ki, uşaqlarına da məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci verilmir. Halbuki o, məcburi köçkün olduğundan uşaqları da məcburi köçkün hesab edilirlər və onlara da məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci verilməlidir. Ona görə də o, cavabdeh orqana ərizə ilə müraciət edərək, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illər üçün yemək xərcinin hesablanıb ödənilməsi, həmçinin uşaqlarına doğulduqları gündən almadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi üçün köməklik edilməsini xahiş etmişdir. Lakin ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdeh Laçın rayon icra Hakimiyyətinin üzərinə ona yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illər üçün yemək xərcinin hesablanıb ödənilməsi, həmçinin uşaqlarına doğulduqları gündən almadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs Qaçqınların və X9 üzrə Dövlət Komitəsi məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illər üçün məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi, həmçinin uşaqlarının doğulduğu gündən almadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı sözügedən iddia tələbi ilə bağlı Komitəyə ünvanlanmış 21 sentyabr 2020-ci il tarixli müraciəti, Komitənin 01/22179 nömrəli 15 oktyabr 2020-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Bildirir ki, Laçın Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2015-ci il tarixdən isə Laçın rayonu, Minkənd kəndi ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.2-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Laçın Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının övladlarına vahid aylıq müavinətin ödənilməməsi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndi ilə yanaşı, Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət ödənilmir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının övladlarının anası X1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsi yoxdur. Odur ki, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. III. İş materiallarında olan sübut əhəmiyyəti daşıyan sənədlər AZE 14971414 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1990-cı il tarixdə Naxçıvan MR Naxçıvan şəhərində doğulmuşdur və yaşayış yeri üzrə Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadır. AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Laçın rayonu, Minkənd kəndində doğulmuşdur və yaşayış yeri üzrə Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadır. AA seriyalı 346869 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonunu 1992-ci ildə tərk etmişdir, xx.xx.2015-ci il tarixli qərar ilə ona məcburi köçkün statusu verilmişdir. AZ-İ №315910 nömrəli xx.xx.2007-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X5 xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZ-İV № 037614 nömrəli, xx.xx.2018-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r. AZ-İ № 938869 nömrəli, xx.xx.2007-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r. AZ-İİ № 446814 nömrəli, xx.xx.2010-cu il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r. Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. Ailə üzvləriylə birlikdə ünvan 4 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşmışdır. Bildirir ki, İddiaçı və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilibödənilməməsi barədə məlumatın təqdim edilməsi məqsədilə aidyyəti üzrə Laçın rayon icra hakimiyyətinə müraciət etməyiniz tövsiyyə olunur. Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş İddiaçı Laçın rayonundan məcburi köçkündür. Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən 2015ci il 04 noyabr tarixində məcburi köçkün olmasını təsdiq edən vəsiqə verilmişdir. Halhazırda ünvan 4 ünvanında müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda faktiki olaraq məskunlaşmışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müvinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Yuxarıda yazılanlara əsasən, İddiaçı vahid aylıq müavinətinin ödənilib-ödənilməməsi ilə əlaqədar məlumat və sənədlərin təqdim edilməsi məqsədilə, aidiyyəti rayon icra hakimiyyətinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 21 04.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Laçın rayonu, Minkənd kəndində, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Sumqayıt şəhəri, 12ci mikrorayon, yataqxana ev 33, mənzil 56-da, xx.xx.2015-ci il tarixdən hazırki vaxtadək Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadır.xx.xx.1990-cı il təvəllüdlü X5 xx.xx.2008ci il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 4-də, xx.xx.2015-ci il tarixdən, xx.xx.2010-cu il təvəllüdlü X6 xx.xx.2017-ci il tarixdən xx.xx.2009-cu il təvəllüdlü X11 xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadırlar. Elektron sorğunun nəticəsindən müəyyən olunur ki, X13 xx.xx.2017-ci il tarixdən Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadır. Laçin Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Laçın rayonunun Minkənd kəndində daimi qeydiyyatda olmaqla, hazırda məcburi köçkün kimi Abşeron rayonunun Ceyranbatan qəsəbəsində müvəqqəti məskunlaşmışdır. İddiaçı 2006-cı ildə Sumqayıt şəhəri üzrə daimi pasport qeydiyyatına düşmüş və sonra yenidən Laçın rayonunun Minkənd kənd ərazi dairəsi üzrə nümayəndəliyinin daimi pasport qeydiyyatına alınmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən vahid aylıq müavinət almır. Laçın rayonu İcra Hakimiyyəti başçısının Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı və aşağıda göstərilən ailə üzvüləri həqiqətən 2015-ci ildə Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində pasport qeydiyyatında olub, bu barədə nümayəndəliyin 2011-1015-ci illərə aid 10 nömrəli təsərrüfatbaşına kitabın 58-ci səhifəsində qeyd aparılmışdır, arvadı: X5, oğlu: X13, oğlu: X11, oğlu: X6. IV. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq normaları Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızıdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından göründüyü kimi İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Sumqayıt şəhəri, 12-ci mikrorayon, yataqxana ev 33, mənzil 56-da, xx.xx.2015ci il tarixdən hazırki vaxtadək Laçın rayonu, Minkənd kəndində qeydiyyata alınmışdır. Və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən vahid aylıq müavinət verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Yuxarıda qeyd edilən normaya uyğun olaraq iddiaçı işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşdüyündən ona vahid aylıq müavinətin verilməsi dayandırıldırılmışdır. Məhkəmə hesab edir ki, inzibati orqanın hərəkəti qaydalara uyğun olmuşdur. Və daha sonra iddiaçı sözügedən müavinətin bərpa olunması üçün yenidən Laçın rayonu, Minkənd kəndində qeydiyata düşsə də, ona münasibətdə müavinət bərpa olunmamışdır. Belə ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın müddəalarında belə bir istisna hal nəzərdə tutulmamışdır ki, şəxs qeydiyyatdan çıxdıqdan sonra yenidən işğal olunmuş ərazidə qeydiyyata alınırsa ona ödənilməsi dayandırılan müavinət bərpa oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarını pozan hal kimi qimyətləndirilə bilməz. Konstitusiyanın 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2013cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)— Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 dekabr tarixli, 184 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi qaydalarına görə bu Qayda «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsini tənzimləyən sənəddir (bənd 1). Məcburi köçkünlərə mütəmadi pul yardımları (yemək xərci üçün verilən aylıq müavinət və s.) dövlət büdcəsi hesabına ödənilir (bənd 2). İşğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər il yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını hazırlayıb təsdiq edir, Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə təqdim edir (bənd 3). Qaçqınların və X9 üzrə Dövlət Komitəsi məcburi köçkünlərin siyahılarını aldıqdan sonra müavinətin məbləğini müəyyənləşdirir və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir (bənd 4). Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yemək xərci üçün aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir (bənd 5). Məcburi köçkünlərə mütəmadi pul yardımlarının (yemək xərci üçün verilən aylıq müavinət və s.) paylanılması Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi ilə müvafiq müqavilə bağlamış müvəkkil bank tərəfindən ödəniş kartları vasitəsilə həyata keçirilir (bənd 6). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 17 dekabr 2010-cu il tarixdə, 4076 nömrə ilə dövlət qeydiyyatına alınmış, Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair təlimatın 5.12-ci bəndinə görə yemək xərci üçün aylıq müavinət hər iki valideyni «məcburi köçkün» statusuna malik olmayan uşaqlara verilmir. Məhkəmə müəyyən etdi ki, iddiaçı özündən əlavə övladları X11, X13 və X4 münasibətdə də Laçın rayonu, Minkənd kəndində qeydiyyata düşdükləri tarixdən müavinətin ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının övladlarına müavinət daha öncə ödənilməmişdir. Və onlara həmin təyinatlı müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən aydın görünür ki, müavinət hər iki valideyni «məcburi köçkün» statusuna malik uşaqlara münasibətdə ödənilir. İddiaçının yoldaşı X5 isə məcburi köçkün statusa malik deyildir. Həmçinin iddiaçının övladlarının da məcburi köçkün statusu yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”:

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; ...

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla); ... 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; ... “İnzibati icraat haqqında” Qanunun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. X3: 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin qeyd olunan faktiki və hüquqi əsaslarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

Nəticəvi hissə: Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4.1-ci, 23.1-ci, 58.7-ci, 68- 69, 75-ci, 78–79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar