Məhkəmə qərarları › İş №2-1(120)-99/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-99/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-99/2022 14.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının nümayəndəsi X5 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair işə 14 iyul 2022-ci il tarixdə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubla iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan illərin iş stajı kimi müəyyən edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunda iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1972-xx.xx.1978, xx.xx.1984-xx.xx.1991-ci illərdə işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsini, xx.xx.1991-xx.xx.1995-ci illərdə işləməsi ilə bağlı sorğuya cavab verilməməsini, xx.xx.1996-xx.xx.2001-ci illərin əmək haqqı cədvəllərinin saxlanılmamasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(120)-99/2022 nömrəli qərardadı ilə iddia tələbinə “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi baxılması qərara alınmıdır. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. 25 may 2020-ci ildə 64 yaş yarımı tamam olmuşdur və həmin tarixdən onun pensiya hüququ yaranmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (xx.xx.1972xx.xx.2001-ci illər) ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan əmək kitabçalarının notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və xx.xx.2001-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunması barədə qeydlər vardır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 627 nömrəli arayışından görünür ki, Cabbarov X6 rayonunun Bürcəli kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 356 nömrəli arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********719600 nömrəli məktubunda qeyd edilmişdir; xx.xx.2021-ci il tarixə baza məlumatlarına əsasən, “Avropa Çay” ATSC (VÖEN: **********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə D-2917 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. “Avropa Çay” ATSC Lənkəran rayonu, Hirkan qəsəbəsi ünvanında yerləşən “Avrora” Çay fabrikinin bazasında yaradılaraq onun hüquqi varisidir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli, 01/3-826 nömrəli məktubunda qeyd edilmişdir: “Avropa Çay” ATSC (hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti) 14 oktyabr 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 10-54/7-606 nömrəli məktubunda qeyd edilmişdir: “Avrora” çay fabriki 1959-cu ildən 2008-ci ilədək çay fabriki kimi fəaliyyət göstərmişdir. Dövlət Əmlak Komitəsinin 21 sentyabr 1998-ci il tarixli, 1322 saylı sərəncamı ilə “Avrora” çay fabriki "xxxx" X15 Cəmiyyətinə çevrilmişdir. Hazırda "xxxx" ATSC-də çay istehsalı dayandırılmışdır. Cəmiyyət icarə əsasında fəaliyyət göstərməklə sosial sığorta ödənişlərinin və dövlət vergilərinin ödənilməsi təmin edilir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 05 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixli, 34 saylı əmrlə “Avrora” çay fabrikinə mühasib vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2001-ci il tarixli, 23 saylı əmrlə işdən azad edilmiş, həmçinin işlədiyi müddətdə əsas və əlavə məzuniyyətlərdə olmuş, idarənin qeydiyyat kitabına əsasən illər və aylar üzrə əmək haqqı almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktuba əlavə olunmuş Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəllərindən görünür ki, “Avropa” çay fabriki məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. İş materiallarında olan X7 filialının xx.xx.2021-ci il tarixli, b/157 nömrəli məktubunda qeyd edilmişdir: 8 saylı zona ixtisaslaşdırılmış təmir tikinti quraşdırma idarəsinin sənədləri X7 filialına təhvil verilməmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 7 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X3 və X1 əmək pensiyası təyin edilməsi zamanı 2 nömrəli “QAMAS” trestinin 9 nömrəli tikinti idarəsində işlədiyi illər iş stajı kimi qəbul edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X3 və X1 əmək pensiyası təyin edilməsi zamanı 2 nömrəli “QAMAS” trestinin 9 nömrəli tikinti idarəsində işlədiyi illər iş stajı kimi qəbul edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X4 əmək pensiyası təyin edilməsi zamanı 8 nömrəli tikinti idarəsində işlədiyi illər iş stajı kimi qəbul edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Lənkəran-Astara regional filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X2 əmək pensiyası təyin edilməsi zamanı xx.xx.1991-xx.xx.1996 və xx.xx.1996-xx.xx.1999-cu illərdə 8 saylı zona ixtisaslaşdırılmış təmir tikinti quraşdırılma idarəsində işlədiyi illər iş stajı kimi qəbul edilmişdir. İş materiallarına olan Təhsil Nazirliyi Peşə Təhsili üzrə X9 Peşə Liseyinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1984-xx.xx.1988-ci illərdə Lənkəran 169 nömrəli Texniki Peşə Məktəbində fotoqrafçı, xx.xx.1988-xx.xx.1989-cu illərdə Lənkəran 169 nömrəli Texniki Peşə Məktəbində istonnik, xx.xx.1989-xx.xx.1991-ci illərdə Lənkəran 169 nömrəli Texniki Peşə Məktəbində təsərrüfat sahəsində fəhlə işləmişdir. İş materiallarında olan xx.xx.1978-ci il tarixli, 3962 nömrəli atestatın surətindən görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1978-ci illərdə Texniki Peşə Məktəbində traktorçumaşınçı ixtisası üzrə təhsil almışdır. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1978-ci ilə kimi, xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilə kimi, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilə kimi olan dövrlərindən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (hərbi xidmət dövrü, təhsil illəri və əmək kitabçasındakı qeyd olunan digər dövrləri) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1972-ci ildən xx.xx.1978-ci ilə kimi, xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilə kimi, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilə kimi olan dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1972-ci ildən xx.xx.1978-ci ilə kimi, xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilə kimi, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilə kimi olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1972-ci ildən xx.xx.1978-ci ilə kimi, xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilə kimi, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilə kimi işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1978-ci ilə kimi, xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilə kimi, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilə kimi işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1978-ci ilə kimi, xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilə kimi, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilə kimi işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 8-ci maddəsinə əsasən Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar