Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-991/2024 16.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ona münasibətdə ləğv edilməsi və həmin vaxtdan orqanizmin funksiyalarıının 35-60 faiz pozulmasına uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ona münasibətdə ləğv edilməsi və həmin vaxtdan orqanizmin funksiyalarıının 35-60 faiz pozulmasına uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya AgentliyininTibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ona münasibətdə ləğv edilməsi və həmin vaxtdan orqanizmin funksiyalarıının 35-60 faiz pozulmasına uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə Saatlı Rayon Mərkəzi Xəstəxanası 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1976-cı ildə Saatlı rayonunda anadan olmuşdur. Hal-hazırda Saatlı rayonunun Mustafabəyli kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Saatlı rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1995ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında yerləşən N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçərkən səhhətinə zərər dəymiş və sağlamlığını itirmişdir. xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hospitalında müayinə və müalicə olunmuşdur. Ona «Sağ ayağın İİ distal falanqasının tendovaqınıtı» kliniki diaqnoz təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 303 saylı qərarı ilə xəstəliyin səbəbi «Xəstəlik, hərbi xidmət dövründə alınmışdır» təsdiqini tapmışdır. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmuşdur. Cavabdehin Ali Ekspertiza Komissiyası tərəfindən ona xx.xx.2009-cu ildə İİ dərəcəli əlillik təyin edilmişdir. Hər il ardıcıl tibbimüayinələrdən keçmişdir və əlillik dərəcəsi öz təsdiqini tapmışdır. İİ dərəcəli hərbi statuslu əlil olmaqla xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi DSMF-nin Saatlı rayon şöbəsindən əlilliklə bağlı pensiya almışdır. 12 ildir ki, İİ dərəcəli əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əlilliyi ilə bağlı əsas diaqnoz Əsasnamənin 2.2.12-ci bəndinə uyğundur. Əsasnamənin 6.1-ci bəndinə əsasən 2016-cı ilin aprel ayında TSERAS tərəfindən 2021-ci ili aprel ayına kimi əlillik müddətin 5 il müddətinə uzadılmışdır. 05 aprel 2021-ci il tarixdə əlillik dərəcəsinin təyinatı ilə bağlı o, Saatlı rayon X4 X7-Məsləhət Komissiyasının 0309003AANFJ saylı elektron göndərişi (Forma 088) əsasında cavabdehə müraciət etmişdir. TSEK-nın xx.xx.2021-ci il tarixli məlumatına əsasən ona xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi (5 illik müddətə) İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliklə bağlı pensiyanın bərpası (davamı) ilə bağlı o, TSEK-nın müayinə aktını DSMF-nin Saatlı Rayon Şöbəsinə təqdim etmişdir. DSMF-nin Saatlı rayon şöbəsindən ona bildirilmişdir ki, cavabdeh orqan qanunsuz olaraq onun hərbi əlil statusu ilə bağlı Formanın qiymətləndirilməsinə dair nəticəni əsassız səbəbdən etibarsız hesab etmişdir. Bu səbəbdən ona pensiya təyinatı apara bilmirlər. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etdilər. Cavabdeh orqanda əyani müayinədə olsa da heç bir əsas olmadan 12 il ərzində əlil olmağına baxmayaraq cavabdeh qanunsuz olaraq onun əlilliyini etibarsız hesab etmişdir. Bu səbəbdən də cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Eyni zamanda cavabdeh orqanın qanunsuz hərəkətləri səbəbindən əlilliyi olmuş şəxs kimi hüquqlarının pozulması ilə bağlı vurduğu ziyana görə cavabdehdən əlavə olaraq kompensasiyanın ödənilməsi tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 25 nəfər vətəndaşın və müxtəlif tarixlərdə aşağıda adı göstərilən 13 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 12) Saatlı rayon sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021 -ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********2). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 303 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ ayağın İİ distal falanqasının tendovaginiti” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zamanı əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu əlamətləri və ya funksional pozuntular müəyyən edilmir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki diz oynağında şişkinlik, sızıltı, keyləşmə hissindən şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda, ödem, trofik pozuntu izlənilməmiş, hərəkətlər tam həcmdə olmuş, yerli hərarət dəyişiksiz qeydə alınmışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli trifazik axımları” kimi müəyyənləşdirilmişdir. Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin xx.xx.2021-ci il tarixli Tibbi rəydə diaqnoz, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki qan dövranı pozğunluğu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1- ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Qeyd olunanları nəzərə alaraq iddianın mümkünsüz hesab olunması barədə qərar qəbul etmənizi xahiş edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə etdiyini bildirərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslanırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsasızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə doğulmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 303 №-li, xx.xx.2009-cu il tarixli qərarından görünür ki, Saatlı RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1996-cı ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Sağ ayağın İİ distal falanqasının tendovaqiniti» (Saatlı RHK-nın xx.xx.2009-cu il tarixli 08.1.2009-cu il tarixli 6 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli 6 nömrəli arayışı, 775 saylı xəstəlik tarixindən çıxarış epikrizinin surəti, hərbi biletdən çıxarış ilə təsdiq edilir) «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR» "Saatlı rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına açılmış ambulator tibbi kitabçanı özü ilə aparmışdır. Tələb edilən sənədlər və Forma 88-in çıxarılması xəstəxanada əlilliklə bağlı sistem bağlandığı üçün mümkünsüzdür. Cavabdehin müayinələrə dair arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdə hərbi xidmət dövrü iləməlaqədar 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Və sonuncu dəfə İddiaçı "Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], Obliterasiyaedici trombangit, Hər iki aşağı ətrafın dizaltı baldır arteriaların stenookluziyası sağ ayağın İİ distal falanqasının tendovaqintirro görə ekzartikulasiyadan sonrakı vəziyyət, Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Sağ ayağın İİ-ci barmağının ekzartukulasiyadan sonrakı xroniki osreomieliti, Yerişin pozulması. Aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm)” diaqnozu əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi qüvvədə olan ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdehin müayinəyə dair elektron çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 tərəfindən verilmiş sağlamlıq vəziyyətinin təyininə dair 994/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1976-cı il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün təhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1-6. İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert omissiyası tərəfindən qiymətləndirilməsi ilə əlaqədar Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2021-ci il tarixli ******* AANEJ saylı göndəriş rəsmiləşdirilmişdir. Forma № 88 arayışda əsas diaqnoz qrafasında qeyd edilmiş Obliterasiyaedən trombangit (Byurger xəstəliyi). Hər iki aşağı ətrafın dizaltı-baldır arteriyalarının stenookluziyası. Sağ ayaqda İİ distal falanqasının tendovaginitinə görə kzartikulyasiyadan sonrakı vəziyyət” və əsas diaqnozun ağırlaşması qrafasında Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi. Sağ ayağın İİ barmağının kzartikulyasiyadan sonrakı xroniki osteomieliti. Yerişin pozulması. Aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm)” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik təyini səviyyəsində olmadığından ona birinci, ikinci və ya üçüncü dərəcəli əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin hər hansı bəndini aid etmək mümkün olmadı. 7. İddiaçı əyani müayinəsi zamanı onda əsas diaqnozun ağırlaşmaları müəyyən edilmədi. 8-9. İddiaçı qeyd edilən xəstəliklərlə əlaqədar o, sahə poliklinikasında qeydiyyatda olmaqla ambulator müalicə, reabilitasiya prosedurları, həmçinin xəstəliklərin kəskinləşəcəyi təqdirdə və zərurət yarandığı halda stasionar şəraitdə müalicə oluna bilər. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli qərardadın icrası haqqında məktubdan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(120)-991/2024 nömrəli qərardadı Agentlik tərəfindən icra edilmiş və xx.xx.2024cü il tarixdə vətəndaş İddiaçı əyani müayinəsi həyata keçirilmişdir. Müayinənin nəticəsində tibbi-sosial ekspert komissiyası tərəfindən 19 iyul 2024-cü il tarixli qərar qəbul edilərək "Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyinatından imtina barədə qərar verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaşların əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AANFJ nömrəli göndərişi əsasında sonuncu dəfə xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2026-cı ilədək) ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində xx.xx.2021-ci il tarixində vətəndaşın ikinci dərəcə əlillik təyinatı qərarı ləğv edilmişdir. Sonrakı dövrdə İddiaçı Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AANFJ və L00017586REİ nömrəli göndərişləri və müraciəti əsasında xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbuda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli 2-1(112)-1272/2022 saylı Qərarına əsasən İddiaçı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2021-ci il tarixdən təyin edilmiş əlillik dərəcəsinin bərpası” tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(103)-2917/2022 saylı Qərarına əsasən həmin qərar dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmənin 2- 1(102)-878/2023 saylı, 26 iyul 2023-cü il tarixli Qərarına əsasən iddiaçının şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Konstitusiyanın: 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin olaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2009-cu il tarixdə qiymətləndirilmiş və ona “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş və ona “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə eyni diaqnozla bir il müddətinə, xx.xx.2015-ci il tarixdə eyni diaqnozla bir il müddətinə, xx.xx.2016-cı il tarixdə eyni diaqnozla beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərarlar verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AANFJ saylı, xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-cı il tarixdə iddiaçı yenidən qiymətləndirilmiş və ona "Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], Obliterasiyaedici trombangit, Hər iki aşağı ətrafın dizaltı baldır arteriaların stenookluziyası sağ ayağın İİ distal falanqasının tendovaqintrro gorə ekzartikulasiyadan sonrakı vəziyyət, Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Sağ ayağın İİ-ci barmağının ekzartukulasiyadan sonrakı xroniki osreomieliti, Yerişin pozulması aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm) diaqnozu” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra iddiaçı cavabdeh orqanda əyani müayinədə olmuş və iddiaçının əlilliyi ləğv edilmişdir. Hazırda iddiaçı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya AgentliyininTibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ona münasibətdə ləğv edilməsi və həmin vaxtdan orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına uyğun olaraq əlilliyin təyin edilməsini tələb edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması deməkdir. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci bəndinə əsasən bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-ci bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1 -ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: - 1.1 -ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Həmin bəndlərdə dərəcələr üzrə əlilliyin müəyyən olunması meyarları və halları göstərilmişdir. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İşin hallarına obyektiv qiymət verilməsi məqsədi ilə məhkəmə araşdırılması zamanı İddiaçı əyani müayinəyə cəlb edilmiş, həmçinin iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün tibbi ekspertiza təyin edilmiş və ekspert tərəfindən müvafiq rəylər verilmişdir. Məhkəmə qeyd edir ki, əyani müayinə və ekspertiza zamanı İddiaçı "obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenooklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm)” diaqnozları öz təsdiqini tapsa da həmin diaqnozlar əlilliyin müəyyən olunması meyarlarının hər hansı bəndinə uyğun hesab edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 29-1 -ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, iddiaçıda olan xəstəliklər xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində, həmçinin Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Qanunla müəyyən olunmuş icraat qaydalarına uyğun olaraq qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə İddiaçı “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya AgentliyininTibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ona münasibətdə ləğv edilməsi və həmin vaxtdan orqanizmin funksiyalarıının 35-60 faiz pozulmasına uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzrərinə qoyulmasına dair iddia tələbinin rədd edilməli olması nəticəsinə gəlir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya AgentliyininTibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ona münasibətdə ləğv edilməsi və həmin vaxtdan orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova