Məhkəmə qərarları › İş №2-1(120)-992/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-992/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-992/2020 17.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı «X12» məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili X1 (ali təhsilli, fərdi qaydada fəaliyyət göstərən vəkil, ünvan 1 ünvanda qeydiyyatda olan) və Cavabdeh Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 (ali təhsilli, 8 saylı Ərazi Vergilər İdarəsinin Hüquq şöbəsinin rəisi, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı «X12» məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı «X12» MMC-nin «əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur» ifadəsinin «X12» MMC-yə münasibətdə İnternet Vergi İdarəsi Sistemindən çıxarılması vəzifəsinin cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı «X12» məhdud məsuliyyətli cəmiyyəti cavabdeh Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X12» MMCnin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur» ifadəsinin «X12» MMC-yə münasibətdə İnternet Vergi İdarəsi Sistemindən çıxarılması vəzifəsinin cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçının nümayəndəsi və vəkili X5 şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki, «X12» məhdud məsuliyyətli cəmiyyəti neft məhsullarının topdansatışı fəaliyyəti ilə məşğul olur. Cəmiyyət 2011-ci ildən fəaliyyət göstərməklə həmişə vergi öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmiş, heç bir zaman Qanunvericiliyin tələblərini bu və ya digər formada pozmamışdır. Cəmiyyət öz fəaliyyətində bu vaxta qədər heç bir problemlə üzləşməsə də, 18 mart 2020-ci ildən cavabdeh tərəfindən Cəmiyyətin ƏDV sub-uçot hesabından istifadəsi məhdudlaşdırılmışdır. Belə ki, onlar mal almaq istəyən zaman gücləndirilmiş elektron imzadan istifadə etməklə Cəmiyyətin ƏDV sub-uçot hesabından aldıqları malın ƏDV-ni elektron qaydada ödəmək istədikdə bu mümkün olmamışdır. Məhz bu səbəbdən Cəmiyyət 18 mart 2020-ci il tarixdən başlayaraq heç bir alqı-satqı həyata keçirə bilməmiş, cəmiyyətin fəaliyyəti iflic hala düşmüşdür. Bununla əlaqədar onlar cavabdehə rəsmi qaydada müraciət etmiş, cavabdeh onların müraciətlərinə cavab olaraq rəsmi qaydada məktub ünvanlayıb, ƏDV-nin depozit hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmaması və vergi orqanı tərəfindən Cəmiyyətin fəaliyyəti barədə heç bir məhdudiyyətin mövcud olmamasını göstərmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh tərəfindən rəsmi olaraq Cəmiyyətin fəaliyyəti barədə heç bir məhdudiyyətin mövcud olmaması bildirilsə də, lakin şifahi olaraq bildirilmişdir ki, onlar X4 adlı şəxslə “əmtəəsiz əməliyyatlar aparılmasında” şübhəli bilindiklərinə görə onların ƏDV sub-uçot hesabından istifadələri məhdudlaşdırılmışdır. Hətta Cəmiyyətdən mal almaq istəyən şəxslər də aldıqları malın X8 Cəmiyyətin depozit hesabına köçürmək istədikdə bu kimi problemlərlə üzləşmiş, sistemdə “bu vergi ödəyicisinin «X12» Məhdud Məsuliyyətli Cəmiyyətinin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” ifadəsi çıxmış, buna görə də alıcıları da onlardan mal almaqdan yayınmışdır. Halbuki onlar X4 adlı şəxslə tam qanuni olaraq, müqavilə əsasında alqı-satqı etmiş, heç bir qanunsuzluğa yol verməmiş, bununla əlaqədar bütün sənədləri də vergi orqanına təqdim etmişlər. Məhkəmə hazırlıq iclasında müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizələri təmin edilmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, iddia tələbi əsassızdır. ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarında ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. «X12» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yalançı əqd bağlamaqla əmtəəsiz əməliyyatların aparılması və vergidən yayınmaya əsas verilən halların müəyyən edilməsi istiqamətində müvafiq araşdırmalar aparılsa da, hal-hazırda vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən «X12» MMC-yə ünvanlanmış müraciətlərin cavablandırılması barədə məktubunda vergi orqanı tərəfindən MMC-nin fəaliyyəti barədə heç bir məhdudiyyətin olmadığı qeyd edilmişdir. İş materialında olan «X12» məhdud məsuliyyətli cəmiyyətinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 28.10.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmış, cəmiyyətin qanuni təmsilçisi X2r. İş materialında olan elektron sistemdən çıxarılmış sənədin surəti ilə müəyyən olunur ki, «X12» məhdud məsuliyyətli cəmiyyəti (VÖEN **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə tədqiqatı zamanı və iş materiallarındakı sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı «X12» məhdud məsuliyyətli cəmiyyəti ********** nömrəli VÖEN-lə fəaliyyət göstərir. MMC sahibkarlıq fəaliyyətini həyata keçirərkən, yəni məhsullar alıbsatarkən elektron sistemdə MMC-nin adının qarşısında «əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur» qeyd olunmuş və sahibkarlıq fəaliyyətini həyata keçirməkdə maneələrlə qarşılaşmışdır. Hazırda həmin maneənin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin «X12» məhdud məsuliyyətli cəmiyyətinə ünvanlanmış məktubunda vergi orqanı tərəfindən MMC-nin fəaliyyəti barədə heç bir məhdudiyyətin olmadığı qeyd edilmişdir. Lakin iş materiallarında olan elektron sistemdən çıxarılmış sənədin surəti ilə müəyyən olunur ki, «X12» məhdud məsuliyyətli cəmiyyəti (VÖEN **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası vardır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya qarşı heç bir məhdudiyyətin qoyulmadığı qeyd edilsə də, iş materiallarına əlavə olunmuş elektron sistemdən çıxarılmış sənədin surəti ilə müəyyən olunur ki, «X12» məhdud məsuliyyətli cəmiyyəti (VÖEN **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur. Lakin istər iddiaçının müraciətinə cavabda, istərsə də məhkəmə baxışında cavabdeh inzibati orqan «X12» məhdud məsuliyyətli cəmiyyətinin (VÖEN **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olmasını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «X12» MMC-nin əmtəəsiz «maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur» ifadəsinin «X12» MMC-yə münasibətdə İnternet Vergi İdarəsi Sistemindən çıxarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. «X12» MMC-nin «əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur» ifadəsinin «X12» MMC-yə münasibətdə İnternet Vergi İdarəsi Sistemindən çıxarılması vəzifəsi cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar