Məhkəmə qərarları › İş №2-1(120)-999/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-999/2020

30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-999/2020 30.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı və Cavabdeh Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «13.03.2020-ci il tarixli qərarın ləğv edilməsi» tələbinə dair işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 13.03.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyət göstərdiyi dövrdə hər ay vergi və məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı hesabatları qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında ödəmişdir. 2019-cu ilin fevral ayında o, sahibkar kimi fəaliyyətini dayandırmış və bununla bağlı 5 saylı Ərazi Vergilər İdarəsinə məlumat vermişdir. O, fəaliyyətini dayandırdığı vaxt onun hesabına vergi orqanı tərəfindən sərəncam qoyulmuşdur. O, vergi orqanına müraciət edərək, onun hesabına hansı əsasla sərəncam qoyulduğunu və qeyd edilən borcun necə yaranmasını soruşsa da, onun müraciətinə heç bir cavab verilməmişdir. Təxminən 1 il 3 ay sonra ona vergi orqanı tərəfindən 13.03.2020-ci il tarixli qərar ünvanlanmışdır. Qeyd edilən qərarda onun 8484,66 manat vergi borcunun olması qeyd edilmişdir. O, fəaliyyət göstərdiyi müddətdə həmişə vergi öhdəliyini yerinə yetirmişdir. Vergi orqanı tərəfindən ona ünvanlanmış sənədlərdən aydın olur ki, onun 10.01.2019-cu il tarixdə 5224,19 manat artıq ödəməsi olmuşdur. Vergi orqanının təqdim etdiyi sənədə əsasən onun hazırkı dövrə şəxsi vərəqəsində 2387,67 manat artıq ödəməsi vardır. Belə olan halda vergi orqanı hansı əsasla onun vergi öhdəliyini yerinə yetirmədiyi qənaətinə gəlməsi başa düşülən deyil. Təqdim edilmiş sənədlərdən aydın olur ki, vergi orqanı fəaliyyət göstərmədiyi müddətə, yəni 2019-cu ilin fevral ayından 2020-ci ilin mart ayına qədər dövr üçün də borc hesablamışdır. İddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsini müdafiə edərək, bildirdi ki, icra məmurları tərəfindən borcun ödənilməsi barədə ona bildiriş gəldikdən sonra ona vergi hesablandığını bilmişdir. Həmin borcun silinməsi ilə bağlı vergi orqanına müraciət etməmiş, yalnız hesablanmış verginin icraya yönəldilməsi barədə qərarı mübahisələndirmişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 məhkəmə hazırlıq iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçı iddia qaldırmazdan əvvəl şəxsi hesab vərəqəsində olan borcun silinməsi tələbi ilə vergi orqanına müraciət etməli idi. Lakin iddiaçı tərəfindən vergi orqanına borcun silinməsi ilə bağlı ümumiyyətlə, müraciət edilməmişdir. İddiaçı müraciət etdiyi halda həmin borcun yaranma səbəbləri ilə bağlı araşdırma aparılıb məlumat veriləcəkdir. Hazırkı halda isə həmin borc mübahisələndirilmədən yaranmış borcun icraya yönəldilməsi barədə qərarın mübahisələndirilməsi əsassızdır. Qeyd olunanları nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materialında olan 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş «Tələbin icraya yönəldilməsi haqqında» 13.03.2020-ci il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı (VÖEN-**********) tərəfindən 8484,66 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləğinin 13.03.2020-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. Məhkəmə araşdırması müəyyən olundu ki, iddiaçı 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ona hesablanmış vergi borcunun icraya yönəldilməsi haqqında 13.03.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir. Lakin iddiaçı ona hesablanmış vergi məbləğinin qanuniliyini mübahisələndirmədən hazırkı iddianı qaldırmışdır. Məhkəmə hesab edir ki, həmin vergi məbləğinin qanuniliyi mübahisələndirilmədən hazırkı iddiaya inzibati icraat qaydasında baxıla bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İş üzrə prosessual xərclər yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «13.03.2020-ci il tarixli qərarın ləğv edilməsi» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar