Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1/2022 19.01.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı nümayəndələri Nümayəndə1, Nümayəndə2 və cavabdeh Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə qarşı “İddiaçı məxsus ünvan 1-də yerləşən, 33.5 kv.m qeyri-yaşayış sahəsi olan mülkün onun istifadəsinə qaytarılması və əgər qaytarılması mümkün olmadıqda isə dükanın bazar qiyməti ilə qiymətləndirilərək müvafiq pul kompensasiyasının ödənilməsi, mülkün təmiri qurtaran vaxtdan bu vaxta kimi dükanın kirayə verildiyi zaman müddətində əldə ediləcək gəlirin ödənilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı nümayəndələri Nümayəndə1 və Nümayəndə2 ilə birlikdə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus ünvan 2-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkün onun istifadəsinə qaytarılmasını və əgər qaytarılması mümkün olmadıqda isə dükanın bazar qiyməti ilə qiymətləndirilərək müvafiq pul kompensassiyasının ödənilməsini, mülkün təmiri qurtaran vaxtan bu vaxta kimi dükanın kirayə verildiyi zaman müddətində əldə ediləcək gəlirin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı və onun nümayəndələri iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı mülkiyyətində olan ünvan 1-də yerləşən 33.5 kvadrat metrlik qeyri-yaşayış sahəsi olan mülkiyyətləri Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən əsassız olaraq alınmış və geri qaytarılmamışdır. Belə ki, 2018-2019-cu illərdə mülkün (dükanın) yerləşdiyi bina Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunduğu üçün, mülkün (dükanın) fəaliyyəti dayandırılmış və müvəqqəti olaraq mülk (dükan) Naxçıvan Şəhər İcra Hakimiyyətinə təhvil verilmişdir ki, təmirdən sonra mülk (dükan) geri qaytarılaraq əvvəlki kimi fəaliyyətini davam etdirsin. Lakin 23 sentyabr 2019-cu il tarixdə binanın təmiri başa çatdıqdan sonra sözügedən mülkiyyət geri qaytarılmaq əvəzinə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Naxçıvan Şəhər Turizm Departamentinə təsərrüfat otağı kimi istifadəyə verilmişdir. Cavabdeh olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinə və digər inzibati orqanlara dəfələrlə şifahi müraciətlərinə baxılmamış və hətta 21 fevral 2020-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinə göndərdikləri yazılı müraciətə heç bir cavab verilməmişdir. İddiaçı və onun nümayəndələri bir sıra qanunvericilik normalarına istinad edərək, yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-73-cü maddələrini rəhbər tutaraq, İddiaçı məxsus Naxçıvan şəhər Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkün onun istifadəsinə qaytarılmasını və əgər qaytarılması mümkün olmadıqda isə dükanın bazar qiyməti ilə qiymətləndirilərək müvafiq pul kompensassiyasının ödənilməsini, mülkün təmiri qurtaran vaxtan bu vaxta kimi dükanın kirayə verildiyi zaman müddətində əldə ediləcək gəlirin ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və işin hazırlıq icraatına başlanılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 iyul 2020-ci il tarixli, 2- 1(122)-61/2020 nömrəli qərardadına əsasən Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2- 1(122)-61/2020 nömrəli qərardadına əsasən hazırki inzibati iş üzrə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ilə əvəz edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş məhkəmənin 07 aprel 2021ci il tarixli, 2-1(122)-2/2021 nömrəli sərəncamı ilə şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 07 may 2021-ci il tarixə təyin edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə1 vəsatətinə əsasən hazırki iş üzrə icraat dayandırılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2- 1(122)-2/2021 nömrəli qərardadına əsasən hazırki inzibati iş üzrə icraat təzələnərək şifahi məhkəmə baxışı iclası 19 yanvar 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı və üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sərəncamı ilə özəlləşmənin ləğv edildiyini, həmin Sərəncamı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirdiyini, iddianın rədd edildiyini, həmin qərarı apellyasiya qaydasında mübahisələndirmədiyini, İqtisadiyyat Nazirliyinin Sərəncamının haliyədə qüvvədə olduğunu, qeyd olunan Sərəncamın ləğv edilməsinin onun üçün əhəmiyyətli olmadığını, iddiaçının Çıxarışına əsasən tələb irəli sürdüklərini, tələbin ilkin hissəsinin mülkün geri qaytarılması olsa da, hazırda bunun mümkün olmadığını, çünki həmin mülkün 2021-ci ilin may ayından tarixi əhəmiyyətli bina olaraq qeydiyyata alındığını, onların bununla razılaşdığını, lakin həmin vaxta qədər onların mülkünə görə kompensassiya ödənilməsini tələb etdiklərini, İddiaçı 2018-ci ildə qanuni əsaslarla həmin mülk barəsində Çıxarış əldə etdiyini, ona görə də ona kompensassiyanın ödənilməli olduğunu bildirərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 digər nümayəndənin dediklərini təsdiqləyərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin nümayəndəsi X2 həmin binanın tarixi abidə hesab olunduğunu bu halın Mədəniyyət Nazirliyinin məktubu ilə də təsdiq olunduğunu, buna görə də İqtisadiyyat Nazirliyi tərəfindən özəlləşmə ilə bağlı Sərəncamın ləğv edilməsi barədə Sərəncam qəbul edildiyini, həmin Sərəncamın ləğv edilməsi ilə bağlı iddianın məhkəmə tərəfindən rədd edildiyini, hazırda Sərəncamın öz qanuni qüvvəsini aldığını və icra edildiyini, İddiaçı hazırda həmin mülkə dair hər hansı hüquqa malik olmadığını bildirib. məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli “Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 211 saylı Sərəncamının ləğv edilməsi haqqında” Sərəncamından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsinin "Xeyriyyə" Cəmiyyətinin adına özəlləşdirilməsi məqsədilə verilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 211 nömrəli Sərəncamı ləğv edilmişdir. - Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “İddiaçı məxsus ünvan 1-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 13 yanvar 2022-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamı və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli qərarı əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.5 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində Quluzadə (Əsədzadə) Məsumə Akif qızının mülkiyyət hüququ 12.01.2022-ci il tarixdə ləğv edilmişdir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Belə ki, iddiaçı və onun nümayəndələri tərəfindən geri qaytarılmasını və ya müvafiq pul kompensassiyası ödənilməsini tələb etdikləri mülkün iddiaçının xüsusi mülkiyyətində olduğuna istinad edilir. Ötən məhkəmə iclaslarında məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 33,5 kv.m. olan qeyri-yaşayış sahəsinin “Xeyriyyə” cəmiyyətinin adına özəlləşdirilməsi məqsədilə verilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 211 nömrəli X3 Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilmişdir. Həmin Sərəncam hazırki mülkün özəlləşdirilməsinin hüquqi əsasını təşkil etdiyindən, iddiaçının nümayəndəsinin vəsatətinə əsasən məhkəmə icraatı dayandırılmışdır. Bundan sonra Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində mübahisələndirmə haqqında iddia qaldırılaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq Sərəncamının ləğv edilməsini xahiş edilmişdir. Məhkəmənin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli qərarına əsasən iddia rədd edilmişdir. Məhkəmənin müvafiq qərarı apellyasiya qaydasında mübahisələndirilməmiş, tərəflər həmin qərarla razılaşmış, qərar 05 dekabr 2021-ci il tarixdən öz qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd etməyi zəruri hesab edir ki, işin faktiki vəziyyətinə hüquqi qiymət verilərkən müəyyən olunur ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik deyil. Belə ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq Sərəncamı ilə özəlləşdirmə ləğv edilmişdir. Hazırki mülkün özəlləşdirilməsinin hüquqi əsasını təşkil edən Sərəncamın ləğv edilməsi ondan sonra yaranan bütün hüquqi nəticələrin də etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunan iş materiallarına əlavə edilmiş sənədlər də sübut edir ki, iddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüquqa malik deyil və iddiaçı tərəf hazırda iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilməmişdir. İddiaçının subyektiv hüquqa malik olmaması iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. İddia tələbinin məzmunundan aydın olur ki, iddia 3 hissədən ibarətdir: 1. mülkün geri qaytarılması; 2. geri qaytarılması mümkün olmadıqda kompensassiya ödənilməsi; 3. itirilmiş gəlirin kompensassiya edilməsi. Bütün bunlara münasibətdə qeyd edilir ki, işin faktiki vəziyyətinə əsasən iddiaçı hazırki vəziyyətdə həmin mülkün qanuni mülkiyyətçisi deyil. Buna görə də kompensassiyanın ödənilməsi hissəsində də iddia mümkün sayılmamalıdır. Həmçinin kompensassiyanın ödənilməsi məsələsi ilə bağlı onu da qeyd etmək zəruridir ki, hazırki iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti kompensassiya ödəməli olan inzibati orqan deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Məhkəmənin qənaətinə görə mübahisə edilən mülkün hazırda iddiaçının mülkiyyətində olması təsdiq edilmir. İddiaçı hazırki mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı öhdəliyin icrası haqqında iddia növü üzrə subyektiv hüquqa malik deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 yardım göstərilərək özəlləşmənin ləğv edilməsi ilə bağlı Sərəncamın mübahisələndirilməsi məqsədilə iş üzrə icraat dayandırılmış, həmin tələb məhkəmə tərəfindən rədd edilmiş və iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir. Həmçinin iddiaçı tərəf məhkəmə iclasında iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticə barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə qarşı “İddiaçı məxsus ünvan 1-də yerləşən, 33.5 kv.m qeyri-yaşayış sahəsi olan mülkün onun istifadəsinə qaytarılması və əgər qaytarılması mümkün olmadıqda isə dükanın bazar qiyməti ilə qiymətləndirilərək müvafiq pul kompensasiyasının ödənilməsi, mülkün təmiri qurtaran vaxtdan bu vaxta kimi dükanın kirayə verildiyi zaman müddətində əldə ediləcək gəlirin ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə qarşı “İddiaçı məxsus ünvan 1-də yerləşən, 33.5 kv.m qeyri-yaşayış sahəsi olan mülkün onun istifadəsinə qaytarılması və əgər qaytarılması mümkün olmadıqda isə dükanın bazar qiyməti ilə qiymətləndirilərək müvafiq pul kompensasiyasının ödənilməsi, mülkün təmiri qurtaran vaxtdan bu vaxta kimi dükanın kirayə verildiyi zaman müddətində əldə ediləcək gəlirin ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver