Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-10/2020 14.01.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Culfa rayonu, Saltaq kəndində torpaq islahatı zamanı JN-01B nömrəli torpağın şəxsi mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 765 m2 torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı inzibati mübahisəyə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Culfa rayonu, Saltaq kəndində torpaq islahatı zamanı JN-01B nömrəli torpağın şəxsi mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 765 m2 torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1996-cı il torpaq islahatı aparılan müddətdə Culfa rayon Saltaq kəndində ailə başçısı olmaqla oğlu X3 ilə birgə ona 765 m2 olmaqla JN-01B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Mülkiyyətlərində olan JN- 01A nömrəli torpağa çıxarış alarkən JN-01B nömrəli torpağa da çıxarış almaq istədiklərini, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Culfa rayon idarəsi əməkdaşları mübahisə olunan torpaq sahəsini yerində ölçərək həmin torpaq sahəsinin Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin məlumat bazasında onların mülkiyyətinə məxsus olması barədə məlumatın olduğunu bildirmişdirlər. Bundan sonra həmkəndlisi Hüseyn adlı şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Culfa rayon idarəsinə müraciət edərək mübahisəli JN-01B nömrəli torpaq sahəsinin ona məxsus olmasını və torpağın üzərində tövlə tikdiyini bildirmişdir. Həmçinin iddiaçı ərizəsində, müvafiq dövlət orqanı tərəfindən mübahisə olunan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair ona sənəd verilmədiyindən həmin torpaq sahəsinin kənd ərazisinin hansı tərəfində konkret olaraq harada yerləşməsindən məlumatının olmadığını, torpaq islahatı aparılarkən reyestr xidməti yarandıqdan sonra torpaqla bağlı bütün məlumatların reyestr xidmətinin məlumat bazasında yerləşdirilməsi səbəbindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Culfa rayon idarəsinin əməkdaşlarının da ona məxsus mübahisəli torpaq sahəsinin hansı ünvanda yerləşməsini bildiklərini, mübahisə predmeti olan torpaq sahəsi ilə əlaqədar müvafiq çıxarışın verilməsi üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə müraciət etsə də Komitə həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğunu əsas gətirərək torpağa dair mülkiyyətini təsdiq edən çıxarışın verilməsindən imtina etdikləri üçün özünə məxsus torpaq sahəsinə sərəncam vermək hüququnu həyata keçirə bilmədiyini göstərərərək, qeyd edilənlərə əsasən Culfa rayonu, Saltaq kəndində torpaq islahatı zamanı JN-01B nömrəli torpağın şəxsi mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 762 m2 torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxış keçirərkən müəyyən olunmuşdur ki, İddiaçı mübahisə olunan JN-01B nömrəli torpaq sahəsinin ona məxsus olmasını bildirən mülkiyyət şəhadətnaməsinə dair çıxarışın alınmasına əsas verən sənədləri, o cümlədən tərəfindən cavabdeh orqana müraciət etməsi və ya orqan tərəfindən müraciətindən imtina edilməsi barədə qərar iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə tərəfindən iddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi 13-cü və 46-cı maddələrinə uyğun olaraq, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəməyə dəvət olunmuşdurlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində olan xüsusatlar barədə fikrini izah edərək iddiasının mümkün sayılmasını xahiş etsə də, iddiasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 izahat verərək, iddiaçı tərəfindən təmsil etdiyi orqana iddia tələbi ilə bağlı rəsmən müraciət edilmədiyini bildirmiş və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı müvafiq sənədləri iddia ərizəsinə əlavə etmədiyindən hazırki vəziyyətdə iddia mümkün sayılmır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Əvvəla, məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.5-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı iddia tələbi ilə bağlı qeyd edilən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7.8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə iddianın inzibati mübahisə kimi baxılmasının yolverilənliyini araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Culfa rayonu, Saltaq kəndində torpaq islahatı zamanı JN- 01B nömrəli torpağın şəxsi mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 765 m2 torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Odur ki, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələnin həlli üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə rəsmi müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı çatışmayan sənədləri iddia ərizəsinə əlavə etməklə məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Ödənilmiş dövlət rüsumu məsələsini məhkəmə müzakirə edərək hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Culfa rayonu, Saltaq kəndində torpaq islahatı zamanı JN-01B nömrəli torpağın şəxsi mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 765 m2 torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-10/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-10/2020
14.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver