Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-100/2020 18.11.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsinin, üçüncü şəxs Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının ünvan 2 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil xx xxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınaraq, ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Ona məxsus mənzildə sabiq arvadı X8 pasport qeydiyyatındadır. İddiaçı qeyd edir ki, aralarında bağlanmış nikah qeydiyyat şöbəsində pozula bilərdi. Lakin sabiq arvadı Əsədova Şəfəq nikahın qeydiyyat şöbəsində pozulmasından boyun qaçırdığına görə Naxçıvan Şəhər Məhkəməsində onunla X8 arasında bağlanmış nikah pozulmuşdur. Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla AZ-İ 221325 nömrəli, xx xxxxxx 2020-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnamə verilmişdir (şəhadətnamədə X1 Vəliyeva kimi qeyd edilmişdir). İddiaçı bildirir ki, adıçəkilən şəxslə aralarındakı nikah faktiki olaraq cəmi iki ay çəkmişdir. Birgə nikahlarından uşaqları yoxdur. Ailədə boşanmaqlarına səbəb olan ixtilaflar yaranan vaxtdan bəri X7 qohumuna məxsus evdə yaşayır. İddiaçı onu da qeyd edir ki, həmin şəxslə aralarında olan nikah çox qısa sürmüşdür. Ona görə də onun tam mülkiyyət hüququ ilə ona məxsus mənzildə qeydiyyatda qalması həm məntiqi, həm də hüquqi baxımdan ağlabatan hesab edilə bilməz. Qeyd etdiyi şəxsin başqa ünvanda yaşamasına baxmayaraq, ona məxsus mənzilin pasport qeydiyyatından çıxmamaqla yanaşı, onun mülkiyyət hüququnu pozur. Bütün bunlara baxmayaraq, o, öz mülkiyyəti üzərində sərəncam verə bilmədiyini, hüquqlarını həyata keçirə bilmədiyini və heç bir yerdə işləməməsinə baxmayaraq, onun da əvəzindən kommunal xərcləri ödəmək məcburiyyətində qaldığını qeyd edir. Hazırda qeyd olunan şəxsin onun mənzilində qeydiyyatda qalması üçün hüquqi əsas yoxdur, onun qeydiyyatı yalnız formal xarakter daşıyır. Həmin şəxsin pasport qeydiyyatından çıxarılması üçün Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq, həmin şəxsin pasport qeydiyyatından çıxarılmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, bu imtina konstitusion norma və prinsiplərə zidd olduğu kimi qanunsuz və əsassızdır. Ona görə ki, həmin şəxs ona məxsus evdə yaşamır və özünə başqa yaşayış yeri seçmişdir. Bu səbəbdən də onun üçün Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyəti yaranmışdır. İddiaçı göstərilənlərə əsasən, məhkəmədən Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının ünvan 2 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında iddiaçı Vəliyev X4 (Vəliyeva) Şəfəq Həmid qızının ünvan 2 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə iddia qaldırdığını, lakin iddia tələbində ünvanı dəqiq yazmadığını, ona görə də iddia tələbini dəqiqləşdirərək hal-hazırda iddia tələbinin “Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması” tələbi olduğunu, həmin tələb üzrə işin davam etdirilməsini və bu barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirərək bununla bağlı yazdığı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(122)-100/2020 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(122)-100/2020 nömrəli qərardadı ilə Əsədova (Vəliyeva) Şəfəq Həmid qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə xx xxxxxx 2020-ci il tarixli, 7/2948 nömrəli məktub göndərərək işə onların iştirakı olmadan baxılıb, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Naxçıvan Şəhər Polis İdarəsinin xx xxxx 2020-ci il tarixli, 7/1716-V560 nömrəli məktubundan görünür ki, X5 ərizəçi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxx 2011-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, Naxçıvan şəhəri, Nizami küçəsində istifadədə olan, 0.072 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində, 42.93 kv.m. ümumi, 25.81 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 15 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/6 nömrəli reyestr kitabının 1078 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxx 1972-ci ildə doğulmuşdur. - Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(078)-845/2019 nömrəli qətnaməsindən məlum olur ki, İddiaçı və X7 arasında xx xxx 2019-cu il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və 70 nömrə ilə qeydə alınmış nikah pozulması qət edilmişdir. - xx xxxxxx 2020-ci il tarixli, AZ-İ seriyalı, 221325 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X7 ilə olan nikahı ləğv edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 947 nömrəli arayışdan aydın olur ki, Vəliyev X3 şəhəri, Nizami küçəsi, ev 48, mənzil 15 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 2051 nömrəli arayışdan aydın olur ki, X2 şəhəri, Nizami küçəsi, ev 48, mənzil 15 ünvanında qeydiyyatdadır. - xx xxxxxx 2020-ci il tarixli, 60598 nömrəli qəbzdən məlum olur ki, İddiaçı iddia ərizəsi üçün “Kapital Bank” Naxçıvan Muxtar Respublikası İdarəsi Filialının AZ21NABZ******************** nömrəli hesabına 10 (on) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev İddiaçı tam mülkiyyətindədir. Üçüncü şəxs özünə ayrı yaşayış yeri seçdiyinə görə onun həmin evin pasport qeydiyyatında olması formal xarakter daşıyır və bu da mülkiyyətçi İddiaçı öz mülkiyyəti barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Yeni yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması isə üçüncü şəxs Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının həm hüququ, həm də vəzifəsidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxs Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının yeni yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı hərəkətsizliyi, İddiaçı mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Üçüncü şəxs Əsədova (Vəliyeva) Şəfəq Həmid qızı faktiki olaraq özünə başqa daimi yaşayış yeri seçdiyi halda formal olaraq iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanının pasport qeydiyyatında qalması onun hüquqlarını məhdudlaşdırmış olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyinin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli, xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin qənaətinə görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyətində olduğundan, üçüncü şəxs Əsədova (Vəliyeva) Şəfəq Həmid qızı həmin evdə qeydiyyatda olsa da, orada yaşamadığından qeydiyyat formal xarakter daşıyır. Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının iddiaçıya məxsus evin qeydiyyatından çıxarılmaması qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81, 85.1, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Əsədova (Vəliyeva) Şəfəq Həmid qızının ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-100/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-100/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver