Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-100/2022 25.04.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinə qarşı “19 avqust 1985-ci il tarixdə tərtib olunmuş 42 nömrəli doğum akt qeydində ad qrafasına “Günay” əvəzinə “Günel” olaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum akt qeydində adına “Günel” olaraq düzəliş olunması öhdəliyinin cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 19 avqust 1985-ci il tarixdə Şahbuz rayonu, Kolanı kəndində anadan olmuşdur. Doğum akt qeydində adı Günay, doğum haqqında şəhadətnamədə isə adı Günel olaraq yazılmışdır. Bütün hüquqmüəyyənedici sənədlərdə, doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, diplomunda, nikah haqqında şəhadətnaməsində, uşaqlarının doğum haqqında şəhadətnamələrində iddiaçının adı Günel olaraq yazılmışdır. Doğum akt qeydinə düzəlişin olunması ilə bağlı Şahbuz Rayon Qeydiyyat Şöbəsinə edilən müraciətə 24 fevral 2022-ci il tarixdə verilən cavabda keçmişdə yazılan doğum akt qeydində heç bir düzəliş edə bilmədiklərindən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçının doğum haqqında şəhadətnaməsindəki adı ilə digər sənədlərdəki adının fərqli olması onun müəyyən hüquqlarının həyata keçirilməsinə çətinlik yaradır. İddiaçının vəkili və nümayəndəsi yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33-cü maddələrinə əsasən məhkəmədən doğum akt qeydində adına “Günel” olaraq düzəliş olunması öhdəliyinin Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 01 aprel 2022-ci il tarixli, 2-1(122)-100/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 25 aprel 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə İddiaçı və cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsi məhkəməyə 21 aprel 2022-ci il tarixli, 91 nömrəli məktub göndərərək, 25 aprel 2022-ci il tarixə, saat 10:00-a təyin olunmuş məhkəmə iclasında xidməti işlərin çoxluğu ilə əlaqədar iştirak edə bilmədikləindən iştirakları olmadan işə baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbində texniki səhv olaraq doğum akt qeydinin nömrəsinin və həmin akt qeydində səhv yazılmış adın göstərilmədiyini bildirərək, iddia tələbinin daha dəqiq ifadə olunması üçün iddia tələbinin “19 avqust 1985-ci il tarixdə tərtib olunmuş 42 nömrəli doğum akt qeydində ad qrafasına “Günay” əvəzinə “Günel” olaraq düzəliş olunması öhdəliyinin Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması” kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin 25 aprel 2022-ci il tarixli protokol qərarı ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil vəsatəti təmin edilmiş və iddia tələbi “19 avqust 1985-ci il tarixdə tərtib olunmuş 42 nömrəli doğum akt qeydində ad qrafasına “Günay” əvəzinə “Günel” olaraq düzəliş olunması öhdəliyinin Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. Şifahi məhkəmə baxışı iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi iş materiallarına cavabdeh inzibati orqanın imtinasını, doğum haqqında akt qeydləri kitabından çıxarışı, doğum və nikahın bağlanması haqqında şəhadətnamələrin, diplomun təsdiq edilmiş surətlərini, qeydiyyatla bağlı arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən Şahbuz rayon, Kolanı kənd sakini İddiaçı verilmiş 24 fevral 2022-ci il tarixli, 64 nömrəli arayışdan görünür ki, Şahbuz rayon, Kolanı Kənd İcra Nümayəndəliyi tərəfindən 19.08.1985-ci il tarixli, 42 nömrəli doğum akt tərtib olunarkən adı "Günel" olaraq deyil, "Günay" olaraq qeyd edilmişdir. Vətəndaşlıq Vəziyyəti aktlarının Dövlət Qeydiyyatı qaydasına əsasən keçmişdə yazılan akt qeydinə Qeydiyyat Şöbəsi tərəfindən heç bir düzəliş edilə bilməz. Hər hansı bir şikayət ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - 20 may 2020-ci il tarixli, 361798 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X7 xx xxxx 1985-ci ildə Şahbuz rayonu, Kolanı kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında 19.08.1985-ci il, səhifə 42-də qeydiyyat aparılmışdır. X1, anası X5, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Şahbuz Rayon İcra Hakimiyyətinin Kolanı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli, 74 nömrəli arayışdan görünür ki, İddiaçı Şahbuz rayonunun Kolanı kəndində yaşayır. - 10 iyul 2004-cü il tarixli, 002256 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, X7 2002-ci ildə Naxçıvan tibb məktəbinə daxil olmuş və 05 iyul 2004-cü ildə həmin məktəbi tibb bacısı işi ixtisası üzrə tam kursu bitirmişdir. - 23 may 2002-ci il tarixdə verilmiş AZE 00391066 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxx 1985-ci ildə Şahbuz rayonu, Kolanı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1985-ci ilin avqust ayının 19-cu günündə 42 nömrə ilə qeyd edilmişdir. X1, anası X5, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 13 sentyabr 2005-ci il tarixli, AZ-İ 175880 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 02 mart 1972-ci ildə Şahbuz rayonu, Kolanı kəndində anadan olmuş X8 ilə xx xxxx 1985-ci ildə Şahbuz rayonu, Kolanı kəndində anadan olmuş X7 13 sentyabr 2005-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2005-ci ilin sentyabr ayının 13-cü günündə 09 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Dünyamalıyev, arvada Dünyamalıyeva soyadı verilmişdir. - 06 oktyabr 2006-cı il tarixli, AZ-İ 792190 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 16 iyun 2006-cı il tarixdə Şahbuz rayonu, Kolanı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2006-cı ilin 09cu ayının 15-ci günündə 15 nömrə ilə qeyd edilmişdir. X2, anası X7, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 08 sentyabr 2009-cu il tarixli, AZ-İİ 333614 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 10 iyun 2009-cu il tarixdə Şahbuz rayonu, Kolanı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin sentyabr ayının 08-ci günündə 16 nömrə ilə qeyd edilmişdir. X2, anası İddiaçı, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 08 sentyabr 2009-cu il tarixli, AZ-İİ 333615 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 10 iyun 2009-cu il tarixdə Şahbuz rayonu, Kolanı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin sentyabr ayının 08-ci günündə 17 nömrə ilə qeyd edilmişdir. X2, anası İddiaçı, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. İş materiallarına əlavə edilmiş: - Məhkəmənin sorğusuna əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə ünvanlanan 07 aprel 2022-ci il tarixli, 06-01/147 nömrəli məktubdan görünür ki, xx xxxx 1985-ci ildə Şahbuz rayonu, Kolanı kəndində anadan olmuş İddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı sayılır. Həmçinin məktubla məhkəməyə ünvanlanan şəxsiyyət vəsiqəsi və pasporta aid çıxarışlardan da görünür ki, Dünyamalıyeva (Qurbanova) Günel İntiqam qızı xx xxxx 1985-ci ildə Şahbuz rayonu, Kolanı kəndində anadan olmuşdur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 19 avqust 1985-ci il tarixdə tərtib olunmuş 42 nömrəli doğum haqqında akt qeydində iddiaçının ad qrafasında yanlışlıqla “Günel” əvəzinə “Günay” olaraq yazılmışdır. İş materiallarına əlavə edilmiş və iddiaçının şəxsiyyətini müəyyən edən sənədlərdən də görünür ki, iddiaçının adı “Günel”dir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas faktor keçmişdə yazılan doğum haqqında akt qeydinə Qeydiyyat Şöbəsi tərəfindən dəyişiklik olunmasının mümkün olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud olmuşdur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, İddiaçı doğum haqqında akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və doğum akt qeydində ad qrafasına “Günel” olaraq düzəliş olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 19 avqust 1985-ci il tarixdə tərtib olunmuş 42 nömrəli doğum akt qeydində ad qrafasına “Günay” əvəzinə “Günel” olaraq düzəliş olunması öhdəliyi cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. 19 avqust 1985-ci il tarixdə tərtib olunmuş 42 nömrəli doğum akt qeydində ad qrafasına “Günay” əvəzinə “Günel” olaraq düzəliş olunması öhdəliyi cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-100/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-100/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver