Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1004/2024 02.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X9 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ qərarı və X1 xx.xx.1999-cu il tarixli /protokol 27, maddə 1/ qərarına əsasən, 5 671 478 (beş milyon altı yüz yetmiş bir min dörd yüz yetmiş səkkiz) manata satılmış, satış pulunu ödədiyi, istifadəsində və sahibliyində olan, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mağazanın əvəzi olaraq 580.000.00 (beş yüz səksən min) manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət Naxçıvan Muxtar Respublikası Ordubad rayonu, Yuxarı Əylis kəndində yerləşən X7 Mağazasının müdiri və satıcısı işləmişdir. Həmin mağaza X1 tabeliyində olan Ordubad rayon Kooperativ Cəmiyyətinin balansında olmuşdur. xx.xx.1999-cu ildə o, ərizə ilə X1 İdarə Heyətinə müraciət edərək, Ordubad rayonu, Yuxarı Əylis kəndində yerləşən mağaza binasının satış üçün qiymətləndirilib, güzəştlə ona satılmasını xahiş etmişdir. Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ Qərarı ilə Komissiya tərəfindən mağaza binasının start qiyməti haqda təqdim edilmiş xx.xx.1999-cu il tarixli Aktın təsdiq edilməsi, ərizəçi və tam payçı olması nəzərə alınaraq binanın start qiymətindən 30% güzəştlə, lakin üzərinə 20% ƏDV gəlməklə mağazanın müdir satıcısı İddiaçı 5 671 478 (beş milyon altı yüz yetmiş bir min dörd yüz yetmiş səkkiz) manata satılması, baş mühəndis Y.Mustafayevaya alqı-satqını lazımi qaydada rəsmiyyətə salmaqla satışdan daxil olacaq və Rayon Kooperativ Cəmiyyətinə çatacaq məbləği ağır maliyyə vəziyyətini nəzərə alıb dövriyyə hesabının artırılmasına yönəldilməsinin tapşırılması və qərarın surətinin X2 göndərilməsi və təsdiqinin xahiş edilməsi qərara alınmışdır. Mağazanın alınması üçün nəzərdə tutulmuş satış pulunu tamamilə ödəyib qurtarmışdır. Həmin dövrdə mağazanın onun adına qeydiyyatdan keçməsi ilə bağlı ona Şəhadətnamə verilməməsə də, 1969-cu ildən bəri mağaza onun istifadəsində, 1999-cu ildən isə qanuni sahibliyində olmuşdur. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2011-ci ildə Yuxarı Əylis kəndində yerləşən inzibati binaların və xidmət mərkəzlərinin dövlət büdcəsi hesabına abadlaşdırılacağını və ona məxsus mağazanın yenidən tikilib ona təhvil veriləcəyini bildirmişdirlər. Bu məqsədlə 2012-ci ildə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Gəmiqaya Şirkəti tərəfindən ona məxsus 120 m2 mağaza sökülüb yerində ümumi sahəsi 115.68 m2 olan, onun 66.0 m2 hissəsi ərzaq və təsərrüfat mağazası, 13.34 m2 hissəsi bərbərxana, 23.0 m2 hissəsi gözəllik salonu, 13.34 m2 hissəsi isə qəssab dükanı olmaqla yeni xidmət mərkəzi tikilib onun istifadəsinə və sahibliyinə verilmişdir. Lakin sonradan yeni inşa edilən xidmət mərkəzinə dair ona mülkiyyət hüququ haqqında şəhadətnamə verilməmişdir. 2019-cu ilin sentyabr ayının 19-da Naxçıvan MR İqtisadiyyat Nazirliyinin nümayəndələri mağazaya gələrək, binanın İqtisadiyyat Nazirliyinin balansına verildiyini, İqtisadiyyat Nazirliyi ilə mağazanı işlədən qardaşı Nümayəndə arasında icarə müqaviləsi bağlanmalı olduğunu bildirmişlər. Lakin iddiaçı etiraz etmiş və hazırki yeni inşa edilən xidmət mərkəzi onun özəlləşdirmə yolu ilə pulunu verib aldığı Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən 120 m2 mağazanın sökülüb əvəzində tikilmiş bina olduğunu bildirmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən məhkəmədən Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ qərarı və X1 xx.xx.1999-cu il tarixli /protokol 27, maddə 1/ qərarına əsasən, 5 671 478 (beş milyon altı yüz yetmiş bir min dörd yüz yetmiş səkkiz) manata satılmış, satış pulunu ödədiyi, istifadəsində və sahibliyində olan, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mağazanın əvəzi olaraq 580.000.00 (beş yüz səksən min) manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 avqust 2023-cü il tarixli, 2-1(122)-606/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçının vəkili və nümayədəsi Vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(122)-606/2023 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti baxılması üçün 22 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2023-cü il tarixli, 2-1(108)-42/2023 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2-1(122)-606/2023 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2-1(122)-606/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2023-cü il tarixli, 2-1(108)-42/2023 nömrəli qərardadından verilmiş kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2023cü il tarixli, 2-1(102)-2795/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2- 1(108)-42/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş və kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 aprel 2024-cü il tarixli, 2-1(108)-23/2024 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2- 1(122)-606/2023 nömrəli qərardadından iddiaçının vəkili-nümayəndəsi Vəkil vasitəsilə verilmiş şikayət təmin edilərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2-1(122)-606/2023 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş təkrar baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iddiaya dair məhkəməyə ünvanlanan 24 aprel 2024-cü il tarixli, 5/488 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçının Komitəyə qarşı iddia tələbində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi, və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkək və hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün deyil, çünki qeyd olunan hallar mövcud deyildir, eyni zamanda cavabdehin səlahiyyətlərinə aid olmayan məsələnin həllini (maddi ziyanın ödənilməsini) cavabdehdən tələb etməsi mümkün deyildir. Cavabdeh qismində göstərilən Komitənin 2012-2013-cü illərdə adı çəkilən obyektdə tikinti işlərinin aparılması və bu barədə qəbul etdiyi aktlar həmin dövrdə mülkiyyətin aid olduğu Naxçıvan Muxtar Respublikası Kooperativlər İttifaqı arasında olan hüquqi sənədlərlə, o cümlədən aparılan tikinti işləri, abadlıq, əsaslı təmir işlərinin istismara təhvil təslim verilməsi haqqında 10 yanvar 2013-cü il tarixli akt da həmin zaman qeyd olunan obyektin mülkiyyət hüququnun Naxçıvan Muxtar Respublikası Kooperativlər İttifaqına məxsus olduğunu sübut edir. İddiaçı tərəfindən həmin mağazanın onun mülkiyyətində olmasını təsdiq edən sənədlərin bu günə kimi məhkəməyə təqdim edilməməsi, eyni zamanda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin iddiaçıdan əmlakdan istifadə (mağazadan) edilməsi üçün icarə haqqının tələb edilməsi faktı da mülkiyyətin həmin vaxt Kooperativə, sonra isə qanunvericiliyə uyğun olaraq varislik hüququ əsasında Nazirliyə keçdiyi açıq-aşkar məlum olur. Həmçinin şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələb oluna bilər. İddiaçı tərəfindən mülkiyyətin rəsmiləşdirilməsi ilə bağlı həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələrinin cavabdeh kimi göstərilən orqanın, Komitənin üzərinə qoyulmasının heç bir hüquqi əsası yoxdur. 2012-ci ildə təmir edilən bina iddiaçının mülkiyyətində yox, dövlət mülkiyyətində olmuş və hazırda isə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansındadır. Cavabdeh orqan yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçının hazırki iddia tələbinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid olmadığı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 02 iyul 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etirazda yazılanlara uyğun izahat verərək qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: - Naxçıvan MR X5 rayon Vergi Müfəttişliyinin vergi lövhəsinin surətindən məlum olur ki, İddiaçı 1999-cu il tarixdən pərakəndə ticarət üzrə fəaliyyətə başlamış və ona ********* nömrəli VÖEN verilmişdir. - Başa çatmış tikinti, yenidənqurma, əsaslı təmir və abadlıq işlərinin istismara verilməsi haqqında Komissiyanın 10 yanvar 2013-cü il tarixli aktının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2001-ci il tarixli, 3/716 saylı məktubuna əsas olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli, 07 saylı sərəncamına əsasən Ordubad rayon Yuxarı Əylis kəndində Xidmət Mərkəzi Naxçıvan MR Kooperativlər İttifaqına təhvil verilmişdir. - 22 may 2018-ci il tarixli, BA seriyalı, 180103 nömrəli Daşınmaz Əmlakın İcbari Siğortası Şəhadətnaməsinin surətindən məlum olur ki, İmanov X6 rayon Əylis kəndində yerləşən ərzaq mağazasını siğorta etdirmişdir. - 31 may 2019-cu il tarixli, BA seriyalı, 210065 nömrəli Daşınmaz Əmlakın İcbari Siğortası Şəhadətnaməsinin surətindən məlum olur ki, İmanov X6 rayon Əylis kəndində yerləşən ərzaq mağazasını siğorta etdirmişdir. - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 avqust 2019-cu il tarixli, 70s nömrəli sərəncamının surətindən məlum olur ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən və dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansına verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 29 mart 2023-cü il tarixli, 09 nömrəli məktubdan məlum olur ki, İmanova (Naibova) Pakizə Əli qızına məxsus Yuxarı Əylis kəndində mağaza binasının 2012-ci ildə sökülməsi və yerində yeni mağaza tikilməsi barədə Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərarın verilməsi aşkar olunmamışdır. - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 02 may 2024-cü il tarixli, Q 30/04 nömrəli məktuba qoşma edilmiş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2- 2(123)-47/2022 nömrəli qətnamənin surətindən məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin cavabdeh Nümayəndə qarşı “Daşınmaz dövlət əmlakının qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia əsaslı olduğundan təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mülkiyyətində (balansında; olan Ordubad rayonu Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin ərzaq və təsərrüfat mallarının satışı həyata keçirilən 66.0 m2 olan sahəsinin cavabdeh Nümayəndə qanunsuz sahibliyindən alınaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə geri qaytarılması və cavabdehin həmin tikilidən çıxarılması qət edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 07 may 2024-cü il tarixli, 02/397 nömrəli məktubundan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və "xxxx" MMC-nin 2012- 2013-cü illərə aid sənədlərində Ordubad rayonu, Yuxarı Əylis kəndində yeni Xidmət Mərkəzi binasının yerində olmuş köhnə mağaza binasının sökülməsi və yeni Xidmət Mərkəzi binasının tikilməsi ilə əlaqədar bağlanmış podrat müqaviləsinə aid məlumata rast gəlinməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon Yuxarı Əylis kəndində Xidmət Mərkəzinin tikinti işlərinin smetası həmin məktuba qoşma edilərək məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 08 may 2024-cü il tarixli, 04/341 nömrəli məktubundan məlum olur ki, Ordubad Rayon Kooperativlər Cəmiyyətinin Yuxarı Əylis kəndində yerləşmiş gündəlik tələbat və sənaye malları mağazasının binası Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Xidmətin informasiya bazasında qeyd olunan əmlaka dair hüquqi və texniki sənədlər mövcud deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun: - 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 14.2-ci bəndinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-ci bəndinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 36.1.1-ci bəndinə əsasən inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqanlar inzibati icraatın iştirakçıları sayılırlar. - 89.1-ci bəndinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İddiaçının əsas hüquqi marağı 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşmiş mağaza binasının əvəzi olaraq 580.000 (beş yüz səksən min) manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbidir. Məhkəmə qeyd edir ki, ilk öncə cavabdeh təşkilat tərəfindən iddiaçının hüquqlarına müdaxilənin olub-olmaması, daha sonra isə dövlət orqanının şəxsin hüquqlarına müdaxiləsi hazırkı işdə cavabdehin müdaxiləsinin qanuni olub-olmaması aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci iltarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Hazırkı iş üzrə inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni iddiaçının qeyd etdiyi məzmunda ziyan vurulması ilə bağlı cavabdehin qanunsuz hərəkəti və cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, cavabdehin hərəkəti onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə uyğun olmuşdur. İş materiallarında olan “Başa çatmış tikinti, yenidənqurma, əsaslı təmir və abadlıq işlərinin istismara verilməsi haqqında” Komissiyanın 10 yanvar 2023-cü il tarixli aktından görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin 26 oktyabr 2001-ci il tarixli, 3/716 saylı məktubuna əsas olaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2013-cü il tarixli 7 saylı sərəncamına əsasən Ordubad rayon Yuxarı Əylis kəndində Xidmət mərkəzinin tikintisinin sifarişçisi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Bununla belə, məhkəmə icraatı gedişində müəyyən olundu ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-ci il tarixli, saylı sərəncamına uyğun olaraq Xidmət Mərkəzi binasında yerləşən mağaza yenidən tikilərək iddiaçıya təhvil verilmiş, iddiaçı həmin mağazanı faktiki istifadə etməkdə davam etmişdir. Bu işin mübahisəsiz halıdır. Bundan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 avqust 2019cu il tarixli, 70s saylı Sərəncamı ilə həmin xidmət Mərkəzi Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına verildiyi iddiaçıya məlum olmuşdur. Göründüyü kimi, qeyd olunan mağaza binasının Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına keçməsi və ya iddiaçıya hər hansı ziyanın vurulması cavabdehin təqsirli hərəkəti ilə əlaqəli olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətindən istifadə etmək hüququna cavabdeh tərəfindən həyata keçirilən müdaxilə qanunilik, qanuni məqsədlərlə həyata keçirilmə və mütənasiblik prinsiplərinin tələblərinə cavab verdiyindən həmin müdaxilənin qanunsuz hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Buna görə də, cavabdeh inzibati orqanın iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-2795/2023 qərardadında qeyd edilmiş hüquqi mövqeyi təkrarlayaraq qeyd edir ki, iddiaçı əmlakın geri qaytarılması haqqında iddiadan istifadə edə bilər. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ qərarı və X1 xx.xx.1999-cu il tarixli /protokol 27, maddə 1/ qərarına əsasən, 5 671 478 (beş milyon altı yüz yetmiş bir min dörd yüz yetmiş səkkiz) manata satılmış, satış pulunu ödədiyi, istifadəsində və sahibliyində olan, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mağazanın əvəzi olaraq 580.000.00 (beş yüz səksən min) manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ qərarı və X1 xx.xx.1999-cu il tarixli /protokol 27, maddə 1/ qərarına əsasən, 5 671 478 (beş milyon altı yüz yetmiş bir min dörd yüz yetmiş səkkiz) manata satılmış, satış pulunu ödədiyi, istifadəsində və sahibliyində olan, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mağazanın əvəzi olaraq 580.000.00 (beş yüz səksən min) manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-1004/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1004/2024
02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver