Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-101/2024 26.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X3 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna qarşı "01 yanvar 2015-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixə qədər Cavabdeh ümumi şöbənin rəisi işlədiyi müddət ərzində ona ödənilməmiş aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqqın alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2015-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixə qədər Cavabdeh ümumi şöbənin rəisi işlədiyi müddət ərzində ona ödənilməmiş aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqqın alınıb ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Prokurorluğunda ümumi şöbənin müdiri vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 776 saylı Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqq təyin edilmişdir. İşlədiyi müddətdə həmin məbləğlər ona ödənilməmişdir. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Prokururluğuna müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Prokururluğu tərəfindən Naxçıvan MR Maliyyə Nazirliyinə məktub ünvanlanmış, xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Maliyyə Nazirliyi məktuba cavab olaraq bildirmişdir ki, dövlət qulluqçularına geriyə müddət üçün hesablanmamış və ya kəsirlə hesablanmış ödənişlərin 2023-cü ildə həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsində vəsait nəzərdə tutulmadığından həmin ödənişin icrasına köməklik göstərilməsi imkan xaricindədir. İddiaçıya qeyd olunan məsələlərlə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Prokurorluğu iddiaya dair məhkəməyə ünvanlanan 27 iyul 2023-cü il tarixli, 10/601 çıx nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı Əliyev X1 Muxtar Respublikası Prokurorluğunun Ümumi şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə aylıq vəzifə maaşına görə 15 faiz məbləğində əlavə haqqının aşkar olunduğu 01 sentyabr 2020-ci il tarixdən 06 aprel 2023-cü il tarixədək həmin əlavələri almışdır. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna qarşı olan “01 yanvar 2015-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixə qədər Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Ümumi şöbəsinin müdiri vəzifəsində işlədiyi müddət ərzində ona ödənilməmiş aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqqın alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən (Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.) müddətin keçməsi ilə əlaqədar olaraq təmin edilə bilməz. Həmçinin, əlavə haqqın ödənilməsi ilə bağlı İddiaçı müraciəti əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə məktub ünvanlanmış, 13 iyun 2023-cü il tarixli cavab məktubunda qanunvericiliyə uyğun olaraq tələb müddətinin keçməsi səbəbindən həmin vəsaitin ödənilməsinin mümkünsüz olması öz əksini tapmışdır. Bu səbəbdən cavabdeh Naxçıvan Muxtar Respublikasının Prokurorluğu İddiaçı iddia tələbinə öz etirazını bildirərək iddianın təmin olunmamasını xahiş edir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 26 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun İddiaçı ünvanladığı 25 iyun 2023-cü il tarixli, 15/486-23 nömrəli məktubda bildirilir ki, müraciətdə qeyd olunan 15 faiz məbləğində əlavə haqqın xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü üçün ödənilməsinə köməklik göstərilməsi ilə bağlı tərəfinizdən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə xx.xx.2023-cü il tarixdə məktub ünvanlanmışdır. Maliyyə Nazirliyi tərəfindən qeyd olunan məktuba xx.xx.2023-cü il tarixdə cavab verilərək göstərilmişdir ki, dövlət qulluqçularına geriyə müddət üçün hesablanmamış və ya kəsirlə hesablanmış ödənişlərin 2023-cü ildə həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsində vəsait nəzərdə tutulmadığından həmin ödənişin icrasına köməklik göstərilməsi imkan xaricindədir. Qeyd olunan məsələlərlə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev tərəfindən Naxçıvan Muxtar Respublikasının Maliyyə nazirinin müavini Həsən İsmayılova ünvanlanmış 24 may 2023-cü il tarixli, 15/298 çıx nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli, 776 saylı Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqq təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Maddi-texniki təminat və Ümumi şöbələrinin müdirlərinə 01 yanvar 2015ci il tarixdən 01 sentyabr 2020-ci il tarixədək həmin məbləğlər ödənilməmişdir. Odur ki, həmin vəsaitlərin ödənilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin 13 iyun 2023-cü il tarixli, 3- 23-69/2-711/2023 nömrəli məktubdan görünür ki, 2023-cü il 1 yanvar tarixinədək "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti və hər il onların əməkhaqlarının ikiqat həcmindən az olmayaraq maddi yardım verilirdi. Həmçinin prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırdılar. Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda və digər büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsi ilə müvafiq hesablamalar aidiyyəti dövlət təşkilatının mühasibatlığı tərəfindən aparılır, təşkilatın rəhbərinin və (baş) mühasibin imzası, eyni zamanda təşkilatın möhürü ilə təsdiqlənir. Əlavə olaraq qeyd olunur ki, qanunvericiliklə işçinin pul və əmlak tələbləri ilə bağlı müraciəti üçün 1 il müddət müəyyən edilmişdir və muxtar respublika üzrə 2022-ci ilin sonunda həmin il üçün ödənilməmiş kəsirlə ödənilmiş bütün vəsaitlərin büdcə ayırmaları həddində tam icrası təmin edilmişdir. Məktublarda qeyd edilmiş prokurorluq əməkdaşlarına və dövlət qulluqçularına geriyə müddət üçün hesablanmamış və ya kəsirlə hesablanmış ödənişlərin 2023-cü ildə həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsində vəsait nəzərdə tutulmadığından həmin ödənişlərin icrasına köməklik göstərilməsi imkan xaricindədir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli, 2213 nömrəli arayışdan görünür ki, Əliyev X1 şəhəri, Azərbaycan küçəsi, döngə 4, ev 40B ünvanında qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1970-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun 19 oktyabr 2023-cü il tarixli, 10/1004 çıx nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq bildirilir ki, İddiaçı 01 dekabr 1993-cü il tarixdən 18 dekabr 1995-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Ümumi şöbəsinin müfəttişi, 18 dekabr 1995-ci il tarixdən 16 iyul 2001-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Ümumi və xüsusi şöbəsinin rəisi, 16 iyul 2001-ci il tarixdən 13 dekabr 2002-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Prokurorluğunun dəftərxana rəisi, 13 dekabr 2002-ci il tarixdən 27 avqust 2014-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Ümumi şöbəsinin rəisi vəzifələrində işləmişdir. 27 avqust 2014-cü il tarixdə isə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun strukturunda edilən dəyişikliyə əsasən ştat vahidlərinin dövlət qulluğunun vəzifələrinə uyğunlaşdırılıması aparılaraq dövlət qulluğunun 2-ci kateqoriya üçüncü təsnifat vəzifəsi olan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Ümumi şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, 06 aprel 2023-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun 01 noyabr 2023-cü il tarixli, 15/1072-çıx nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun sabiq əməkdaşı İddiaçı 2015-2020-ci illər üzrə 15% əlavə haqq almaması barədə izahlı əmək haqqı cədvəlləri məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun: 2.1.4-cü maddəsinin 18-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda şöbə müdirləri inzibati vəzifələrin üçüncü təsnifatına aid edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1 və 8.1.3-ci maddələri üzrə Naxçıvan Muxtar Respublikasının Prokurorluğu 2-ci kateqoriya dövlət orqanı kimi təsnifatlaşdırılmışdır. 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. 22.6-cı maddəsinə əsasən dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir. 22.8-ci maddəsinə əsasən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2008-ci il tarixli, 776 nömrəli Fərmanı və həmin fərmanla təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının” Siyahısı: (bəndlər 2 və 1) ali - 5-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri və administrasiya (aparat) rəhbərlərinin müavinləri, işlər müdirləri və işlər müdirlərinin müavinləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinlərinə hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 iyul 2023-cü il tarixli Qərarı. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı 01 yanvar 2015-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixə qədər Cavabdeh ümumi şöbənin rəisi işlədiyi müddət ərzində ona ödənilməmiş aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqqın alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır və tələbinin hüquqi əsasını “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2008-ci il tarixli, 776 nömrəli Fərmanı təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi yuxarıda istinad olunan qanunlarda təsbit olunmuş normaların, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədləri baxımından qiymətləndirilməlidir. İş üzrə materiallardan müəyyən olunur ki, İddiaçı 27 avqust 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun strukturunda edilən dəyişikliyə əsasən ştat vahidlərinin dövlət qulluğunun vəzifələrinə uyğunlaşdırılıması aparılaraq dövlət qulluğunun 2-ci kateqoriya üçüncü təsnifat vəzifəsi olan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Ümumi şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, 06 aprel 2023-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İddiaçının Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2008-ci il tarixli, 776 nömrəli Fərmanına müvafiq olaraq təyin edilmiş, 2015-2020-ci illər üzrə hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq almamışdır. Bu hal cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş əmək haqqı cədvəllərindən aydın görünür və tərəflər arasında mübahisəndirilmir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan xidməti vəzifələrinə uyğun olaraq, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməmiş və tələb olunan məbləğlərin ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə müvafiq soğularla müraciət etmişdir. Bununla belə məhkəməyə ünvanlanan etirazında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə istinad edərək, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməli olduğunu bildirib, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. İddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Bu iddia növündə “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar olan müəyyən hərəkətlərin edilməsinin İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən tələb edilməsidir. Bu zaman ödəliyin icrası haqqında iddianın qaldırılması üçün hər hansı müddətə riayət edilməsi tələb olunmur. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində təsbit edilən müddət məhdudiyyəti müvafiq hala şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 iyul 2023-cü il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə görə: Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Həmçinin Konstitusiyanın 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ təsbit edilmişdir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirən işçinin qanunvericiliklə müəyyən edilmiş məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Qeyd edilməlidir ki, əmək haqqının hüquqi təyinatı işçinin maddi və mənəvi ehtiyaclarının qarşılanmasını təmin etməklə yanaşı, həm də, məhz dövlətin Əsas Qanun ilə müəyyən edilmiş ali məqsədinə, hər bir vətəndaşın rifahı, layiqli həyat səviyyəsi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərin icrasına nail olmaqdan ibarətdir. Çünki hər bir insan faydalı əməklə (fəaliyyətlə) məşğul olduğu təqdirdə bunun müqabilində əmək haqqı almalıdır ki, bununla da özünün və ailəsinin maddi və mənəvi tələbatlarını (ehtiyaclarını) ödəmiş, dövlətin isə xalqın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaqla bağlı öhdəliyinin icrası təmin edilmiş olsun. Əmək haqqının hüquqi mühafizəsinin formalarından biri əmək haqqının toxunulmazlığıdır. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ödənilməmiş əlavə haqqın alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna qarşı "01 yanvar 2015-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixə qədər Cavabdeh ümumi şöbənin rəisi işlədiyi müddət ərzində ona ödənilməmiş aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqqın alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. 01 yanvar 2015-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixə qədər Cavabdeh ümumi şöbənin rəisi işlədiyi müddət ərzində İddiaçı ödənilməmiş aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın alınıb ona verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-101/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-101/2024
26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver