Məhkəmə qərarları › İş №2-1(122)-1011/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1011/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1011/2024 09.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2003-cü il tarixli müvafiq əmri ilə ona verilmiş "Usta" məharət dərəcəsinin qüvvədə saxlanılması, "Usta" məharət dərəcəsinin bərpa edilərək pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə təqdim edilməsi, 2006-2010-cu illər ərzində aldığı əmək haqqının məharət dərəcəsinə görə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2003-cü il tarixli müvafiq əmri ilə ona verilmiş "Usta" məharət dərəcəsinin qüvvədə saxlanılması, "Usta" məharət dərəcəsinin bərpa edilərək pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə təqdim edilməsi, 2006-2010-cu illər ərzində aldığı əmək haqqının məharət dərəcəsinə görə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 09 iyul 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 06 iyun 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq məharət dərəcəsinin verilməsi ilə bağlı əmrlərin ona məlum olmasını müəyyən etməyə imkan verən sübutların iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında öz əksini tapmadığı bildirilmiş və sözügedən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Bu aşağıdakı əsaslardan irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli, № 67 saylı Qərarında qeyd olunur:

1. Hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 15 faiz miqdarında; “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda, məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İddia tələbinin məzmunundan belə müəyyən edilir ki, iddiaçının hüquqi marağı 3 hissədən ibarətdir:

1. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2003-cü il tarixli müvafiq əmri ilə ona verilmiş "Usta" məharət dərəcəsinin qüvvədə saxlanılması;

2. "Usta" məharət dərəcəsinin bərpa edilərək pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə təqdim edilməsi;

3. 2006-2010-cu illər ərzində aldığı əmək haqqının məharət dərəcəsinə görə yenidən hesablanaraq ödənilməsi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin ikinci və üçüncü hissələri birinci hissədən asılı tələbdir. İddia tələbinin birinci hissəsi inzibati icraat qaydasında araşdırılacağı halda digər tələblərlə bağlı hissəyə baxıla bilər. İddiaçı Quliyev X2 MR Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışına istinadla ona Usta məharət dərəcəsinin verildiyini bidirmişdir. İş materiallarından müəyyən olunur ki, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin 31 dekabr 2007-ci il tarixli, 67 saylı Əmri ilə daxili xidmət baş leytenantı İddiaçı “ikinci məharət dərəcəsi”, 22 yanvar 2009-cu il tarixli, 11ş/h saylı Əmri ilə “üçüncü məharət dərəcəsi” və 22 dekabr 2009-cu il tarixli, 81 saylı Əmri ilə ona yenidən “ikinci məharət dərəcəsi” verilmişdir. Həmçinin iddiaçının DSMF-na təqdim olunan Məlumat vərəqində pul təminatına dair məlumatlarda ikinci məharət dərəcəsinə müvafiq olaraq pul təminatı xərcliyinə 15% miqdarında əlavə müəyyən edilmişdir. İddiaçıya “birinci məharət dərəcəsi”nin verilməsi barədə hər hansı məlumatın olmadığı müəyyən olununmuşdur. Göründüyü kimi iddiaçı ona məharət dərəcəsinin verilməsi barədə qeyd olunan əmrləri qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməmiş, həmin dövrdən uzun zaman keçməsinə baxmayaraq məhkəməyə müraciət etməmişdir. İddiaçının həmin Əmrlər barədə məlumatının olması təkzibolunmaz şəkildə sübuta yetirildiyindən, iddia müddətinin axımının başlanılması onun aktlar barədə məlumatlı olduğu andan hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən inzibati orqanın 2007-2009-cu illərdə qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan hallar üzrə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də (“Usta" məharət dərəcəsinin bərpa edilərək pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə təqdim edilməsi; 2006-2010-cu illər ərzində aldığı əmək haqqının məharət dərəcəsinə görə yenidən hesablanaraq ödənilməsi) belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Beləliklə də, sadalanan normaların tələblərinə və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərti ödənilməmişdir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2003-cü il tarixli müvafiq əmri ilə ona verilmiş "Usta" məharət dərəcəsinin qüvvədə saxlanılması, "Usta" məharət dərəcəsinin bərpa edilərək pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə təqdim edilməsi, 2006- 2010-cu illər ərzində aldığı əmək haqqının məharət dərəcəsinə görə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar