Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1014/2025 22.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş Naxçıvan şəhəri, Asfaltzavodun qərb tərəfində yerləşən ümumi sahəsi 104 kv.m. torpaq sahəsi və üzərində inşa edilmiş maşın təmir sexləri binasının qanunsuz olaraq söküldüyünə görə 150000 (bir yüz əlli min) manat dəymiş zərərin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olmuş Naxçıvan şəhəri, Asfaltzavodun qərb tərəfində yerləşən ümumi sahəsi 104 kv.m. torpaq sahəsi və üzərində inşa edilmiş maşın təmir sexləri binasının qanunsuz olaraq söküldüyünə görə 150000 (bir yüz əlli min) manat dəymiş zərərin ona geri qaytarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyün yoxlanılması ilə bağlı məhkəmə iclası 22 oktyabr 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil 06 və 27 avqust 2025-ci il tarixli yardım məktubları ünvanlanaraq bildirilmişdir ki, iddia tələbinin məzmununa əsasən Naxçıvan şəhəri, Asfaltzavodun qərb tərəfində yerləşən ümumi sahəsi 104 kv.m. torpaq sahəsi və üzərində inşa edilmiş maşın təmir sexləri binasının iddiaçının mülkiyyətində olduğunu iddia edərək binaların sökülməsinə görə dəymiş zərər qarşılığında müvafiq kompensasiya ödənilməsi tələb edilsə də, nə torpaq sahəsi, nə də binalara münasibətdə mülkiyyət hüququnu təsdiq edən müvafiq sübutlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda, iş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 fevral 1997ci il tarixli, 79 nömrəli sərəncamında "Orxan" kooperativinə 50 kv.m. yerdə sex tikməsi üçün icazə verilmişdir. Bununla da hazırki iddia iddiaçının adından deyil, müvafiq olaraq "Orxan" kooperativinin adından və ya həmin kooperativin səlahiyyətli şəxsləri tərəfindən qaldırılmalıdır. Buna görə də iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüququnun mövcud olması və cavabdeh inzibati orqan tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Yuxarıda göstərilənlərə əsasən müvafiq çatışmazlıqların aradan qaldırılması, iddia tələbinin hüquqi əsasını və hazırki iddia tələbi üzrə subyektiv hüququnun mövcud olmasını sübut edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəf məhkəmənin yardım məktubunu almasına baxmayaraq, yardım məktubunda qeyd olunan məsələlərin aradan qaldırılması istiqamətində hər hansı bir tədbir görülməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Naxçıvan şəhəri, Asfaltzavodun qərb tərəfində yerləşən ümumi sahəsi 104 kv.m. torpaq sahəsi və üzərində inşa edilmiş maşın təmir sexləri binasının onun mülkiyyətində olduğunu iddia edərək həmin binaların sökülməsinə görə müvafiq kompensasiya ödənilməsini tələb edir. İddiaçı tərəfindən iş materiallarına cavabdehin imtina məktubu, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 fevral 1997-ci il tarixli, 79 nömrəli sərancamı, smeta, sxem, müvafiq sertifikatlar, şəxsiyyyət vəsiqəsinin surəti və qeydiyyat yeri barədə arayış əlavə edilmişdir. Həmin sənədlərin hər birinə ayrılıqda baxış keçirilərkən məlum olur ki, onlar iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq etmir. Belə ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 fevral 1997-ci il tarixli, 79 nömrəli sərəncamında Babək rayon “Orxan” kooperativinin 32 nömrəli xx.xx.1996-cı il tarixli məktubunu nəzərə alıb Naxçıvan Şəhər İcra Hakimiyyətinin 380 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə şəhər Asfaltzavodunun qərb tərəfində tikdiyi mövcud 9.0x6.0 kvadratmetr ölçüdə təmir sexinə bitişik əlavə 50 kv.m. yeni sex tikintisinə icazə verilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi sərəncamda müvafiq sex tikintisinə icazə verilmişdir. Sonradan iddiaçı tərəfindən həmin sexin tikintisi, onun adına qeydiyyata alınması, fəaliyyət göstərməsi və s. barədə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin sərəncamda sex tikintisi üçün müvafiq icazə “Orxan” koopeartivinə verildiyi halda iddia fiziki şəxs olaraq İddiaçı tərəfindən qaldırılmış, həmin şəxsin “Orxan” kooperativinin bu hüquqa malik olan müvafiq səlahiyyətli şəxs olmasını sübut edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüququnun mövcudluğunu mübahisəli olaraq qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində hüququnu təsdiq edən sübutlar iş materiallarına əlavə etmədiyi üçün yardım məktubunda bununla bağlı qeyd olunan məsələyə münasibət bildirilməsi tələb edildiyi halda, iddiaçı tərəfindən hər hansı münasibət bildirilmədiyi üçün iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması sübut edilməmişdir. Həmçinin iddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə prosesində iştirak etmədiklərindən məhkəmə onların iştirakları olmadan mümkünlük məsələsinin araşdırılmasını zəruri hesab etmişdir. Belə ki, iddiaçı tərəfin məhkəmə iclaslarında iştirakdan yayınması icraatın aparılmasının suni surətdə uzadılmasına səbəb ola bilməz. Belə olan halda iddiaçının mülkiyyət hüququna malik olmaması onun həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun da olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş Naxçıvan şəhəri, Asfaltzavodun qərb tərəfində yerləşən ümumi sahəsi 104 kv.m. torpaq sahəsi və üzərində inşa edilmiş maşın təmir sexləri binasının qanunsuz olaraq söküldüyünə görə 150000 (bir yüz əlli min) manat dəymiş zərərin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. İddiaçı tərəfə izah edilir ki, hazırki iddia tələbində yol verilmiş müvafiq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia qaldırmaq hüququna malikdir. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş Naxçıvan şəhəri, Asfaltzavodun qərb tərəfində yerləşən ümumi sahəsi 104 kv.m. torpaq sahəsi və üzərində inşa edilmiş maşın təmir sexləri binasının qanunsuz olaraq söküldüyünə görə 150000 (bir yüz əlli min) manat dəymiş zərərin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1014/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1014/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver