Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1029/2024 10.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "Cavabdeh tərəfindən X9 adına 17 aprel 2023-cü il tarixdə, 049 nömrə ilə qeydə alınmış ölüm akt qeydinə düzəliş edilməklə, Zelfüqarov soyadının Zülfüqarov kimi qeyd edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən X9 adına 17 aprel 2023-cü il tarixdə, 049 nömrə ilə qeydə alınmış ölüm akt qeydinə düzəliş edilməklə, Zeyüqarov soyadının Zülfüqarov kimi qeyd edilməsi barədə öhdəliyin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X16 1939-cu il tarixində Culfa rayon Milax kəndində anadan olmuş, xx.xx.1974-cü il tarixində anası Zülfüqarova (Hacıyeva) Dilarə Zeyqəm qızı ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan beş övladları dünyaya gəlmişdir. Mərhum atası X16 11 mart 2022-ci il tarixində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhum atası X1 Zeyüqarov olaraq qeyd edilmişdir. İddiaçı mərhum atası X9 adına olan əmlakı adına keçirən vaxt ona məlum olmuşdur ki, mərhum Telman Zülfüqarovun soyadı, ölüm akt qeydində Zeyüqarov olaraq qeyd edilmişdir. Bundan sonra ölüm akt qeydində düzəlişlərin aparılması üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh 03 aprel 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubunda deyilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş VVA qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarına düzəliş kifayət qədər əsaslar olmadıqda məhkəmə tərəfindən həyata keçirilir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Cavabdeh tərəfindən X9 adına 17 aprel 2023-cü il tarixdə, 049 nömrə ilə qeydə alınmış ölüm akt qeydinə düzəliş edilməklə, Zeyüqarov soyadının Zülfüqarov kimi qeyd edilməsi barədə öhdəliyin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin Cavabdeh iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 dekabr 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh məhkəməyə 29 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-13-205/2024 nömrəli məktub göndərərək 10 dekabr 2024-cü il tarixdə məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar Cavabdeh səlahiyyətli nümayəndəsinin iştirak edə bilməyəcəyini bildirib işə onların iştirakları olmadan baxılaraq qanuni nəticə verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 10 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək “Cavabdeh tərəfindən X9 adına 17 aprel 2023-cü il tarixdə, 049 nömrə ilə qeydə alınmış ölüm akt qeydinə düzəliş edilməklə, Zelfüqarov soyadının Zülfüqarov kimi qeyd edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edillməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Cavabdeh tərəfindən Culfa rayon Milax kənd sakinin İddiaçı ünvanlanmış 03 aprel 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubdan görünür ki, Cavabdeh tərəfindən aprel 2023-cü il tarixli, 49 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Həmin akt qeydində vətəndaşın soyadı “Zelfüqarov” dan digər sənədlərinə uyğun olaraq dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş VVA qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarına düzəliş kifayət qədər əsaslar olmadıqda məhkəmə tərəfindən həyata keçirilir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxx 1976-cı il tarixdə doğulmuşdur. - Culfa rayon Milax kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 47 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayon Milax kəndində yaşayır. - Culfa rayon Milax kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 48 nömrəli arayışdan görünür ki, X4 rayon Milax kəndində yaşayıb və 11 mart 2023-cü ildə vəfat edib. Mərhumun vərəsələri adları aşağıda göstərilən tərkibdən ibarətdir: 1. X5 qızı (1950-ci il); 2. X19 qızı (1970-ci il); 3. Oğlu- X18 (1972-ci il)
4. X13 oğlu (1974-cü il); 5. Oğlu-İddiaçı (1976-cı il) 6. X8 oğlu (1979-cu il) - Culfa rayon Milax Kənd soveti tərəfindən 08 iyul 1999-cu il tarixdə tərtib edilmiş XVİİ-ЖГ seriyalı, 376777 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı xx xxxxx 1976-cı il tarixdə Culfa rayon Milax kəndində doğulmuşdur. Ata adı qrafasında X16, ana adı X7 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 13 may 1976-cı il tarixdə 18 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli, 13/381 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq X6 şöbəsinin Culfa rayon Milax kənd üzrə 1939-cu ilə dair doğumun akt qeydi kitablarında mərhum X9 1939-cu ildə anadan olması haqqında hər hansı bir məlumata rast gəlinmədi. - Cavabdeh tərəfindən 17 aprel 2023-cü il tarixdə tərtib edilmiş AZ-İ seriyalı, 871468 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X17 11 mart 2023-cü il tarixdə Culfa rayon Milax kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 aprel 2023-cü il tarixdə 049 nömrə ilə qeyd edilmişdir. - Cavabdeh tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixdə verilmiş nikah haqqında akt qeydindən çıxarışdan məlum olur ki, X16 ilə X3 1974-cü ildə nikahları bağlanmışdır. Bu barədə nikahaqqında akt qeydləri kitabında xx.xx.1974-cü il tarixdə 01 nömrəli qeydiyyat aparılmışdır. Nikahdan sonra kişiyə Zülfüqarov, qadına Zülfüqarova soyadları verilmişdir. - JN-0031, KOD 10600058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il tarixli, 13 nömrəli qərarına əsasən X15 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.97 hektar torpaq sahəsi verilmişdir. - Azərbaycan SSR Nazirlər Soveti yanında Baş texniki peşə təhsili idarəsi tərəfindən verilmiş 06 iyul 1963-cü il tarixli, 2821 nömrəli şəhadətnamənin və 19 iyul 1964-cü ildə tərtib edilmiş HЗ seriyalı, ******* nömrəli hərbi biletin ilk səhifələrinin təsdiq edilmiş surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının mərhum atasının soyadı “Zülfüqarov” kimi qeyd olunmuşdur. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 avqust 2024-cü il tarixli və 11 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-13/2024 nömrəli məktublardan məlum olur ki, arxiv Cavabdehndə 1948-ci ildən saxlanıldığı üçün X9 doğum akt qeydi tapılmamışdır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 sentyabr 2024-cü il tarixli, 3-13-43/2-13080/2024 nömrəli məktubdan aydın olur ki, Culfa rayon, Milax kəndində qeydiyyatda olmuş, xx.xx.1939-cu il təvəllüdlü X17 xx.xx.2003-cü il tarixdə Culfa Rayon Polis Şöbəsi tərəfindən “AZE-00565615" nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, həmin şəxsiyyət vəsiqəsi xx.xx.2023-cü il tarixdə ölüm səbəbi ilə deaktiv olunmuşdur. T.Zelfüqarov xx.xx.2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat Şöbəsi tərəfindən “P5202853” nömrəli ümumvətəndaş pasportu ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdə ümumvətəndaş pasportunun etibarlılıq müddət bitmişdir. T.Zelfüqarova cəmi bir dəfə şəxsiyyət vəsiqəsi, bir dəfə də ümumvətəndaş pasportu verilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 sentyabr 2024-cü il tarixli, 3-13-43-3/2-408/2024 nömrəli məktubdan aydın olur ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) xx.xx.1939-cu il təvəllüdlü X12 xx.xx.2023-cü il tarixədək Culfa Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə soyadı “Zelfüqarov” göstərilməklə “AZE-00565615” nömrəli şəxsiyyət vəsiqəsi və həmin şəxsiyyət vəsiqəsinin əsasında xx.xx.2013-cü il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat Şöbəsi tərəfindən “P5202853” nömrəli ümumvətəndaş pasportu ilə təmin olunduğu müəyyən edilmişdir. Nəzərə çatdırılır ki, qeyd olunan şəxsə məxsus olmuş şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun surətləri şöbədə saxlanılmadığından həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bacı və qardaşlarının doğum haqqında şəhadətnamələrində surətlərindən aydın olur ki, həmin şəhadətnamələrdə iddiaçının bacı və qardaşlarının ata adı qrafasında “X16” qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 13.1-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. - 13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: - 13.2.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, 17 aprel 2023-cü il tarixli, 049 nömrəli ölüm haqqında akt qeydində X2 qrafasında yanlışlıqla “Zülfüqarov” əvəzinə “Zelfüqarov” yazılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən X16 barəsində aparılmış ölüm haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq X6ında iddiaçının ölüm haqqında akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən Qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı mərhum atasının ölüm haqqında akt qeydində düzəlişin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı Cavabdehnə qarşı "Cavabdeh tərəfindən X9 adına 17 aprel 2023-cü il tarixdə, 049 nömrə ilə qeydə alınmış ölüm akt qeydinə düzəliş edilməklə, Zelfüqarov soyadının Zülfüqarov kimi qeyd edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərivə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. Cavabdeh tərəfindən X9 adına 17 aprel 2023-cü il tarixdə, 049 nömrə ilə qeydə alınmış ölüm akt qeydinə düzəliş edilməklə, Zelfüqarov soyadının Zülfüqarov kimi qeyd edilməsi barədə öhdəlik Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Əliyev