Məhkəmə qərarları › İş №2-1(122)-1036/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1036/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1036/2024 10.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubllikasının Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2024-cü il tarixli raportuna əsasən Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156cı maddəsinin "j" bəndinə uyğun olaraq (öz arzusu ilə) və 164-cü maddəsinə uyğun olaraq (hərbi geyim daşımaq hüququ verilməklə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2003-cü il tarixindən Azərbaycan Ordusunda, hazırda N nömrəli hərbi hissədə polkovnik-leytenant hərbi rütbəsində, 1-ci məharət dərəcəsində X1 Hərbi İnspeksiyasının baş zabiti-inspektor vəzifəsində xidmət edir. O, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələbinə uyğun olaraq komanda üzrə N nömrəli hərbi hissənin Hərbi inspeksiyasının rəisinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə (hərbi geyim daşımaq hüququ verilməklə) əsasən Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etməyinə baxmayaraq heç bir nəticə olmamış və raportu cavablandırılmamışdır. İddiaçı raportu cavablandırılmadığı üçün xx.xx.2024-cü il tarixdə komanda üzrə yuxarı instansiyaya - N nömrəli hərbi hissə komandirinə (Müdafiə nazirinin müavini-X2 Komandanına) ərizə ilə müraciət etsə də, müraciət ərizəsinə N nömrəli hərbi hissə tərəfindən N aprel tarixli, 1324 nömrəli məktubla imtina cavabı verilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən onun xx.xx.2024-cü il tarixli raportuna əsasən Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə uyğun olaraq (öz arzusu ilə) və 164-cü maddəsinə uyğun olaraq (hərbi geyim daşımaq hüququ verilməklə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində xx.xx.2003-cü il tarixdən Azərbaycan Ordusunda xidmət etdiyini, xx.xx.2024-cü ildə N nömrəli həbi hissənin Hərbi inspeksiyasının rəisinə raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etdiyini bildirmişdir. xx.xx.2024-cü ildə eyni məzmunlu ərizə ilə Müdafiə Nazirinin müavini-X2 Komandanına müraciət etmiş, xx.xx.2024-cü ildə onun müraciəti cavablandırılaraq Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyac, onun xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alınaraq həqiqi hərbi xidmətdə qalaraq xidmətinə davam etməsi tövsiyyə olunmuşdur. Müdafiə Nazirliyi Azərbaycan ordusunda zabit heyətinə olan tələbatı nəzərə alıb ixtisaslı və təcrübəli zabitlərin gənc yaşda ehtiyata buraxılmasını məqsədəuyğun hesab edilmədiyi bildirilərək, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 iyul 2024-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X3 məhkəmənin dəftərxanasına 09 iyul 2024-cü il tarixdə ərizə göndərərək 10 iyul 2024-cü il tarixə təyin olunmuş iclasda xidməti zərurətlə əlaqədar iştirak edə bilməyəcəyini nəzərə alıb məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Polkovnik-leytenant İddiaçı tərəfindən X1 Hərbi İnspeksiyasının rəisinə ünvanlanmış 04 aprel 2024-cü il tarixli raportdan məlum olur ki, o, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə müvafiq olaraq öz arzusu ilə Ordu sıralarından ehtiyata buraxılmağı barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - X1 Hərbi inspeksiyasının baş zabiti-inspektor polkovnik-leytenant İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-X2 komandanı general-polkovnik Kərəm Mustafayevə ünvanlanmış 15 aprel 2024-cü il tarixli müraciət ərizəsindən aydın olur ki, onun xx.xx.2024-cü il tarixli raportu əsasında 20 (iyirmi) ildən artıq xidmət etdiyini nəzərə alıb, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndini (öz arzusu ilə) rəhbər tutaraq Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən İddiaçı ünvanlanmış N aprel 2024-cü il tarixli, 1324 nömrəli məktubdan məlum olur ki, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı,onun xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alıb komandanlıq onun həqiqi hərbi xidmətdə qalıb xidmət etməyini tövsiyyə etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N may 2024-cü il tarixli, 352 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Azərbaycan Ordusunda zabit qismində, xx.xx.2021-ci il tarixdən isə N nömrəli hərbi hissədə xidmət edir. - N fevral 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1985ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 iyul 2024-cü il tarixli, 2266 nömrəli məktubla İddiaçı şəxsi işində olan qeyri-məxfi sənədlərin surətləri iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 160-cü maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: ... zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasıdır. İddiaçının Azərbaycan Orusunda zabit zabit qismində təqvim hesabı ilə 20 ildən artıq xidmət etməsi işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.2024-cü il tarixdə X1 Hərbi İnspeksiyasının rəisinə raportla müraciət edərək Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə vəsatət qaldırılmasını xahiş etmişdir. İddiaçı raportu cavablandırılmadığı üçün xx.xx.2024-cü il tarixdə komanda üzrə yuxarı instansiyaya - N nömrəli hərbi hissə komandirinə (Müdafiə nazirinin müavini-X2 Komandanına) ərizə ilə müraciət etmişdir. Bundan sonra N nömrəli hərbi hissə tərəfindən N aprel tarixli, 1324 nömrəli məktubla Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyac nəzərə alınaraq, onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağının məqsədəuyğun hesab edilmədiyi iddiaçıya bildirilmişdir. Halbuki inzibati icraat qaydasında, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə yuğun olaraq hərbi qulluqçu buraxılmaya iki ay qalmış xəbərdar edilməli, xidmət keçmə barədə məlumatlar dəqiqləşdirilməli, xidmət illəri hesablanılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilməli, ən azı iki fərdi söhbət aparılımalı, hərbi qulluqçunun xahişləri aydınlaşdırılmalı və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul edilməli idi. (161- 162) Həmçinin cavabdeh tərəfindən iddiaçının bütün xidmət dövrü ərzində qüsurlu davranışı barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq xidmət etmiş zabit kimi İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma və hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etdiyi üçün xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ vardır. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqument əsassız olmuşdur. Çünki qanunvericiliyin yuxarıda qeyd olunan normalarında yuxarı komandanlığın hərbi qulluqçunu ehtiyata buraxmamaq kimi diskresion səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən etirazında irəli sürülən arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hala əsasən iddiaçının xx.xx.2024-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə də cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qəbul edilən qərar həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun 11 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respubllikasının Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2024-cü il tarixli raportuna əsasən Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə uyğun olaraq (öz arzusu ilə) və 164-cü maddəsinə uyğun olaraq (hərbi geyim daşımaq hüququ verilməklə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli raportuna əsasən Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə uyğun olaraq (öz arzusu ilə) və 164-cü maddəsinə uyğun olaraq (hərbi geyim daşımaq hüququ verilməklə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar