Məhkəmə qərarları › İş №2-1(122)-105/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-105/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-105/2021 09.07.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində düzəliş edilərək Saidə adının əvəzinə Səidə kimi və doğum tarixinin xx xxxxxx 1966-cı il tarixi kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum akt qeydində düzəliş edilərək Saidə adının əvəzinə Səidə kimi və doğum tarixinin xx xxxxxx 1966-cı il tarixi kimi qeydə alınması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X7 N.Qulu oğlu ilə anası Quliyeva Püruzə M.Qulu qızının birgə nikahdan yeddi övladı olmuşdur. O, 27 noyabr 1967-ci il tarixdə doğulduqdan sonra ona doğum haqqında şəhadətnamə alınmış, həmin şəhadətnamədə adı X5, doğum tarixi xx xxxxxx 1966-cı il göstərilmişdir. Yetkinlik yaşına çatdıqdan sonra əvvəlcə pasport, daha sonra isə şəxsiyyət vəsiqəsi almışdır. Şəxsiyyət vəsiqəsində adı Səidə, doğum tarixi isə xx xxxxxx 1966-cı il yazılmışdır. İddiaçı bildirir ki, anasının mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraçuq kəndində iki otaqlı mənzil vardır. Həmin mənzili hazırda anası ona hədiyyə etmək istəyir. Bununla əlaqədar lazımi sənədlər toplayarkən məlum olmuşdur ki, doğum şəhadətnaməsi ilə doğum akt qeydində ziddiyyətlər vardır. Bu ziddiyyətləri aradan qaldırmaq və ona doğum akt qeydində göstərildiyi kimi təkrar doğum haqqında şəhadətnamə verilməsi üçün Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi 29 aprel 2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin düzəliş edilməsi qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılması və eyni zamanda təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydində yazılanlara əsasən verildiyindən ona ad qrafasında İddiaçı, doğum tarixinin xx xxxxxx 1966-cı il yazılmaqla təkrar doğum haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı və bununla əlaqədar məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Bu səbəbdən də iddiaçı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən doğum akt qeydində düzəliş edilərək Saidə adının əvəzinə Səidə kimi və doğum tarixinin xx xxxxxx 1966-cı il tarixi kimi qeydə alınması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 18.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 21 may 2021-ci il tarixli, 02/277 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 29.04.2021-ci ildə Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə doğum haqqında təkrar şəhadətnamə alınması üçün müraciət etmişdir. Məlum olmuşdur ki, Naxçıvan rayon Qaraxanbəyli KİN tərəfindən 11.02.1967-ci il tarixdə tərtib olunmuş 17 saylı doğum haqqında akt qeydində uşağın adı X5, doğum tarixi 27.11.1967-ci il, ana haqqında məlumat Quliyeva Pürüzə M.Qulu qızı, ata haqqında məlumat Quliyev Cəfər N.Qulu oğlu yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydində düzəliş edilməsi qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır, eyni zamanda təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydində yazılanlara əsasən verildiyindən iddiaçıya ad qrafasında İddiaçı, doğum tarixini xx.xx.1966 yazmaqla təkrar doğum haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Vətəndaşa doğum akt qeydinin bərpası üçün müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 21 iyun 2021-ci il tarixli, 2-1(122)-105/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 09 iyul 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaq iş üzrə cavabdeh Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum akt qeydindən çıxarışı, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, qeydiyyatla bağlı arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin İddiaçı ünvanladığı 29 aprel 2021-ci il tarixli, 02/219 nömrəli məktubundan görünür ki, Naxçıvan rayon Qaraxanbəyli KİN tərəfindən 11.02.1967-ci il tarixdə tərtib olunmuş 17 saylı doğum haqqında akt qeydində uşağın adı X5, doğum tarixi 27.11.1967-ci il, ana haqqında məlumat Quliyeva Pürüzə M.Qulu qızı, ata haqqında məlumat Quliyev Cəfər N.Qulu oğlu yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydində düzəliş edilməsi qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır, eyni zamanda təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydində yazılanlara əsasən verildiyindən İddiaçı ad qrafasında İddiaçı, doğum tarixini xx.xx.1966 yazmaqla təkrar doğum haqqında şəhadətnamə verilməsi mümkün deyildir. İddiaçı doğum akt qeydinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - 29 aprel 2021-ci il tarixli, AZN ******* nömrəli doğum akt qeydindən çıxarışdan görünür ki, X1 rayonu, Qaraçuq kəndində 27.11.1967-ci ildə anadan olmuşdur. Bu barədə doğum kitabında 11.02.1967, səhifə 17-də qeydiyyat aparılmışdır. X7 N.Qulu oğlu, anası Quliyeva Pürüzə M.Qulu qızı, valideynlərin milliyyəti azərbaycanlı kimi qeyd edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 27 oktyabr 1966-cı il tarixdə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraçuq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, 1089 nömrəli arayışa əsasən Quliyeva X4 şəhər, Qaraçuq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - 11 fevral 1967-ci il tarixli, AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 1966-cı ildə Naxçıvan rayonu, Qaraçuq kəndində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1967-ci ilin fevral ayının 11-də 17 nömrə ilə lazımi qeyd aparılmışdır. - 06 iyul 1984-cü il tarixli, AK 011881 nömrəli orta təhsil haqqında attestatın surətindən görünür ki, 1966-cı ildə Naxçıvan rayonu, Qaraçuq kəndində anadan olmuş İddiaçı 1984-cü ildə Babək rayonunun Cavidabad kənd orta məktəbin tam kursunu kafi davranış və qiymətlərlə bitirmişdir. - 20 avqust 1985-ci il tarixli, 757102 nömrəli X8 Təhsil Komitəsi tərəfindən verilmiş diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1984-cü ildə Babək rayonu, 145 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 19 iyun 1985-ci ildə üzüm ustası peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbin tam kursunu bitirmişdir. - 05 oktyabr 1987-ci il tarixli, A 706888 nömrəli X8 Təhsil Komitəsi tərəfindən verilmiş diplomun surətindən görünür ki, İddiaçı 02 iyun 1986-cı ildə Naxçıvan 163 nömrəli OTPMnə daxil olmuş və 31 dekabr 1986-cı ildə xalça istehsalının əyirici peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbin tam kursunu bitirmişdir. - 06 oktyabr 2003-cü il tarixli, P2328254 nömrəli Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surətindən görünür ki, İddiaçı xx xxxxxx 1966-cı ildə doğulmuşdur. - 10 noyabr 2016-cı il tarixdə doldurulmuş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx xxxxxx 1966-cı ildə doğulmuşdur. - Naxçıvan şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 26 dekabr 2011-ci il tarixli, 261734 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup əlildir. - **********520 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1966-cı ildə doğulmuşdur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 164-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Həmin Müddəaların 13, 14 və 16-cı bəndlərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, doğum akt qeydində düzəliş edilərək Saidə adının əvəzinə Səidə kimi və doğum tarixinin xx xxxxxx 1966-cı il tarixi kimi qeydə alınmasından Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən imtina edilməsi əsassızdır. Belə ki, təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. İş materiallarına əlavə edilmiş doğum akt qeydindən çıxarışa əsasən X2 27 noyabr 1967-ci ildə anadan olması göstərilsə də, bu barədə doğum kitabında qeydiyyat 11 fevral 1967-ci ildə aparılmışdır. Bu da onu deməyə əsas verir ki, İddiaçı barəsində doğum akt qeydi tərtib olunarkən səhvliklərə yol verilmiş, onun adı və doğum tarixi doğum akt qeydində yanlış göstərilmişdir. İş materiallarına əlavə edilmiş digər sənədlərdən də görünür ki, İddiaçı xx xxxxxx 1966-cı ildə Naxçıvan rayonu, Qaraçuq kəndində doğulmuşdur. Onun şəxsiyyətini müəyyən edən sənədlərin hər birində adının Səidə, doğum tarixinin isə xx.xx.1966-cı il olaraq qeyd edilməsi bir daha bunu sübut edir. Buna baxmayaraq, doğum akt qeydində onun adı Saidə, doğum tarixi isə 27 noyabr 1967-ci il kimi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum akt qeydindəki bu cür uyğunsuzluq aradan qaldırılmalı və doğum akt qeydində düzəliş edilərək Saidə adının əvəzinə Səidə kimi və doğum tarixinin xx xxxxxx 1966-cı il tarixi kimi qeydə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və doğum akt qeydində düzəliş edilərək Saidə adının əvəzinə Səidə kimi və doğum tarixinin xx xxxxxx 1966-cı il tarixi kimi qeydə alınması öhdəliyi Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. İPM-in 110.1-ci maddəsinin tələbinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar prosessual xərclər iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78, 85, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Doğum akt qeydində düzəliş edilərək Saidə adının əvəzinə Səidə kimi və doğum tarixinin xx xxxxxx 1966-cı il tarixi kimi qeydə alınması öhdəliyi Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə həvalə edilir. İddia tələbi təmin olunduğundan prosessual xərclər iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar