Məhkəmə qərarları › İş №2-1(122)-106/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-106/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-106/2022 18.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” Publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasının bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 57 yaşı 21 noyabr 2020-ci il tarixdə tamam olduğundan və zərərli sahədə işlədiyindən bunun üçün tələb olunan stajı yarandığından 27 noyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası ilə təmin olunmuşdur. Lakin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən onun pensiya sənədləri yenidən araşdırılmış və xx.xx.2022-ci il tarixdən ona ödənilən pensiya dayandırılmışdır. Səbəb olaraq onun əmək fəaliyyətinə başladığı iyul 1980-ci ildən dekabr 2006-cı ilədək olan müddət üzrə ümumi əmək stajının 24 il təşkil etdiyi göstərilmişdir. İddiaçı hesab edir ki, bu hesablanma düzgün aparılmamışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən kişilər 55 yaşına çatdıqda və ən azı 25 il iş stajı olduqda bu müddətin azı 12 (on iki) il 6 (altı) ayını zərərli işlərdə çalışdıqda güzəştli şərtlərlə pensiya təyin edilir. İddiaçının əmək kitabçasında və arxiv arayışlarında həm iş stajı, həm də zərərli sahədə işləməyi öz təsdiqini tapmışdır. Ona görə də onun pensiyasının dayandırılması qanunsuzdur və bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 21 aprel 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” Publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı əmək pensiyasının bərpa edilməsi barədə iddia qaldırdığını, X15 rayon şöbəsi tərəfindən 01 noyabr 2021-ci il tarixli, 11 nömrəli qərarın ona təqdim edildiyini, onun pensiyasının həmin qərar əsasında kəsildiyini, iddia tələbinin dəqiqləşdirərək hazırki tələbini “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” Publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını xahiş etmiş və bu barədə yazdığı 21 aprel 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2- 1(122)-106/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən təqdim edilmiş 21 aprel 2022-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilərək, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” Publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı iddia tələbi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” Publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi”kimi icraata qəbul edilmişdir. Bundan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 21 aprel 2022-ci il tarixli, 2-1(122)-106/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 12 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi iddiaya qarşı 11 may 2022-ci il tarixli, 03/427 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1963-cü il tarixdə anadan olmuş, Babək rayonu, Naxışnərgiz kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 27 noyabr 2020-ci il tarixli, 156 nömrəli qərarına əsasən 57 yaşı tamam olduğu 21 noyabr 2020-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci tarixdən qüvvədə olan və “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəası nəzərə alınmaqla, Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 13cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 55 yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq, 01 avqust 2000-ci il tarixədək hər il altı ay artırılaraq 57 yaş müəyyən olunmuşdur. 57 yaşına çatmış kişilərə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb edilən tam əmək stajının (istər ümumi, istərsə də xüsusi) əvvəlki qanunvericiliyin qüvvədə olduğu müddətdə, yəni 2006-cı il yanvarın 1-dək qazanılması tələb olunur. Əks halda ona Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinə yol verilmir. Eyni zamanda, 2017-ci il iyulun 1-dən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinə əməl edilməsini də nəzərə almaq lazımdır. Beləliklə, 2006-cı il yanvarın 1-dək ümumi və xüsusi əmək stajını toplamış şəxs pensiya yaşına 2017- ci il iyulun 1-dən sonra çatdıqda həm də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmamalıdır. İddiaçının 57 yaşının tamam olduğu 21 noyabr 2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. İddiaçının pensiya yaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra tamam olduğu üçün, ona 2017-ci il iyulun 1-dən sonra həm də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı onun pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçı təqdim etdiyi, HT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən, onun ümumi əmək stajı 25 il 6 ay 26 gün təşkil etmişdir. X14 Respublikası Dövlət Arxivinin verdiyi 18 noyabr 2020ci il tarixli, 13/801 nömrəli arayışda onun X18 Kombinatında işlədiyi 1994-cü il tarixə aid olan əmək haqqı cədvəlində-3 ay, 1995-ci il tarixə aid olan əmək haqqı cədvəlində-9 ay, Dəmir Yolu NQÇ-5 Hissəsində işlədiyi 1996-cı tarixə aid olan əmək haqqı cədvəlində-7 ay əməkhaqqı almadığı göstərilmişdir. Nəticədə, iddiaçının 25 il 6 ay iş stajı azalaraq 24 il müəyyən olunmuşdur. Məhz mübahisələndirilən həmin aylar daxil edilmədiyi üçün, iddiaçı tələb olunan 25 il ümumi iş stajını tamamlamadığı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün, ona pensiya təyinatı aparılması mümkün deyildir. Beləliklə, İddiaçı xx.xx.2006-cı il tarixədək olan 24 il sığorta stajına əsasən 17791,38 manat, 01 yanvar 2006-cı il tarixdən 21 noyabr 2020-ci il tarixədək isə 249,39 manat pensiya kapitalı olmaqla cəmi 18040,77 manat pensiya kapitalı vardır. Hesablama aşağıdakı qaydada aparılmışdır: 65 yaş (2020-ci ilin noyabr ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi)- 57 yaş (güzəştli şərtlərlə pensiya yaşı) = 96 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) = 240 ay (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı = 18040,77 : 240 = 75,17 < 200,0 manat (2020-ci il minumum pensiyanın məbləği). Beləliklə, İddiaçı 01 yanvar 2006-cı il tarixədək 24 il iş stajına əsasən formalaşan pensiya kapitalı ilə 01 yanvar 2006-cı il tarixdən 21 noyabr 2020-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə imkan verən kapitaldan az olduğu üçün onun pensiyası Fondun Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 11 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021 -ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. 23 iyun 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə verən X1 Mərdan Cəmil oğlunun “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə müraciəti əsasında ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyini, təqdim edilmiş sənədlərə baxıldığını və sənədlərin araşdırılaraq pensiya təyin edildiyini, İddiaçı təyin edilmiş pensiyanın Fond tərəfindən ləğv edildiyini, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən Bakı şəhərində yerləşən baş idarəyə sorğu verildiyini, sorğuya verilmiş cavabda 2017-ci il tarixdən sonra pensiya təyin edilmiş şəxslərə kapitalın tətbiq edilməsi göstərildiyindən İddiaçı və digər şəxslərə təyin edilmiş pensiyanın ləğv edildiyini, İddiaçı təyin edilmiş pensiyanı ləğv edilməməli olduğunu, həmçinin qanunvericilikdə pensiyanın ləğv edilməsi barədə müddəanın nəzərdə tutulmadığını, pensiyanın yalnız dayandırıla bildiyini, ona baş idarədən tapşırıq verildiyinə görə İddiaçı pensiyasını ləğv etdiyini, onun pensiyasının qanunvericilikdə göstərilən tələblərə uyğun olaraq təyin edildiyini, ümumi və xüsusi iş stajında problem olmadığını, pensiya kapitalının ona şamil edilmədiyini, pensiya təyin edilərkən əsas sənəd kimi əmək kitabçasına istinad edildiyini, əmək kitabçasına əsasən İddiaçı pensiya təyin edildiyini, onun əmək kitabçasında şübhəli hal olmadığını, əmək kitabçasında onun su idarəsində işlədiyi dövrlə bağlı anlaşılmazlıqlar olduğunu, sonradan həmin təşkilatda sənədlərə yerində baxış keçirilməklə həmin anlaşılmazlıqların aradan qaldırıldığını, İddiaçı təyin edilmiş pensiyanın “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 11 nömrəli qərarı ilə ləğv edildiyini, lakin pensiya ləğv edildikdən sonra ona 3 ay pensiya ödənildiyini, pensiyanın bu ilin fevral ayından ödənilmədiyini bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 09 avqust 2022ci il tarixli, 2-1(122)-106/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 18 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, uzun illər əmək fəaliyyəti ilə məşğul olduğunu, zərərli işlərdə işlədiyini, 57 yaşının tamam olduğu 2020-ci ilin noyabr ayından ona pensiya təyin olunduğunu, sonradan araşdırılaraq arxiv arayışında bəzi ayların əmək haqqısınınn olmadığını, həmin dövlərin stajından çıxıldığını, bununla da ümumi stajı ilə bağlı mübahisə yarandığını, müəyyən dövlərin arxiv arayışı ilə təsdiqlənməməsinin onun günahı olmadığını, əmək kitabçasına və arxiv arayışlarına əsasən fasiləsiz işlədiyini, həmçinin cavabdeh inzibati orqanın istinad etdiyi pensiya kapitalı məsələsinin ona şamil edilmədiyini, onun pensiya hüququnu 2006-cı ilin 1 yanvar tarixinədək qazandığını, ümumi və xüsusi stajının tamamlandığını, sonradan 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş qanunvericilik normasının ona tətbiq edilməməli olduğunu, bu halın hüquqlarını və qanunla qorunan maraqlarını pozduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X4 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, Fondun Babək rayon şöbəsi tərəfindən müvafiq yoxlama aparıldığını, həmin yoxlama nəticəsində iddiaçının 57 yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamamlandığından ona həmin vaxtdan qüvvəyə minmiş “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının tətbiq edildiyini, hesablanma zamanı iddiaçının pensiya kapitalının əmək pensiyasının minimum məbləğinə çatmadığının müəyyən edildiyini, buna görə də Fondun Babək rayon şöbəsi tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilərək iddiaçının pensiyasının ləğv edildiyini, həmçinin arxiv arayışlarına əsasən iddiaçının X18 Kombinatında işlədiyi illərdə bəzi aylar üzrə əməkhaqqı almadığının aşkarlandığını, həmin ayların sosial sığorta stajından çıxıldığını, iddiaçının X18 Kombinatında işlədiyi illər onun xüsusi iş stajını formalaşdırdığından həm ümumi, həm də xüsusi iş stajının tələb olunan minimumdan aşağı həddə olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına fondun məktubunu, əmək kitabçasının və şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətlərini, qeydiyyat yeri barədə arayışı, arxiv arayışlarını əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanan 31 mart 2022-ci il tarixli, 03/258 nömrəli məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 27 noyabr 2020-ci il tarixdə 57 yaşının tamam olduğu 21 noyabr 2020-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə 200 manat əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun təyin edilir. Qeyd olunanları nəzərə alaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Naxçıvan Ev-Tikmə Kombinatında işləməsi faktı xx.xx.2020-ci il tarixli ,13/801 nömrəli arxiv arayışında tam olaraq öz əksini tapmadığından, ümumi əmək stajı 25 il 6 ay 26 gündən, 24 ilə enmişdir. Nəticə etibarı ilə ümumi əmək stajı tələb olunan 25 il əmək stajından az olduğundan və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. Güzəştli şərtlə yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində qeyd olunan pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2006-cı il tarixədək olan 24 il sığorta stajına əsasən formalaşan pensiya kapitalı 17791,38 manat, xx.xx.2006cı il tarixdən xx.xx.2020-ci il tarixədək isə 249,39 manat pensiya kapitalı olmaqla cəmi 18040,77 manat pensiya kapitalı vardır. Hesablamanı aşağıdakı qaydada aparılmışdır: 65 yaş (2020-ci ilin noyabr ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi)- 57 (güzəştli şərtlərlə pensiya yaşı)=96 (yaşlar arasındakı ay fərqi)+144 (gözlənilən pensiya ödənişi aylarının sayı)=240 (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı=18040,77:240=75,17<200 (2020-ci il minimum pensiyanın məbləği). Beləliklə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. - ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981- xx.xx.1982-ci illərdə145 nömrəli X17 Peşə Məktəbində elektrik qaynaqçısı ixtisası üzrə peşə təhsili almış, xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1984-xx.xx.1996-cı illərdə X18 Kombinatında elektrik qaynaqçısı vəzifəsində işləmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən İddiaçı verilmiş 18 noyabr 2020-ci il tarixli, 13/801 nömrəli arayışlardan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X18 Kombinatının sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1984-cü il tarixli, 76/k №-li əmrlə İİ dərəcəli qaynaqçı qəbul edilməsi əmr kitablarında göstərilmişdir. 1995-1996-cı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad edilməsi haqda məlumat yoxdur. Dəmir Yolu NQÇ-5 Hissəsinə xx.xx.1996-cı il tarixli, 81 №-li əmrlə İV dərəcəli qaynaqçı qəbul edilməsi, xx.xx.1998-ci il tarixli, 165 №-li əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan 145 №-li X17 Peşə Məktəbinin sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1981-ci il tarixli, 8 k №-li əmrlə "elektro - qaynaqçı" ixtisası üzrə qrup 56-ya qəbul edilməsi, xx.xx.1982-ci il tarixli, 47 №-li əmrlə həmin məktəbi bitirməsi əmr kitablarında göstərilmişdir. İddiaçı Dəmir Yolu - VOXR Hərbiləşdirilmiş Mühafizə Hissəsində işləmiş və 1980-1981-ci illər ərzində aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. İddiaçı Dəmir Yolu NQÇ-5 Hissəsində işləmiş və 1996-1998-ci illər ərzində aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. Zamanov X8 Ev Tikmə Kombinatında işləmiş və 1984-1995-ci illər ərzində aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. İddiaçı X10 İdarəsində işləmiş və 1998-2006-cı illər ərzində aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - Babək Rayon İcra Hakimiyyətinin Naxışnərgiz Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 2/111 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonu, Naxışnərgiz kəndində qeydiyyatdadır və orada yaşayır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1963-cü ildə Naxçıvan rayonu, Qahab kəndində doğulmuş İddiaçı Babək rayonu, Naxışnərgiz kəndində yaşayır. İş materiallarına əlavə edilmiş: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 01 noyabr 2021-ci il tarixli, 11 nömrəli qərarının əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, 01 noyabr 2021-ci il tarixdə 11 nömrəli qərara əsasən xx xxxxxx 1963-cü il tarixdə Babək rayonu, Qahab kəndində anadan olmuş, faktiki olaraq orada yaşayan X7 20 noyabr 2020ci il tarixdə 156 nömrəli qərara əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası vətəndaşın 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işinin ləğv edilməsi qərara alınmışdır. Ümumilikdə vətəbdaşa 01 noyabr 2021-ci il tarixədək 3180,26 manat artıq pul vəsaiti ödənilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən məhkəmə ünvanlanmış 22 iyun 2022-ci il tarixli, 03/528 nömrəli məktubdan görünür ki, xx xxxxxx 1963-cü il tarixdə anadan olmuş, Babək rayonu, Naxışnərgiz kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 27 noyabr 2020-ci il tarixli, 156 nömrəli qərarına əsasən 21 noyabr 2020-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən, onun ümumi iş stajı 25 il 6 ay 26 gün təşkil etmişdir. İddiaçı arxiv arayışlarındakı qeydlərə əsasən, onun 2006-cı il yanvar ayının 1-dək 23 il 9 ay 29 gün ümumi, 10 il 5 ay 9 gün xüsusi iş stajı vardır. İddiaçı xüsusi stajını təsdiq edən kod aşağıda göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun tarixli, 320 saylı Qərarının 2 №-li Siyahısının "XXXİİİ Ümumi peşələr" bölməsi 23200000-19906 kodu altında (Əl ilə qaynaq aparan qaynaqçılar). Məktubun qeyd hissəsində 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. İddiaçı tərəfindən pensiya təyin edilərkən güzəştli iş arayışı təqdim edilməmişdir. - X3 Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 26 iyul 2022-ci il tarixli, 02/111 nömrəli məktubdan görünür ki, İddiaçı işləməsi haqqında arxiv arayışı və əmək haqqı cədvəllərinin surətləri məhkəməyə göndərilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən məhkəməyə 03 iyun 2022-ci il tarixli, 03/476 nömrəli iddiaya qarşı yazılı münasibət ilə eyni məzmunlu məktub göndərilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. - İddiaçı təyin edilmiş 100871 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 27 noyabr 2020-ci il tarixli, 156 nömrəli qərarının surətindən görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq 2 nömrəli Siyahıya görə 21 noyabr 2020-ci il tarixdən aylıq 200 manat məbləğində ömürlük pensiya təyin edilmişdir. - Babək rayonu, Naxışnərgiz kəndində yaşayan İddiaçı tərəfindən Fondun Babək rayon şöbəsinə ünvanlanmış 19 noyabr 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsi tərəfindən verilmiş 19 noyabr 2020-ci il tarixli, 649 nömrəli arayışından görünür ki, istefada olan baş çavuş 1963-cü il təvəllüdlü İddiaçı 08 may 1982ci il tarixdən 24 iyun 1984-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsində hərbi qeydiyyatda durur. - 05 may 1982-ci il tarixli, 1619 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 145 nömrəli Babək rayon texniki peşə məktəbini fərqlənmə ilə bitirmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının ləğv edilməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən müəyyən aylar üzrə əməkhaqqı almasının arxiv arayışları ilə təsdiq edilmədiyinin onun günahı olmadığını və kapital məsələsinin ona şamil olunmadığını bildirərək, pensiyasının bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, aparılan müvafiq yoxlamalardan sonra iddiaçının ümumi iş stajı tamamlanmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə imkan vermədiyindən pensiyasının ləğv edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - 67-ci maddəsinin 3-cü abzasına əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxx 1963-cü ildə anadan olmuş, 1981-ci ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının 57 yaşı tamam olduğundan ona “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 27 noyabr 2020-ci il tarixli, 156 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajının olması müəyyən edilmiş və ona əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən pensiya təyin edilmişdir. X15 rayon şöbəsi tərəfindən müvafiq araşdırma aparılmış, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 25 il ümumi iş stajının olmaması və pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi müəyyən olunmuşdur. Bundan sonra mübahisələndirilən qərar qəbul edilmişdir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi və hüquqi marağı ona xx.xx.2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi əsasında 57 yaşının tamamlandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə səbəb olan 01 noyabr 2021-ci il tarixli, 11 nömrəli qərarın ləğv edilməsidir. Bu baxımdan hazırkı mübahisə xx.xx.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad olunan normaya görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsun. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq, araşdırılması zəruridir. Belə ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı ilə bağlı məsələ mübahisələndirildiyindən yuxarıda sadalanan 1-ci elementin mövcudluğunun araşdırılması zəruridir. Belə ki, iddiaçının əmək kitabçası və arxiv arayışlarındakı qeydlərə əsasən o, 2006-cı il yanvar ayının 1-dək 25 il 6 ay 26 gün sığorta stajına malikdir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilsə də, bəzi illər üzrə müvafiq aylarda əməkhaqqı almasının arxiv arayışları ilə təsdiqlənmədiyinə istinad edərək həmin ayların ümumi iş stajından çıxılması qənaətindədir. Bu hal isə iddiaçının ümumi iş stajının azadılmasına və qanunvericiliklə tələb edilən minimum 25 il tələbinin ödənilməməsinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, iddiaçının X18 Kombinatında işlədiyi 1994-cü il tarixə aid olan əmək haqqı cədvəlində-3 ay, 1995-ci il tarixə aid olan əmək haqqı cədvəlində-9 ay, Dəmir Yolu NQÇ-5 Hissəsində işlədiyi 1996-cı tarixə aid olan əmək haqqı cədvəlində-7 ay əməkhaqqı alması barədə arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu müddətdə əldə edildiyinə görə, cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Çünki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının X18 Kombinatında işlədiyi 1994-cü il tarixə aid olan əmək haqqı cədvəlində-3 ay, 1995-ci il tarixə aid olan əmək haqqı cədvəlində-9 ay, Dəmir Yolu NQÇ-5 Hissəsində işlədiyi 1996-cı il tarixə aid olan əmək haqqı cədvəlində-7 ay əməkhaqqı almadığı dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçası və arxiv arayışlarındakı qeydlərə əsasən 2006-cı il yanvar ayının 1-dək 25 il 6 ay 26 gün sığorta stajına malikdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq məhkəmə yuxarıda sadalanan 2-ci elementə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında XXXİİİ “Ümumi peşələr” adı altında 23200000-19906 koda əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Həmçinin bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Bununla da iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il 6 ay 26 gün ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı olduğu müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən digər bir məsələ iddiaçının minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmaması ilə bağlıdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Pensiya kapitalı məsələsi ilə bağlı məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə hesab edir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı barədə mövcud qanunvericiliyin tələbi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu baxımdan cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələbi əsassızdır və iddiaçıya qarşı həmin tələbi irəli sürməklə onun pensiyasının ləğv edilməsi barədə qərar qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-313/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iddiaçıya münasibətdə əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən pensiya təyin edilməli olduğundan, əvvəllər qüvvədə olmuş qanunvericilikdə də pensiya kapitalı məsələsi nəzərdə tutulmadığından, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən ikinci məsələnin də əsassızlığı qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın 01 noyabr 2021-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən də aydın olur ki, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında yazılı şəkildə əsaslandırılmalı olduğu halda, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Qanunvericiliyə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə əsaslandırma aparılmalıdır. Lakin inzibati orqan tərəfindən mübahisələndirilən qərarda hər hansı bir sübutla əsaslandırma aparılmadığı kimi, inzibati icraat da aparılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 11 nömrəli qərarı ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 11 nömrəli qərarı ləğv edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar