Məhkəmə qərarları › İş №2-1(122)-1064/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1064/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1064/2024 14.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X3 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə qarşı "1983cü il tarixdə aldığı 600 m2 torpaq sahəsinin özünə qaytarılması və bu haqda şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1983-cü il tarixdə aldığı 600 m2 torpaq sahəsinin özünə qaytarılması və bu haqda şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 14 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 08 may 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq iddia tələbinin aydın ifadə olunmadığı bildirilmiş və iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda, məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi aydın ifadə edilməmişdir. Başqa sözlə, iddia lazımi qaydada qaldırılmamışdır. Belə olan halda da məhkəmə tərəfindən iddiaçının cavabdehə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İddia tələbinin məzmunundan belə müəyyən edilir ki, iddiaçının əsas hüquqi marağı 1983-cü il tarixdə aldığı 600 m2 torpaq sahəsinin özünə qaytarılması və ona bu haqda şəhadətnamə verilməsindən ibarətdir. İddiaçı mübahisəli torpaq sahəsinin Culfa Rayon Aqrar İslahat Komissiyasının 13 avqust 1996-cı il tarixli 10 nömrəli qərarına əsasən JN-102A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X1 mülkiyyətinə verilmiş 3035,38 m2 torpaq sahəsinin sərhədləri daxilində olmasına istinad edir. Bununla bağlı məhkəmə iddiaçının diqqətinə çatdırır ki, nə qədər ki, torpaq sahəsinin verilməsinə əsas olmuş Culfa Rayon Aqrar İslahat Komissiyasının 13 avqust 1996-cı il tarixli, 10 nömrəli qərarı qüvvədədir, həmin qərar əsasında verilmiş şəhadətnamə mötəbər hesab olunur. Qərarının qüvvədə olduğu halda qanunun tələbinə müvafiq olaraq, iddiaçı tərəfindən ilk öncə həmin qərar mübahisələndirilməlidir. Lakin həmin qərarın mübahisələndirildiyi təqdirdə belə, həmin inzibati aktın ləğvi üçün qanunla nəzərdə tutulmuş müddət məhdudiyyətinə dair qaydaların pozulması ilə nəticələnəcəkdir. Belə ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək edilmiş inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Digər yandan məhkəmə icraatı gedişində müəyyən olundu ki, Culfa rayonunun Dizə kəndində torpaq islahatı aparılan zaman yerli Aqrar İslahat Komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adına 0,06 ha hüquqi torpaq sahəsi qeyd olunduğu halda, JN-103A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 854,96 m2, yəni nəzərdə tutulandan artıq həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmçinin İddiaçı verilmiş JN-103A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə X2 verilmiş JN-102A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan torpaq sahələri üst-üstə düşmür. Eləcə də, Culfa rayonunun Dizə kəndi Qaib təsərrüfatları mülkiyyətçilərinin adlı siyahısında da İddiaçı adı yoxdur. İddiaçı tərəfindən də 600 m2 mübahisəli torpaq sahəsinin X1 mülkiyyətinə verilmiş 3035,38 m2 torpaq sahəsinin sərhədləri daxilində olması ilə bağlı hər hansı mümkün və mötəbər sübut məhkəməyə təqdim edilməmiş, belə bir sübutun mövcudluğu məhkəmə araşdırmasında da müəyyən olunmamışdır. Göründüyü kimi, iddiaçının hazırkı iddia ilə cavabdehə qarşı hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması da müəyyən olunmur. Həmçinin iddiaçının, "1983-cü il tarixdə aldığı 600 m2 torpaq sahəsinin özünə qaytarılması” barədə tələbi üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin qanunla müəyyən edilən belə bir səlahiyyəti mövcud olmadığından, o, bu tələb üzrə cavabdeh ola bilməz. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Beləliklə də, sadalanan normaların tələblərinə və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərti ödənilməmişdir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə qarşı "1983-cü il tarixdə aldığı 600 m2 torpaq sahəsinin özünə qaytarılması və bu haqda şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar