Məhkəmə qərarları › İş №2-1(122)-107/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-107/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-107/2022 27.05.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X3 (eyni zamanda üçüncü şəxslər X7 və X8 qanuni nümayəndəsi) iştirakları ilə, iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızının cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı "X3, övladları X7 və X8 Doğan (Rzayeva) Maral Məhərrəm qızının mülkiyyətində olan ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızı nümayəndəsi və vəkili vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, övladları X7 və X8 Doğan (Rzayeva) Maral Məhərrəm qızının mülkiyyətində olan ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ilk öncə eyni tələblə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək X3, övladları X7 və X8 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Cavabdeh inzibati orqanın Doğan (Rzayeva) Maral Məhərrəm qızının vəkili və nümayəndəsi Vəkil ünvanladığı 14 mart 2022-ci il tarixli, 7/968-Ə 207 nömrəli məktubdan görünür ki, X3 və övladları X7 və X8 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. Bundan sonra iddiaçı nümayəndəsi və vəkili vasitəsilə 06 aprel 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, övladları X7 və X8 Doğan (Rzayeva) Maral Məhərrəm qızının mülkiyyətində olan ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 15.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 13 aprel 2022-ci il tarixli, 7/1382 nömrəli məktubla məhkəməyə ünvanladığı yazılı münasibətini onunla əsaslandırmışdır ki, X3 və övladları X7 və X8 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından Doğan (Rzayeva) Maral Məhərrəm qızının vəkili və nümayəndəsi Vəkil ərizəsi icra edilə bilməz. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2- 1(122)-107/2022 nömrəli qərardadı ilə X9, X14 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 11 may 2022-ci il tarixli, 2-1(122)-107/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 27 may 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, iş üzrə iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızı və cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, lakin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə 19 may 2022-ci il tarixli, 7/1841 nömrəli məktub göndərərək 27.05.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakları olmadan işə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, Naxçıvan şəhəri, Ə. Naxçıvani məhəlləsində yerləşən 4 nömrəli evin, 17/1-2-3-4-5 nömrəli mənzilini alqı-satqı müqaviləsinə əsasən 29 yanvar 2013-cü il tarixdə iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızının adına tam mülkiyyət hüququ üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındığını, iddiaçının oğlu X13 2004-cü ildə X9 ilə evləndiyini, birgə nikahdan övladları X7 və X8 doğulduğunu, iddiaçının öncə Şirinnazı, daha sonra isə nəvələrini mülkiyyətində olan mənzilin pasport qeydiyyatına saldırdığını, iddiaçının oğlu ilə gəlininin yola gedə bilmədiklərini, Şirinnazın iddiasına əsasən Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, Şirinnazın övladları ilə birlikdə atasının evində yaşadığını, lakin haliyədə iddiaçının mülkiyyətində olan mənzilin pasport qeydiyyatında durduqlarını, bu halın iddiaçının öz mənzili üzərində sərəncam vermək hüquqlarına maneə törətdiyini, bu səbəbdən də X3, övladları X7 və X8 iddiaçıya məxsus yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinə müraciət edildiyini, iddia tələbinin məhkəmənin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə rədd edildiyini, qətnamənin əsaslandırıcı hissəsində cavabdeh və övladlarının yaşayış sahəsindən istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və onların iddaçıya məxsus evdə yaşamalarına əsas verən iddiaçı ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşamaq hüququ yaradan) münasibətləri olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququnun yaratmamasını, onların həmin mənzil üzərində istifadə hüquqlarının olmadığından mövcud olmayan hüququn itirilmiş hesab olunmasından söhbət gedə bilmədiyinin müəyyənləşdirildiyini, qeyd olunan şəxslərin iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmaları barədə Naxçıvan Şəhər Polis İdarəsinə müraciətə edildiyini, 14 mart 2022-ci il tarixli məktubda Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından aiddiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edilməsinin göstərildiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 (eyni zamanda üçüncü şəxslər X7 və X8 qanuni nümayəndəsi) iddia tələbinə etiraz edərək iddiaçının oğlu ilə ailəli olduqları müddətdə 7-8 il həmin mənzildə yaşadıqlarını, 2020-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən nikahlarının pozulduğunu, qətnaməyə əsasən iki uşağa görə hər birinə 100 manat olmaqla alimentin müəyyən edildiyini, artıq 2-3 ildir ki, həmin mənzildə yaşamadıqlarını, hal-hazırda övladları ilə birlikdə kirayədə yaşadığını, övladlarının və özünün həmin evdə paylarının olduğunu, qeydiyyatdan çıxacaqları təqdirdə qeydiyyata düşmək üçün yerlərinin olmadığını, 3 illik kirayə haqqı verilərsə, həmin mənzilin qeydiyyatından çıxarılması ilə razılaşacağını bildirərək, məhkəmədən ünvan 1 ünvanının qeydiyyatından çıxarılmalarına etiraz etdiyini bildirdi. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, mənzilin Çıxarışının və texniki pasportunun, nikahın pozulması haqqında şəhadətnamələrin, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətlərini, qeydiyyatla bağlı arayışları, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və üçüncü şəxsin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, Ə.Naxçıvani məhəlləsində istifadədə olan 0.096 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli, binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 100.70 kv.m. ümumi, 72.40 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı, 17/1-2-3- 4-5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli, reyestr kitabının 281 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi-**********05-05101- 093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29.01.2013). - 24 iyul 2006-cı ildə tərtib olunmuş 12759 inventar nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanının ev sahibi kimi X10 göstərilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 13 mart 1969-cu il tarixdə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli, 45 və 46 nömrəli arayışlardan görünür ki, Doğan (Rzayeva) Maral Məhərrəm qızı və X1 şəhəri, Əcəmi Naxçıvani məhəlləsi, ev 4, mənzil 17/1-2-3-4-5 ünvanında qeydiyyatındadırlar. - 06 avqust 2021-ci il tarixli, AZ-İ 400472 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 ilə X3 nikahı Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(078)-79/2020 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə kitahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin 08ci ayının 06-cı günündə 102 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(078)-996/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Doğan (Rzayeva) Maral Məhərrəm qızının X5 qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia rədd edilməsi qət edilmişdir. Qətnamənin əsaslandırma hissəsində göstərilmişdir ki, cavabdehin və övladlarının yaşayış sahəsindən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onların iddiaçıya məxsus evdə yaşamalarına əsas verən iddiaçı ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşama hüququ yaradan) münasibətləri olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin və övladlarının iddiaçıya məxsus olan evdən istifadə hüquqları yoxdur. Onların həmin mənzil üzərində istifadə hüquqları olmadığından mövcud olmayan hüququn itirilməsi (və ya hüququna xitam verilməsi) barədə iddia təmin oluna bilməz. - İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli, 995 və 996 nömrəli arayışlardan görünür ki, X14 və X2 şəhəri, Əcəmi Naxçıvani məhəlləsi, ev 4, mənzil 17/1- 2-3-4-5 ünvanında qeydiyyatındadırlar. - İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 28 aprel 2022-ci il tarixli, 7/1600 nömrəli məktunundan görünür ki, vətəndaş X3 05.04.2013-cü ildə Naxçıvan Şəhər Polis İdarəsinə təqdim etdiyi sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq təlimatına uyğun olaraq saxlama müddəti bitdiyindən aktla məhv edilmişdir. Həmin məktubla məhkəməyə ünvanlanan “fərdi uçot kartoçkası”nın surətindən görünür ki, 29 sentyabr 1984-cü ildə Ordubad rayonu, Başdizə kəndində doğulmuş X1 şəhəri, Əcəmi Naxçıvani məhəlləsi, ev 4, mənzil 17 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən fərdi mənzilin xüsusi mülkiyyət hüququ əsasında iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızına məxsusluğu, üçüncü şəxslərin hazırda həmin yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq onların orada yaşamamaları müəyyən edilmişdir. Üçüncü şəxsin izahatından da aydın olur ki, üçüncü şəxslər X9, X7 və X15 hazırda həmin mənzildə yaşamır. Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə də üçüncü şəxslərin həmin mənzil üzərində hüququnun olmaması müəyyən olunmuş və həmin qərar qanuni qüvvəsini almışdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı hüquqa malik olmadıqları və yaşamadıqları halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçı Doğan (Rzayeva) Maral Məhərrəm qızının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınması nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Fiziki şəxslərin mülkiyyət hüquqlarının müdafiəsi qüvvədə olan qanunvericilikdə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus mənzildən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Buna görə də X11 ünvan 6 ünvanından qeydiyyatdan çıxarılmasından cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və Doğan (Rzayeva) Maral Məhərrəm qızının mülkiyyətində olan ünvan 1 ünvanının qeydiyyatından X3, övladları X7 və X8 çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 34, 68, 69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Doğan (Rzayeva) Maral Məhərrəm qızının mülkiyyətində olan ünvan 1 ünvanının qeydiyyatından X3, övladları X7 və X8 çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar