Məhkəmə qərarları › İş №2-1(122)-1075/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1075/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1075/2025 17.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı "teleqrama cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək teleqrama cavab verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 17 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 17 sentyabr 2025-ci il tarixli ərizə göndərərək Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı müraciətə cavab verilməsi tələbinə dair iddia qaldırdığını, inzibati işə 17 sentyabr 2025-ci il tarixdə baxılacağını, keçən dövr ərzində cavabdehin müraciətə yazılı cavab verdiyini bildirib, buna görə də işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsinə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin ona ünvanladığı xx.xx.2025-ci il tarixli, 2/telegram-114 nömrəli cavab məktubunu əlavə etmişdir. Məhkəmə mübahisənin konkret hallarına qiymət verərək hesab edir ki, İddiaçı teleqramı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən cavablandırıldığına, yəni iddiaçının tələbi təmin olunduğuna və mahiyyəti üzrə mübahisəli məsələ həll edildiyinə görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunması və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmaması əsası ilə hazırkı iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3, 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı "teleqrama cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar