Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1079/2024 12.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X5 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2023-cü il tarixli raportuna əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci ildə Naxçıvan MR, Culfa rayon Bənəniyar kəndində anadan olmuş, 2006-ci ildə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olmuşdur. xx.xx.2010-cu il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2012-ci ildən zabit kimi Silahlı Qüvvələrdə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissənin Poliklinka Qəbul bölməsinin cərrahi kabinetin rəisi, xx.xx.2019-cu il tarixdən bu günə qədər N nömrəli hərbi hissədə təcili yardım və tibbi təxliyyə bölməsinin baş ordinatoru vəzifəsində xidmət edir. O, ilk dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportuna əsasən sənədləri müvafiq qaydada hazırlanmış və yuxarı komandanlığa göndərilsə də, heç bir tədbir görülməmişdir. O, təkrar xx.xx.2023-cü il tarixdə hərbi hissə komandirinə ehtiyata buraxılmağı barədə raportla müraciət etmiş, lakin yenə də heç bir tədbir görülməmişdir. xx.xx.2024-cü il tarixdə komanda üzrə yuxarı instansiyaya Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - X3 Komandanına şikayət ərizəsi ilə müraciət etmişdir, lakin X3 X2 üzrə müavini vəzifəsini icra edən Rəhim Cəfərov tərəfindən ona cavab yazılaraq həqiqi hərbi xidmətdə qalıb xidmət etməyi tövsiyə edilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən onun xx.xx.2023-cü il tarixli raportuna əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 24 iyun 2024-cü il tarixli məktubla məhkəməyə ünvanlanan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, aşağıdakı səbəblərə görə İddiaçı iddiası əsassız hesab edilir: İddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdən N nömrəli hərbi hissədə Təcili yardım və tibbi təxliyyə bölməsinin baş ordinatoru vəzifəsində xidmət etdiyini, xx.xx.2023-cü ildə N nömrəli həbi hissə komandirinə raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etdiyini bildirmişdir. xx.xx.2024-cü ildə eyni məzmunlu ərizə ilə Müdafiə Nazirinin müavini-X3 Komandanına müraciət etmiş, xx.xx.2024-cü ildə onun müraciəti cavablandırılaraq Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyac, onun xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alınaraq həqiqi hərbi xidmətdə qalaraq xidmətinə davam etməsinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir. Həmçinin, “Hərbi qulluqçuların statusu haqqında", “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnmənin 156-cı maddəsində dəyişiklik edilərək aşağıdakı məzmundə “Qeyd” əlavə edilmişdir: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi uzrə əlavə təhsil müddəti (bir ildən cox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.” Bununla da, öz arzusu ilə ehtiyata buraxılmaq üçün 10 il zabit kimi xidmət etmiş hərbi qulluqçular, həmin 10 il ərzində 1 ildən artıq müddətə Ali təhsil müəssisələrində magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsil aldıqda həmin müddət onların öz arzuları ilə ehtiyata buraxılma hüququ qazanmaq üçün tələb olunan 10 il müddətinə daxil edilmir. İddiaçı 24.06.12-ci il tarixdən zabit qismində Azərbaycan Ordusunda xidmətə başlamış, 22.09.13-cü ildən 07.01.19-cu ilədək 5 il 3 ay 16 gün Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində Rezidentura təhsili almışdır. Zabit qismində ümumi xidməti xx.xx.2012-ci ildə başlamış, məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixə xidmət müddəti 11 il 10 ay 12 gün olmuşdur. Yuxarıda qeyd olunan qanunun tələblərinə əsasən həmin müddətdən 5 il 3 ay çıxdıqda isə 6 il 7 ay müddət qalır. Qanunda edilmiş dəyişikliyə əsasən iddiaçı öz arzusu ilə ehtiyata buraxılması üçün 3 il 5 ay daha xidmət etməlidir. Cavabdeh qeyd olunanları və Azərbaycan Ordusunda kadr zabit heyətinə olan tələbatı nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 12 iyul 2024-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X4 məhkəmənin dəftərxanasına 11 iyul 2024-cü il tarixdə daxil olmuş ərizə göndərərək 12 iyul 2024-cü il tarixə təyin olunmuş iclasda xidməti zərurətlə əlaqədar iştirak edə bilməyəcəyini nəzərə alıb məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Təcili yardım və tibbi təxliyyə bölməsinin baş ordinatoru tibb xidməti mayoru İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 12 iyun 2023-cü il tarixli raportun surətindən görünür ki, İddiaçı onun Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 10 (on) təqvim ili olduğuna görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Təcili yardım və tibbi təxliyyə bölməsinin baş ordinatoru tibb xidməti mayoru İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 28 noyabr 2023-cü il tarixli raportun surətindən görünür ki, İddiaçı onun Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 10 (on) təqvim ili olduğuna görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Təcili yardım və tibbi təxliyyə bölməsinin baş ordinatoru tibb xidməti mayoru İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-X3 komandanı generalpolkovnik Kərəm Mustafayevə ünvanlanmış 09 aprel 2024-cü il tarixli şikayət ərizəsindən məlum olur ki, İddiaçı ilk dəfə xx.xx.2023-cü il tarixdə komanda üzrə raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə(öz arzusu ilə) əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etmişdir. Raportuna əsasən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə hərbi hissə komandiri tərəfindən onunla söhbətləşmə aparılmış və xx.xx.2023-cü il tarixdə Hərbi Həkim Komissiyasından keçərək sənədləri hazırlanaraq X1 göndərilmişdir. Lakin təqdimatının icrası barədə heç bir məlumat verilməmişdir. İkinci dəfə təkrar xx.xx.2023-cü il tarixdə komanda üzrə ehtiyata buraxılmağı barədə hərbi hissə komandirinə raportla müraciət etmişdir. xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə onunla söhbətləşmə aparılmış, xx.xx.2023-cü il tarixdə Hərbi Həkim Komissiyasından keçərək sənədləri hazırlanaraq X1 göndərilmişdir. Lakin hələ də təqdimatının icrası barədə ona heç bir məlumat verilməmişdir. İddiaçı onun xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə(öz arzusu ilə) əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin tibb xidməti mayoru İddiaçı ünvanlandığı 24 aprel 2024-cü il tarixli, 1383 nömrəli məktubdan məlum olur ki, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, İddiaçı peşəkar həkim kimi xidmətini, xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alıb komandanlıq onun həqiqi hərbi xidmətdə qalıb xidmət etməsini tövsiyə edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N may 2024-cü il tarixli, 554 nömrəli arayışının surətindən görünür ki, tibb xidməti mayoru İddiaçı xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası Silahlı qüvvələrində həqiqi hərbi xidmətdədir və xx.xx.2012-ci il tarixdən Azərbaycan Ordusunda zabit kimi (xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək N nömrəli hərbi hissədə; xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində; xx.xx.2019-cu il tarixdən hal hazırki vaxtadək N nömrəli hərbi hissədə) həqiqi hərbi xidmət keçmişdir, həmçinin N nömrəli hərbi hissədə xx.xx.2019-cu il tarixdən hal hazırki vaxtadək təcili yardım və tibbi təxliyyə bölməsinin baş ordinatoru vəzifəsində xidmət edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 21 iyun 2024-cü il tarixli 2068 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli raportları ilə bağlı inzibati icraat aparılmamışdır. - 25 avqust 2023-cü il tarixli, ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki İddiaçı xx xxxxxx 1988-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 160-cü maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: ... zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 2014-cü il tarixli 27 mart qərarında qeyd edilmişdir ki: “...Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. ...Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. ...Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır”. Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış, 2024-cü il yanvarın 1-dən qüvvədə olan, 22 dekabr 2023-cü il tarixli, 1074-VİQD nömrəli “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun: 2.4.2-ci maddəsinə əsasən aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir. “Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.”; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasıdır. İddiaçının Azərbaycan Orusunda zabit zabit qismində təqvim hesabı ilə 10 ildən artıq xidmət etməsi işin mübahisəsiz halıdır. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq xidmət etmiş zabit kimi İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. İddiaçı ilk dəfə xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissə komandirinə raportla müraciət edərək Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə vəsatət qaldırılmasını xahiş etmişdir. İddiaçının həmin raportu qeydə alınmış, lakin icrası barədə ona heç bir məlumat verilməmişdir. Sonradan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən iddiaçıya ünvanlanan 24 aprel 2024-cü il tarixli məktubla hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyac, peşəkar həkim kimi xidməti, xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alınıb onun həqiqi hərbi xidmətdə qalıb xidmət etməsi tövsiyə edilmişdir. Halbuki iddiaçının ilkin müraciətindəın sonra inzibati icraat qaydasında, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə uyğun olaraq hərbi qulluqçu buraxılmaya iki ay qalmış xəbərdar edilməli, xidmət keçmə barədə məlumatlar dəqiqləşdirilməli, xidmət illəri hesablanılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilməli, ən azı iki fərdi söhbət aparılımalı, hərbi qulluqçunun xahişləri aydınlaşdırılmalı və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul edilməli (və s.) idi. (161- 162) Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında “Hərbi xidmətkeçmə haqqında” Əsasnmənin 156-cı maddəsində edilmiş dəyişikliyi əsas gətirərək, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması üçün 3 il 5 ay daha xidmət etməli olduğuna istinad edir. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqument əsassız olmuşdur. Qeyd olunmalıdır ki həmin qanun 2024-cü il yanvar ayının 1-dən qüvvədədir. Yəni, hazırda məhkəmənin həll etməli olduğu məsələ qanunun geriyə qüvvəsini tətbiq etmək deyil. Çünki müvafiq normaya sonradan qeyd hissəsinin əlavə olunması, zamanında öz öhdəliyini yerinə yetirməmiş inzibati orqanı bu öhdəliyi yerinə yetirmək vəzifəsindən azad etmir. Həmçinin hazırkı iş üzrə cavabdehin mövqeyi yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun məsələyə dair formalaşdırdığı hüquqi mövqeyə də uyğun deyildir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2023-cü il tarixli raportuna əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli raportuna əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-1079/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1079/2024
12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver