Məhkəmə qərarları › İş №2-1(122)-1079/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1079/2025

02.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1079/2025 02.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "cavabdehin "Eşitmənin konduktiv və neyrosensor itirilməsi" diaqnozlu xəstəliyinin inkar edilməsi barədə onun barəsində olan 07 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, onun yenidən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-сi tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə uyğun olaraq hərbi xidmətə yararlığının müəyyən edilməsi üçün hərbi həkim komissiyasından keçirilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hərbi Həkim Ekspert Komissiyasının onunla bağlı qəbul etdiyi "hərbi xidmətə yararlıdır" qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və tibbi sənədlər əsasında onun sülh dövründə hərbi xidmətə yararsız kateqoriyasına salınmağını təmin edən qanuni qərarın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildən son yoxlanışadək sol qulağında olan eşitmə zəifliyinə və göz zəifliyinə görə müddətli hərbi xidmətə yararsız hesab edilmişdir. 2025-ci ildə çağırış əsasında hərbi müayinədən keçmişdir. Tibbi sənədlərə əsasən onun 3-cü dərəcəli eşitmə zəifliyi mövcuddur. Bu hal, mövcud qanunvericiliklə - "Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə"yə əsasən sülh dövründə hərbi xidmətə yararsız kateqoriyasına salınır. Lakin DTSERA-nın təkrar yoxlanması zamanı onun müddətli hərbi xidmətdə yararlı hesab ediblər. Verilən qərara narazılığını bildirir və DTSERA-nın Apelyasiya Şurasına təkrar yoxlanış üçün məktub yazmışdır. Ona heç bir cavab verilmədən qərarın qəbul edildiyini və razı olmadığı halda məhkəməyə müraciət etməyini bildiriblər. Bu qərar onun hüquqlarını pozur və qanunvericiliyə ziddir. Əlavə etdiyi tibbi sənədlər (ixtisaslaşmış həkim rəyləri) onun 3-cü dərəcəli eşitmə zəifliyi olduğunu sübut edir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Hərbi Həkim Ekspert Komissiyasının onunla bağlı qəbul etdiyi "hərbi xidmətə yararlıdır" qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və tibbi sənədlər əsasında onun sülh dövründə hərbi xidmətə yararsız kateqoriyasına salınmağını təmin edən qanuni qərarın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(112)-12228/2025 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinin tələbinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 02 mart 2026-cı il tarixə təyin edilərək məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq, yardım məktubları ünvanlanaraq iddia tələbinin aydın ifadə edilmədiyi və qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti buraxılmaqla məhkəmədə iddia qaldırıldığı bildirilmiş, iddia tələbinin dəqiqləşdirilməsi və iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə təqdim edərək cavabdehin "Eşitmənin konduktiv və neyrosensor itirilməsi" diaqnozlu xəstəliyinin inkar edilməsi barədə onun barəsində olan 12 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, onun yenidən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008сi tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə uyğun olaraq hərbi xidmətə yararlığının müəyyən edilməsi üçün hərbi həkim komissiyasından keçirilməsi barədə qərar qəbul edilməsini, həmçinin ərizədə texnik səhvlik olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi yazılmış cavabdehin adının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi, 12 mart 2025-ci il kimi yazılmış qərarın tarixinin 07 mart 2025-ci il kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ona göndərilən yardım məktublarından xəbərdar olduğunu, 9 aydır hərbi xidmət etdiyini, hərbi xidmətin normal getdiyini, mübahisələndirmə haqqında iddialarda müddət tətbiq edilməsindən xəbərdar olmadığını, bu səbəbdən iddia müddətini buraxdığını, iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübutunun olmadığını bildirib, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbi düzgün ifadə olunmamışdır. Lakin iddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olur ki, iddiaçının hüquqi marağı cavabdehin "Eşitmənin konduktiv və neyrosensor itirilməsi" diaqnozlu xəstəliyinin inkar edilməsi barəsində olan 07 mart 2025-ci il tarixli qərarının ləğv edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin "Eşitmənin konduktiv və neyrosensor itirilməsi" diaqnozlu xəstəliyinin inkar edilməsi barədə onun barəsində olan qərarının ləğv edilməsini xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 sentyabr 2025-ci il tarixli, 3-17-4/2-25178/2025 nömrəli məktubundan aydın olur ki, həyata keçirilmiş yekun tibbi müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq “Eşitmənin konduktiv və neyrosensor itirilməsi” diaqnozu inkar edilərək göndərişdə (Forma-44) göstərilən yararsızlıq səbəbinin heç bir kateqoriya (hərbi xidmətə yararlı) üzrə təsdiqlənməməsinə dair xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı dair tibbi qiymətləndirmə sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 noyabr 2025-ci il tarixli məktubundan məlum olur ki, 25 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Babək rayon şöbəsi tərəfindən çağırılmış, xx.xx.1995-ci il təvəllüdlü müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı hal-hazırda N nömrəli hərbi hissədə xidmət edir. Məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı qeyd etmişdir ki, hərbi xidmətdə olduğu müddətdə onun xidmətə yararlılığının müəyyən edilməsi məqsədilə o, xidmət etdiyi hərbi hissə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hospitalda müayinə olunmaq üçün Bakı şəhərinə göndərilmiş və müayinənin nəticəsində hərbi xidmətə yararlı olduğu bildirilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni qərarın ləğv edilməsi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti 3 (üç) ay ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisələndirilən qərardan xəbərdar olmuşdur. Belə ki, həmin qərar barədə məlumatlı olmuş, iddiaçı bu qərara əsasən həqiqi hərbi xidmətə yararlı hesab edilmiş və hal-hazırda N nömrəli hərbi hissədə xidmət edir. Məhkəmə hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı olduğu tarixdən başlamış, lakin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı 20 iyun 2025-ci il tarixdə daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (3 ay) sonra məhkəmədə iddia qaldırdığından qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddiaçının məhkəməyə verdiyi izahatında istinad etdiyi səbəblər, mübahisələndirmə haqqında iddialarda müddət tətbiq edilməsindən xəbərdar olmaması və cavabdehə yazdığı şikayət ərizəsinin cavabını gözləməyi müddətin buraxılmasına haqq qazandıra və mübahisə ilə bağlı işin hazırlıq icraatına keçirilməsi üçün yetərli sayıla bilməz. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "cavabdehin "Eşitmənin konduktiv və neyrosensor itirilməsi" diaqnozlu xəstəliyinin inkar edilməsi barədə onun barəsində olan 07 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, onun yenidən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008сi tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə uyğun olaraq hərbi xidmətə yararlığının müəyyən edilməsi üçün hərbi həkim komissiyasından keçirilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "cavabdehin "Eşitmənin konduktiv və neyrosensor itirilməsi" diaqnozlu xəstəliyinin inkar edilməsi barədə onun barəsində olan 07 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, onun yenidən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-сi tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə uyğun olaraq hərbi xidmətə yararlığının müəyyən edilməsi üçün hərbi həkim komissiyasından keçirilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar